Trayan Besesku: Biz hər sahədə Azərbaycanı dəstəkləyirik

 

Bu fikri AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə birlikdə Rumıniya Prezidenti Trayan Besesku jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləmişdir.

Rumıniya Prezidenti Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyü məsələsinə və Azərbaycan-Rumıniya əlaqələrinə toxunarkən demişdir: Siz bilirsiniz ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır. Biz hər sahədə əməkdaşlıq edirik. Rumıniya yeganə ölkədir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi dövlətləri ilə bir yerdə müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu dövlətlər Avropaya inteqrasiya yolunu seçsələr, Avropa bazarlarına çıxmaq istəsələr, biz onlara "Xoş gəlmisiniz!" deyəcəyik və lazımi dəstəyi göstərəcəyik. Gələcəkdə bu ölkələrin də Avropa cəmiyyətinin bir üzvü olmasını istərdik.

Azərbaycanın xəritəsinə nəzər yetirdikdə bu ölkənin enerji resursları ilə zənginliyi dərhal nəzərə çarpır. Rumıniya uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir və biz, əlbəttə, belə əməkdaşlıqdan razıyıq. Biz hər sahədə Azərbaycanı dəstəkləyirik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.