Azərbaycan Prezidentinin fəaliyyəti beynəlxalq səviyyədə dəyərləndirilir

 

Bu günlərdə dost və qardaş Rumıniyadan elə bu səmimi münasibətlərin bariz ifadəsi sayıla biləcək müjdə aldıq. Rumıniya və Cənub Şərqi Avropanın nüfuzlu jurnalı - "Balcanii şi Europa" ("Balkanlar və Avropa") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2010-cu ilin adamı elan edib. Bu barədə jurnalın 2010-cu il dekabr nömrəsində "İlin Adamı-2010-İlham Heydər oğlu Əliyev" sərlövhəli məqalə də dərc olunub. Məqalədə münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, həmçinin hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi xidmətlərinə görə əsaslandırıb. Regionun, eyni zamanda gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRMİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin də buna bariz nümunə olduğunu qeyd ediblər.

2000-ci ildən etibarən hər il bu mükafat beynəlxalq aləmdə, eyni zamanda həyatın müxtəlif sahələrində - siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları və mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslərə verilir. Münsiflər heyətinin ötən ilin yekunlarına görə "İlin Adamı" mükafatına Azərbaycan Prezidentini layiq görməsini ölkəmizin həm beynəlxalq arenada, həm də ölkə hüdudlarında əldə etdiyi uğurlara kənardan verilən yüksək qiymət kimi dəyərləndirmək olar. Müstəqilliyimizdən ötən 20 il ərzində Azərbaycan düşünülmüş şəkildə Qərbə geniş inteqrasiyasını nəinki möhkəmlətmiş, Avropa ailəsinin tamhüquqlu üzvü kimi inkişafında yeni mərhələnin təməlini qoymuşdur. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan önəmli rol oynayır. Heç bir dövlətin maliyyə dəstəyinə ehtiyacı olmayan ölkəmiz üçün lazım olan amil bütün ölkələrlə sıx inteqrasiya, xüsusən Avropa İttifaqı və bütövlükdə Avropa ölkələri ilə birgə daha çox proqramlar, qlobal layihələr gerçəkləşdirməkdir. Azərbaycan dünyada artıq qaz ixracatçısı kimi qəbul edilir. Avropa İttifaqına daxil olan ölkələrlə getdikcə möhkəmlənən enerji əməkdaşlığının yeni istiqamətlərinə nəzər saldıqda aydın olur ki, birgə görüləcək işlər, həyata keçiriləcək beynəlxalq əhəmiyyətli layihələr çoxdur.

Yaxın günlərdə Prezident İlham Əliyevlə Avropa Komissiyasının sədri arasında Azərbaycan qazının Avropaya ixracına dair razılığın imzalanmasının şahidi olduq. Bütün bunlardan sonra Azərbaycan Avropa üçün təkcə enerji mənbəyi deyil, həm də siyasi tərəfdaşdır, siyasi mövqe və söz sahibidir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Rumıniya Türkiyədən sonra ikinci dövlət olaraq ölkəmizi müstəqil dövlət kimi tanıdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Rumıniya-Azərbaycan əlaqələrinin daha da genişlənməsi və hərtərəfli inkişaf dövrü başladı. 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri bu əlaqələrin daha da genişlənməsinə şərait yaratdı. 1998-ci il iyunun

30-da Azərbaycan Respublikası ilə Rumıniya arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında Bəyannamə imzalandı.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə Buxarestə ilk rəsmi səfəri Rumıniya rəhbərliyi ilə görüşü iki ölkə arasında çoxsahəli əlaqələri yeni məzmun və keyfiyyət müstəvisinə qaldırdı. Həmin səfər zamanı qarşılıqlı münasibətlərin hüquqi bazasını təşkil edən saziş və müqavilələr imzalandı. Bakı və Buxarestin xarici siyasət prioritetlərini və inteqrasiya istiqamətlərinin eyniliyi tərəflər arasında strateji müttəfiqliyi zərurətə çevirdi. Rumıniya Prezidenti İon İliesku çıxışlarının birində demişdi: "Rumıniya ilə Azərbaycan arasında keçmişdən geniş əlaqələr olub. İkisi də neft ölkəsidir. Vaxtilə 50-ci illərdə Azərbaycan neftçiləri Rumıniyada neft sənayesinin inkişafına kömək etmişdilər. Gərək biz bu dostluğu, əməkdaşlığı və qarşılıqlı yardımlaşmanı yenidən inkişaf etdirək". Rumıniyalı rəsmilər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya-Azərbaycan münasibətlərinin inkişafı üçün göstərdiyi səyləri hər zaman yüksək dəyərləndirmişlər. Qeyd edək ki, bu əməkdaşlıq və dostluq ənənəsi uğurla davam edir. Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə rəsmi səfərdə olanda və digər beynəlxalq tədbirlərdə Rumıniya Prezidenti ilə görüşlərində ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə keyfiyyətcə yeni mərhələdə inkişaf etdiyini, qarşılıqlı inam və etimadın gücləndiyini bir daha təsdiqləmişdir. Prezident vurğulamışdır ki, rəsmi Buxarest Azərbaycanın Şərqi Avropadaki ən yaxın və ən etibarlı müttəfiqlərindən birinə çevrilmişdir. Eyni zamanda Rumıniya dünya enerji sektorunda mühüm mövqelərə çıxan respublikamızla əməkdaşlığın dərinləşdirilməsinə səmimi maraq göstərir, bu istiqamətdə bütün lazımi addımları atır.

2006-cı ilin yazında Prezident İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə rəsmi səfərdə olarkən ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair faydalı müzakirələr aparmışdır. Həmin il oktyabrın 11-də Rumıniya Prezidenti Trayan Baseskunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri zamanı isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş potensialdan daha səmərəli istifadə yollarının aranması, bir sıra mühüm saziş və razılaşmaların əldə olunması ilə yadda qaldı. 2007-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Buxarestdə işgüzar səfəri zamanı əlamətdar hadisələrdən biri də Heydər Əliyev Fondunun Rumıniyada nümayəndəliyinin açılması olmuşdur. Buxarestdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan bu addım ölkələrimiz arasında istər siyasi, istərsə də mədəni-humanitar sahələrdə əlaqələrin genişləndiyinə dəlalət edir.

Azərbaycan və Ruminiya bir sıra beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edirlər. Şərqi Avropanın aparıcı dövlətlərindən sayılan Rumıniya Azərbaycanın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmin edilməsi baxımından əlverişli geosiyasi məkandır.

Təkcə 2009-cu ildə Azərbaycanın Rumıniya ilə ümumi ticarət dövriyyəsinin həcmi 65.11 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 10.09 mln. ABŞ dolları, ixracın həcmi isə 55.02 mln. ABŞ dolları təşkil etmişdir. Bu dövrdə Rumıniya ilə xarici ticarət saldosu müsbət 44.93 mln. ABŞ dolları olmuşdur. Hazırda Azərbaycan və Rumıniya üzv olduqları BMT, AŞ, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar çərçivəsində əməkdaşlıq edir. NATO və Avropa İttifaqı kimi bir sıra Avratlantik strukturlara uğurla inteqrasiya olunurlar.

Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Anton Nikulescu çıxışlarının birində demişdir: "Rumıniya hər bir ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin tezliklə həll ediləcəyinə ümid edir. Biz bu məsələdə həmişə Azərbaycanın yanındayıq".

Azərbaycan Prezidentinə "İlin Adamı" mükafatının verilməsi rəsmi Bakı və Buxarest arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu göstərmiş oldu. Bu həm də dövlətimizin artan nüfuzundan və Rumıniya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafından xəbər verir.

 

 

R.RZALI

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 2.