Nyu-Yorklu konqresmen 20 Yanvarla bağlı bəyanatla çıxış etmişdir

 

Qanlı Yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı daha bir ABŞ konqresmeni bəyanatla çıxış etmişdir.

Nümayəndələr Palatasında Azərbaycanla bağlı işçi qrupunun üzvü, Nyu-York ştatının Konqresdəki təmsilçisi Edolfus Tauns bəyan etmişdir ki, 1990-cı il yanvarın 19-dan

20-nə keçən gecə 26 min nəfərlik sovet qoşununun Bakıya tanklar və zirehli texnika ilə hücumu nəticəsində baş verən Qara Yanvar faciəsini anan Azərbaycan xalqına qoşulur.

Tarixi hadisələrin qurbanlarını xatırlayan konqresmen demişdir ki, ABŞ-ın "Human Rights Watch" təşkilatı Bakıya təcavüz zamanı tibbi heyət, təcili yardım maşınları və hətta xəstəxanalara edilən hücumları pisləmişdir. Sovet əsgərləri tərəfindən həyata keçirilən bu cəzalandırma totalitar rejimi xilasetmə cəhdi və tək Azərbaycan deyil, digər sovet respublikalarına xəbərdarlıq məqsədi daşısa da, Qara Yanvar Azərbaycanda əks nəticə vermişdir - Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsində daha da sıx birləşmişdir.

Nyu-Yorklu konqresmen vurğulamışdır ki, bu gün Azərbaycan çiçəklənən bir dövlətə çevrilərək bölgədə enerji təhlükəsizliyinin möhkəmlənməsində, terrorizm və ekstremizmin qarşısının alınmasının təmin edilməsində Birləşmiş Ştatların vacib tərəfdaşıdır.

E. Tauns demişdir: "Mən, Azərbaycan xalqına dostluğuna görə minnətdarlığımı bildirir, Azərbaycanın gələcəyi uğrunda həyatlarını qurban verənlərin ailələrinə başsağlığımı və dualarımı çatdırıram. Birləşmiş Ştatlar Azərbaycan və bölgədə olan digər dövlətlərlə insan haqlarının və qanunun aliliyinin təmin edilməsi, sabitliyin qorunması, təsisatların möhkəmlənməsi və münaqişələrin həlli istiqamətində birgə işini davam etdirəcəkdir".

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.