AŞ PA-da Xocalı soyqırımının ildönümü ilə bağlı yazılı bəyannamə qəbul edilmişdir

 

Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın XX əsrin ən qanlı faciəsi - Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırladığı və Assambleyadakı müxtəlif ölkələrdən olan 25-dən artıq deputatın imzaladığı bəyannamə AŞ PA tərəfindən 469 sayı altında qəbul edilmişdir.

Bəyannamədə deyilir: "Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. Bu dəhşətli və amansız soyqırımı bəşəriyyətin tanıdığı ağlasığmaz terror aktlarından biridir. 19 il bundan əvvəl - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Azərbaycanın Xocalı şəhərinə hücum etmiş və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə görə vəhşiliklə qətlə yetirərək soyqırımı törətmişlər. Soyqırımı zamanı 613 insan - 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı şəxs amansızlıqla qətlə yetirilmiş, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdir. 1.275 nəfər əsir alınmışdır. 120 insan barəsində isə bu günədək məlumat yoxdur. Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə yeksan edilmişdir.

Yuxarıda sadalanan faktlar yalnız Azərbaycana deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bu cinayətlə bağlı ədalətli siyasi və hüquqi qiymətin verilməsini tələb edir".

AŞ PA-nın 469 saylı bəyannaməsi ingilis və fransız dillərində qurumda yayılmaqla yanaşı, Assambleyanın sessiyasında da elan edilmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞ PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsini bir daha qaldırmış, avropalı deputatlara bu barədə ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı kitablarda verilmiş fotoları əyani şəkildə nümayiş etdirmişlər.

Azərbaycanlı deputatlar Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın insanlığa qarşı böyük bir cinayət kimi tanınmasına və bu vəhşiliyi törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün AŞ PA-nın səylərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.