Milli Məclisin deputatı AŞ PA-da azərbaycanlı qaçqınlardan bəhs etmişdir

 

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasının üçüncü günü Xorvatiyadan olan məruzəçi Miljenk Doriçin "Müharibə cinayətlərinin aradan qaldırılması sahəsində Avropa Şurasına üzv ölkələrin əməkdaşlığı" adlı hesabatı ətrafında keçən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış etmişdir. Deputat demişdir:

- Çox təəssüf ki, Ermənistan nümayəndə heyətinin üzvü xanım Zöhrabyan bu məruzəni bir tərəfə qoyaraq Azərbaycanın əleyhinə yenə də yalan və böhtanlarla dolu məlumatlar səsləndirir. Onun səsləndirdiyi fikirlərin heç biri nə BMT, nə AŞ, nə Avropa Parlamenti, nə də ki, insan hüquqları üzrə beynəlxalq təşkilatların sənədlərində öz əksini tapmışdır. Amma əksinə, həmin təşkilatların sənədlərində AŞ PA-nın 1416 saylı qətnaməsində, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsində Ermənistan dövlətinin Azərbaycanın 20 faiz ərazilərini işğal etdiyi və həmin ərazilərdən bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı aydın şəkildə qeyd olunmuşdur. Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq də burada iştirak edir. Siz bu barədə cənab Hammarberqdən də soruşa bilərsiniz. Onun da çox yaxşı məlumatı vardır ki, nə qədər azərbaycanlı qaçqın və məcburi köçkün artıq 20 ilə yaxındır ki, öz evlərinə dönə bilmirlər. Onların öz evlərinə dönə bilmədikləri üçün hansı mənəvi əziyyətlər çəkdiklərini cənab komissar sizə söyləyə bilər. Bu özü elə insanlığa qarşı, dinc əhaliyə qarşı bir cinayət deyilmi, insan hüquqlarının total şəkildə pozulması deyilmi? Bundan başqa, Ermənistan silahlı qüvvələri minlərlə azərbaycanlını qətlə yetirmişdir.

Bütün bu deyilənləri sübutlu şəkildə nümayiş etdirmək üçün Qənirə Paşayeva Heydər Əliyev Fondunun nəşr etdirdiyi Xocalı soyqırımına dair şəkilləri AŞ PA salonunda avropalı parlamentarlara təqdim etmiş və erməni vəhşiliklərini əyani olaraq onlara göstərmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 6.