Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir

 

Yanvarın 27-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında gündəliyə təcili məsələ kimi salınmış "Yaxın Şərqdə xristianlara qarşı təhdid" mövzusu ətrafında müzakirələr aparılmışdır. Azərbaycanlı deputatlar müzakirələr zamanı çıxış edərək bu məsələdə Azərbaycanın mövqeyini açıqlamışlar.

Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxışında dinlər və mədəniyyətlərarası dialoqla bağlı Heydər Əliyev Fondunun gördüyü böyük işləri sessiya iştirakçılarının diqqətinə çatdıraraq demişdir: Biz dinlər və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi üçün çox çalışmalıyıq. Mən öz ölkəmin bu sahədə apardığı işlər barəsində məlumat vermək istəyirəm.

Azərbaycan Şərqlə Qərb arasında bir körpü olaraq bu məsələyə mühüm diqqət verir. Buna görə də Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibət vardır. Təbii ki, bu da xalqımızın və dövlətimizin gələcəyi baxımından çox önəmlidir. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, sovetlər dövründə kommunist rejimi tərəfindən dağıdılmış kilsələr, məscidlər, sinaqoqlar Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən tikilərək və yaxud bərpa edilərək xristian və yəhudi icmalarının istifadəsinə verilmişdir. Ölkəmiz bu sahədə ciddi işlər görmüşdür. Vurğulayıram ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, etnik təmizləmə siyasəti aparmasına, bir milyon azərbaycanlını doğma yurdlarından didərgin salmasına, minlərlə azərbaycanlını vaxtilə Azərbaycanın torpaqları olmuş Ermənistandan qovmasına baxmayaraq, bütün dinlərə və mədəniyyətlərə tolerantlıq göstərən Azərbaycan xalqı Bakıdakı erməni kilsəsinə toxunmamışdır. Bu gün Azərbaycanda qarışıq nikaha görə minlərlə erməni yaşayır. Təəssüf ki, biz eyni vəziyyəti Avropa Şurasının üzvü olan Ermənistanda görə bilmirik. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımızın tarixlər boyu qurub yaratdığı abidələri, məscidləri, mədəniyyət ocaqlarını dağıtmış və barbar hərəkətlərini bu gün də davam etdirir. İstər Avropa Şurasının üzvü olan dövlətlərin daxilində, istərsə də dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində daha çox işlər görülməlidir. Bu sahədə böyük təcrübəsi olan Azərbaycanı misal gətirmək istəyirəm. Bizim ölkədə həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən dinlər və mədəniyyətlərarası dialoq sahəsində çoxlu sayda tədbirlər keçirilir. Bu tədbirlər, sadəcə, Azərbaycan daxilində, Azərbaycan əhalisinə yönələn tədbirlər deyil, beynəlxalq miqyası əhatə edir. Azərbaycan dövləti və Heydər Əliyev Fondu bir çox irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu sahədə bir model olaraq digər ölkələrə örnək ola bilər.

Biz Avropa Şurasının üzv ölkələrini dinə və mədəniyyətlərə münasibətdə gələcəkdə xoşagəlməz hallara yol verməmək üçün Azərbaycandan nümunə götürməyə çağırırıq.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Aydın Abbasov müzakirə olunan mövzuya münasibəti aşağıdakı sözlərlə ifadə etmişdir: Ötən illərin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sahəsində Azərbaycan nadir bir dövlətdir. Müxtəlif millətlərin nümayəndələrinin mehriban və dostluq şəraitində yaşadıqları Azərbaycanda bütün dinlərə, dillərə və mədəniyyətlərə xüsusi qayğı göstərilir, hökumət tərəfindən onlara dinlərini və mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür kömək göstərilir. Azərbaycanın bu sahədəki tolerantlığı digər ölkələr üçün əsl nümunədir. Bu fikri ölkəmizə səfər etmiş görkəmli siyasi xadimlər də dəfələrlə etiraf etmişlər.

Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu fakt özlüyündə Azərbaycanın 10 il ərzində Avropa Şurasının tamhüquqlu, eyni zamanda İslam Konfransı Təşkilatının üzvü olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

1999-cu ildən etibarən Azərbaycanda tolerantlıq günü təntənəli şəkildə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə xalqımızla dostluq şəraitində yaşayan bütün dini icmaların nümayəndələrini milli bayramları münasibətilə hər il təbrik edir. Bu, öz növbəsində Azərbaycanın bütün dinlərə münasibətdə tolerantlıq göstərdiyinə bir daha bariz nümunədir.

Biz fərqli dini təriqətlər arasında birgə tədbirlərin təşkili istiqamətində bütün səylərimizi işə salmalı, insanlar və dinlər arasında qarşıdurma yaratmamalı, əksinə, belə təzahürlərə qarşı ciddi mübarizə aparmalıyıq.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.