Fərdi məlumatların informasiya sisteminin yaradılması qanunla tənzimlənir

 

28 yanvar Məlumatların Mühafizəsi Günüdür

 

Bu il dünya ölkələri Avropa Şurası tərəfindən 28 yanvar 1981-ci ildə Strasburq şəhərində qəbul edilmiş "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanın 30 illiyini qeyd edir. Konvensiya qəbul edildiyi gündən Avropada fərdi məlumatların mühafizəsi və konfidensiallığın qorunması üzrə əsas sənəd olmuşdur. Konvensiya Avropa Şurasına (AŞ) üzv olan 43 ölkə tərəfindən ratifikasiya olunmuşdur və AŞ-nin üzvü olmasından asılı olmayaraq hər bir ölkə tərəfindən imzalanmaq üçün açıqdır. 2009-cu ildə Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş və 2010-cu il sentyabr ayından etibarən ölkəmizdə qüvvəyə minmişdir.

Dünya ölkələrinin ictimaiyyətinin bu məsələyə diqqətini artırmaq məqsədilə artıq beşinci ildir Avropa Şurasının təşəbbüsü ilə 28 yanvar tarixi Məlumatların Mühafizəsi Günü (Data Protection Day) kimi qeyd olunur. Həmin gün dünyanın bir çox ölkələri məlumatların qorunması ilə bağlı məsələlərə aid müxtəlif xarakterli tədbirlər həyata keçirirlər.

Məlumatların Mühafizəsi Gününün qeyd olunmasında əsas məqsəd insanları bu məsələlər ilə bağlı maarifləndirmək, onlar haqqında hansı məlumatların hansı məqsədlərlə toplanıldığı və işlənildiyini anlamaq imkanını yaratmaq və toplanılan fərdi məlumatların subyektlərinə onların hüquqlarını başa salmaqdan ibarətdir. Həmçinin bu gün fərdi məlumatların toplanılması, işlənilməsini həyata keçirən qurumlarda onların mühafizəsinə və qanunun istifadəsinə diqqətin artırılması ilə bağlı tədbirlər də keçirilir.

Ümumiyyətlə, fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir.

Azərbaycanda da fərdi məlumatlarla əlaqədar yetərli dərəcədə qanunvericilik bazası mövcuddur. Belə ki, fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmək, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi 2010-cu ildə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, o cümlədən bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

4 iyun 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Fərdi məlumatlar haqqında" qanunun tətbiq edilməsi barədə imzalanmış fərmanda qanunun icrasının təmin edilməsi məqsədi ilə xüsusi tapşırıqlar verilmişdir. Fərmana müvafiq olaraq aidiyyəti dövlət orqanları tərəfindən "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları", "Fərdi məlumatların mühafizəsinə dair tələblər", "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə həmin informasiya sistemlərində olan məlumatların məhv edilməsi Qaydası" və "Dövlət qeydiyyatına alınması tələb olunmayan informasiya sistemləri" kimi sənədlər hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları" da təsdiq edilmişdir.

Yuxarıda adıçəkilən sənədlərlə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin qanunvericilik əsasları və ümumi prinsipləri, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələbləri, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması sahəsində mülkiyyətçi və operatorların üzərinə düşən vəzifələr və digər bu kimi məsələlər öz hüquqi əsasını tapmışdır.

Fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri, o cümlədən qanun qüvvəyə minənə qədər mövcud olan informasiya sistemləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) dövlət qeydiyyatından keçməlidir. Bu həm dövlət, həm yerli özünüidarə orqanlarına, həm də hüquqi və ya fiziki şəxslərə aid fərdi məlumatların informasiya sistemlərinə şamil edilir.

Qanuna əsasən Azərbaycan Respublikasında fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə əsasən yol verilmir. Lakin qanunda xüsusi istisna hallar da nəzərdə tutulmuşdur.

Dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərinin mülkiyyətçiləri "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na müvafiq qaydada RİTN-ə müraciət etməlidirlər. Dövlət qeydiyyatına alınmış informasiya sistemləri öz növbəsində fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilir. Bu barədə hər bir informasiya sisteminin mülkiyyətçisinə reyestrdən çıxarış verilir. Qanunvericiliklə müəyyən edilmiş hər hansı bir səbəbdən dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemlərində olan fərdi məlumatlar "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemlərində olan məlumatların məhv edilməsi Qaydası"na müvafiq olaraq məhv edilməlidir.

Ümumilikdə, fərdi məlumatların informasiya sistemləri yaradılarkən qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi məlumatların mühafizəsinə dair tələblərə əməl olunmalıdır.

Qanuna müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməlidir. Bu məqsədlə qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 dekabr 2010-cu il tarixdə imzalanmış fərmanla "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əlavələr edilmiş və müvafiq olaraq bu sahədə lisenziyanın verilməsi üzrə fəaliyyət RİTN-ə tapşırılmışdır.

Fərdi məlumatların subyektlərinin hüquqlarının mühafizəsinə gəldikdə, bu sahədə də qanunvericilikdə nizamlayıcı mexanizm qurulmuşdur. Artıq mövcud qanunvericilik hər bir şəxsə informasiya sistemində özü barəsində məlumatların mövcudluğu və həmin məlumatların əldə edilməsi mənbələri haqqında məlumat almaq, məlumatların məzmunu ilə tanış olmaq, məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək və digər hüquqlar verir. Bundan başqa, hər bir vətəndaş, barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə sözügedən qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilər.

Ümumilikdə yuxarıda sadalanan və fərdi məlumatlar üzrə qanunvericiliklə RİTN-ə tapşırılan digər vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırda RİTN-də müvafiq işlər aparılır. Bu məqsədlə RİTN-in strukturunda müvafiq idarənin yaradılması da nəzərdə tutulmuşdur.

Sonda məlumat üçün qeyd edək ki, Məlumatların Mühafizəsi Günü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

 

 

Müşfiq Əmirov,

Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyinin

Mətbuat Xidmətinin rəhbəri

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 7.