Azərbaycanın Avropa
Şurasına üzvlüyə qəbul olunmasının 10
illiyi münasibətilə ziyafət verilmişdir
Yanvarın 26-da Azərbaycanın Avropa Şurasına (AŞ) tamhüquqlu üzvlüyə qəbul edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-iqamətgahında ziyafət verilmişdir.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədov ziyafəti açaraq bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkəmizlə bağlı həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemini tam təfərrüatı ilə avropalılara çatdırmağın yeganə yolunu ölkəmizin bir çox beynəlxalq təşkilatlara, o cümlədən nüfuzlu Avropa Şurasına tamhüquqlu üzv olmasında görürdü. Ona görə də Azərbaycanın bu təşkilata üzv olmasını təkidlə tələb edir, bu yolda qarşıya çıxan bütün maneələrin aradan qaldırılmasına birbaşa rəhbərlik edirdi. Ulu öndərimizin səyi nəticəsində on il bundan əvvəl Azərbaycan AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul olunmuş, ulu öndər Heydər Əliyev dövlətimizin üçrəngli bayrağını təşkilatın iqamətgahı qarşısında qaldırmışdır.
A.Məmmədov qeyd etmişdir ki, ötən on ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyəti o qədər də asan olmamışdır. Nümayəndə heyətinin üzvləri ölkəmizin tərəqqisinə, orada gedən demokratik dəyişikliyə kölgə salmağa cəhd qöstərən qara qüvvələrə qarşı inamlı mübarizə aparmış, Azərbaycanın beynəlxalq aləmdə yüksəlməkdə olan imicini gözdən salmağa, ünvanına böhtanlar yağdırmağa səy göstərən erməni deputatlara və onların bəzi havadarlarına layiqli cavab vermişdir. Bu gün biz iftixarla deyə bilərik ki, çətin və ağır günlər artıq arxada qalmışdır. Azərbaycan AŞ-da layiqincə təmsil olunmaqdadır.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında bildirmişdir ki, Prezident İlham Əliyev AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə qurumdakı fəaliyyətin gələcək istiqamətlərini müəyyənləşdirmişdir. Hazırda nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş bu siyasəti uğurla davam etdirir, təşkilatın tribunasından bizi düşündürən, narahat edən məsələləri bütün Avropaya çatdırırlar. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olduğu bu illər ərzində ölkəmizlə qurum arasında sıx əməkdaşlıq yaranmışdır və bu, gələcəkdə daha da inkişaf etdiriləcəkdir.
S.Seyidov qeyd etmişdir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və onun qüdrətli bir ölkəyə çevrilməsi bütün dövlətlər tərəfindən qəbul olunur.
AŞ PA-da ilk fəaliyyətinə Türkiyə nümayəndə heyətinin üzvü kimi başladığını xatırladan qurumun sədri Mövlud Çavuşoğlu bu illər ərzində Azərbaycan nümayəndə heyəti ilə müəyyən sahələrdə əməkdaşlıq etməsindən, azərbaycanlı deputatların çox fəal olmalarından və böyük etimad qazanmalarından danışmışdır. AŞ PA ilə Azərbaycan arasında sıx əlaqələr yaranmasından bəhs edən sədr tarixi hadisə ilə əlaqədar nümayəndə heyətimizi təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır.
Avropa
Şurasının Baş katibi Torbern Yaqland əlamətdar
hadisə münasibətilə Azərbaycan xalqını təbrik
etmiş, ölkəmizlə qurum arasında birgə fəaliyyətin
bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə
etmişdir.
Azərbaycan.- 2011.-28
yanvar.- S. 6.