Vaşinqtonda "Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr" adlı sərgi açılmışdır

 

ABŞ paytaxtının mərkəzi "Edison Place Gallery" salonunda ABŞ-da yaşayan Azərbaycan mənşəli rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılmışdır. "Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr" adlı sərgi ABŞ-ın "Qarabağ" Fondunun dəstəyi ilə təşkil edilmişdir.

Sərginin açılış mərasiminə toplaşan çoxsaylı amerikalı sənətsevərlərin mühakiməsinə rəssamın yağlı boya ilə işlənən 60-a yaxın əsəri təqdim olunmuşdur.

Əbülfəz Bahaduri bildirmişdir ki, əsərlərində canlandırdığı rəngləri anadan olduğu doğma Təbrizdə min bir çalarlı xalçalardan beyninə köçürmüşdür. O demişdir: "Mənim babam Türkmənçay müqaviləsindən sonra Qarabağdan İrana köçmüşdür. Ailəm Təbrizdə yaşasa da, Qarabağın füsunkar gözəlliyi, zəngin mədəniyyəti, adət-ənənələri barədə evdə həmişə danışılırdı. Gördüyünüz əsərlər vətənimin bölünmüş rənglərinin xəyalımda canlanmasının əksidir."

"Xarı bülbül", "Azərbaycanlı çayçı", "Bakı dalanı", "Urmiyada üzümlük", "Xəzər sahili" və "Nar ağacı" kimi əsərlərdə Azərbaycan mədəniyyəti ilə ilk dəfə tanış olan bir çox amerikalı həm Şərq, həm də Qərb elementlərinin vəhdətinin şahidi olmuşlar. İsti və açıq rənglər bir-birinə qarışaraq dünyanın o biri tayından Qarabağın səfalı çöllərini, Təbriz bazarlarının çeşidli xalçalarını, Bakının küləkli küçələrini Vaşinqton tamaşaçılarının gözləri qarşısında canlandırmışdır.

Sərginin təntənəli açılış mərasimində çıxış edən "Qarabağ" Fondunun direktoru Diana Altman təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim etmiş, amerikalı sənətsevərləri növbəti 2011-ci ildə fondun təşkil edəcəyi Azərbaycan mədəniyyətini işıqlandıracaq digər sərgi və konsertlərə dəvət etmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 7.