Mədəniyyət və Turizm Nazirliyi beş yaşını qeyd etmişdir

 

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə nazirliyin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə çap edilmiş nəşr məhsullarından ibarət sərgi ilə tanış olmuşlar.

Baş nazirin müavini Elçin Əfəndiyev ölkənin mədəniyyət və turizm sahələrinin çoxminli kollektivlərini əlamətdar hadisə münasibətilə təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.

Elçin Əfəndiyev demişdir ki, nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli 800-dən çox tədbir keçirilmişdir. Görülmüş işlərin əyani sübutudur ki, bu gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir.

Natiq Azərbaycanın dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən, ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələrdən söz açmış, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin, incəsənətimizin inkişafındakı xidmətlərindən danışmışdır.

Baş nazirin müavini demişdir ki, son illər respublikamızda mədəniyyət və turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan ilə digər ölkələr arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün önəmli addımlar atılmışdır. Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, müasir mədəniyyət və turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülmüşdür.

Azərbaycan Turizm İnstitutunun fəaliyyətini yüksək qiymətləndirən E.Əfəndiyev demişdir ki, Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi əldə olunan uğurlara verilən yüksək qiymət və bu sahədə çalışanlara göstərilən böyük etimaddır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son beş ildə nazirlik tərəfindən mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində həyata keçirilən tədbirlərdən danışmışdır.

Prezident İlham Əliyevin mədəniyyətimizin təbliği və inkişafına böyük diqqət və qayğısından geniş söz açan nazir demişdir ki, son 5 ildə bu istiqamətdə 300-dək fərman və sərəncam imzalanmış, 5 Dövlət Proqramı qəbul edilmişdir. Nazirlik təşkil olunduğu 2006-cı ildən indiyədək dövlət rəhbərliyi tərəfindən mədəniyyət və turizmlə bağlı qəbul edilən qərarlar bu sahənin ahəngdar inkişafına, qazanılan nailiyyətlərə mühüm zəmin yaratmışdır. Ötən illər ərzində imzalanmış Prezident fərmanları və sərəncamları, qəbul olunmuş qanunlar və dövlət proqramları bunun bariz təsdiqidir.

Bildirilmişdir ki, son beş ildə mədəniyyət ocaqlarında maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrin qorunması, bərpası, inşası istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Bu müddətdə ölkəmizdə 49 muzey yaradılaraq istifadəyə verilmişdir. Nazirlik tərəfindən ötən müddətdə 200 adda yeni çap məhsulları nəşr olunmuş və nəşrlərin ümumi tirajı 1 milyonu ötmüşdür.

Hazırda ölkəmizdə həyata keçirilən ən mühüm layihələrin əksəriyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılır. Bu layihələrin sırasında mədəniyyət, incəsənət sahəsini əhatə edənlər də çoxluq təşkil edir. Son illərdə Heydər Əliyev Fondu tərəfindən mədəni sərvətlərimizin təbliği istiqamətində mühüm işlər görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu diqqətə çatdıran nazir Azərbaycanın birinci xanımının ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, indiyədək YUNESKO ilə elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanmış, tədbirlər həyata keçirilmişdir.

Cari ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə bağlı qarşıda duran mühüm vəzifələrdən söz açan natiq vurğulamışdır ki, ötən il ölkəmizə 1 milyon 900 min nəfər turist gəlmişdir ki, bu gözlənilən nəticədən də yüksəkdir.

Əbülfəs Qarayev bildirmişdir ki, bu ilin yazında ölkəmizdə mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbir keçiriləcəkdir. Artıq bu tədbirə ciddi hazırlıq işləri görülür. Biz bundan sonra da Azərbaycan Prezidentinin tapşırıqlarını əsas tutaraq işimizi günün tələbləri səviyyəsində quracağıq.

Tədbirdə çıxış edənlər nazirliyin kollektivini əlamətdar hadisə münasibətilə təbrik etmiş və yeni uğurlar arzulamışlar.

Sonda nazirliyin fəaliyyətini əks etdirən videomaterial nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S.2.