Azərbaycanda alternativ enerji mənbələrindən
istifadə üçün potensial imkanlar çoxdur
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında bu mənbələrdən səmərəli
istifadənin vacibliyini bir daha vurğulamışdır
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutur, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsinə səfərbər edir. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim əsas tutulur.
Hələ hökumətin 2003-cü il 17 noyabr tarixində keçirilmiş ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik" - deyən dövlət başçısı İlham Əliyev ötən 7 ildə görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar hər rüb üzrə iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin uğurlarının ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir.
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası da bir daha göstərdi ki, uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qorumuşdur. Eyni zamanda respublikamız inkişafının elə həlledici mərhələsindədir ki, əldə olunmuş makroiqtisadi uğurlar əhalinin sağlamlığı, ekoloji tarazlığın qorunması ilə bağlı tədbirləri uğurla reallaşdırmağa imkan verir. Hökumətin son iclasında respublikanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarla yanaşı, "Ekologiya ili" elan olunmuş 2010-cu ildə bu sahədə görülmüş işlərə də toxunulmuş, onların davam etdirilməsi vacibliyi bildirilmişdir.
Bu gün respublika əhalisinin təqribən 40 faizi, sənaye potensialının isə 70 faizi Abşeron yarımadasında cəmləşdiyindən, bu inzibati rayonun üzləşdiyi ekoloji problemlərin həlli xüsusilə aktualdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev insanların sağlamlığını əsas götürərək ekoloji problemlərin həllinə xüsusi qayğı göstərir. Abşeron yarımadasında, o cümlədən Azərbaycanın digər regionlarında mövcud ekoloji problemlərin planlı surətdə həlli məqsədilə dövlət başçısı hələ 2006-cı il 28 sentyabr tarixində "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etmişdir. Cənab İlham Əliyevin 30 oktyabr 2007-ci il tarixli "Avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması" haqqında sərəncamı da paytaxtın yaşıllaşdırılması baxımından vacib əhəmiyyətli sənəddir. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli "Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə isə paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılmışdır.
Məlumdur ki, ekoloji problemlərin həlli baxımından alternativ enerji mənbələrindən istifadə müasir dünyada əksər ölkələri düşündürən məsələlərdəndir. Karbohidrogen ehtiyatlarının tükənməsinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün alternativ və bərpa olunan enerji mənbələrinin tapılması zərurəti indi dünya alimlərinin də birmənalı qənaətidir. Bu istiqamətdə müsbət təcrübə də mövcuddur, bir sıra ölkələrdə günəş, külək, habelə digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.
Son illər Azərbaycan da bu
prosesin fəal iştirakçısıdır. İlin əksər
günləri Günəş istisi ilə qızınan Azərbaycan
özünün əlverişli təbii şəraiti ilə
kifayət qədər alternativ və bərpa olunan enerji
potensialına malikdir. Təəssüf ki, dövlət
başçısının imzaladığı fərman və
sərəncamlara rəğmən, aidiyyəti dövlət
qurumları bu istiqamətdə hələ lazımi fəallıq
göstərmirlər. Dövlət başçısı
Nazirlər Kabinetinin son iclasında bununla bağlı
demişdir: "...Bərpa olunan digər enerji mənbələrindən
istifadə üçün daha da ciddi tədbirlər
görülməlidir. Bu vəzifəni mən keçən
ilin əvvəlində qoymuşam, üstündən bir il
keçibdir. Hələ ki, bizim, demək olar, nə günəş,
nə külək enerji qurğularımız var. Varsa da,
çox cüzi xarakter daşıyır. Mən hesab edirəm
ki, biz il ərzində bu sahədə müəyyən
işlər görə bilərdik. Təəssüf edirəm
ki, buna nail ola bilməmişik. 2011-ci ildə Azərbaycanda
günəş batareyalarının
quraşdırılması işinə mütləq
başlanmalıdır. Mən bilirəm ki, Azərbaycanda
günəş batareyaları istehsal edən müəssisələr
də tikiləcək, özəl sektor da buna maraq göstərir.
O müəssisələr tikilənə qədər biz xaricdən
günəş batareyaları almalıyıq".
Xatırlatmaq yerinə
düşər ki, dünya təcrübəsindən
geniş istifadə etməklə ölkədə mövcud
alternativ və bərpa olunan enerji mənbələri
hesabına yeni enerji güclərinin yaradılmasını təmin
etmək məqsədilə 21 oktyabr 2004-cü ildə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı"
təsdiqlənmişdir. Dövlətin bu sahə üzrə
müəyyən etdiyi siyasətin həyata keçirilməsi
üçün müvafiq dövlət qurumu - Sənaye və
Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi yaradılmışdır.
Ənənəvi enerji mənbələrinin
tədricən tükənməsini və onlardan istifadə
zamanı ətraf mühitə dəyən ziyanı nəzərə
alaraq, dünyanın bir sıra inkişaf etmiş ölkələrində
ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan
enerji mənbələrindən bir neçə onillikdir ki,
istifadə edilir. Belə mənbələr sırasında
günəş və külək enerjisi, kiçik su elektrik
stansiyaları, termal sular, biokütlə enerjisi populyardır.
Göstərilən enerji mənbələrindən istifadə
sahəsində ABŞ-ın, Kanadanın, Almaniyanın,
Finlandiyanın, Norveçin, Danimarkanın, İspaniyanın,
Yaponiyanın və Çinin daha üstün olduğu nəzərə
çarpır. Aparılan statistik hesablamalara əsasən,
dünyanın inkişaf etmiş ölkələrində
ümumi istehsal edilən enerjinin tərkibində, su elektrik
stansiyaları də daxil olmaqla alternativ enerji mənbələrinin
payı təxminən 13,5 faizdir.
Külək enerjisi bərpa
olunan enerji mənbələri arasında xüsusilə
mühüm yer tutur. Onun enerjisindən istifadəyə görə
dünya ölkələri arasında liderliyi Almaniya edir.
Bərpa olunan enerji mənbələri
haqqında qanunun qəbulu həmin ölkədə külək
enerjisindən istifadə prosesinə güclü təkan
vermişdir. İndi Almaniyada təkcə külək enerjisi
qurğularının istehsalı, quraşdırılması
və istismarı sahəsində 35 mindən çox
işçi çalışır.
Elektrik enerjisinin
istehsalında suyun potensialı da ekoloji baxımdan yüksək
dəyərləndirilir. 1990-cı ildən başlayaraq
Günəş enerjisinin
birbaşa istilik enerjisinə çevrilməsinə gəlincə,
dünyada bu təcrübə də getdikcə genişlənir,
əksər inkişaf etmiş ölkələrdə enerji
strategiyasının başlıca istiqamətlərindən
biri kimi nəzərdən keçirilir. Bu gün ABŞ-da,
Almaniyada, Yaponiyada, Çində günəş enerjisini
birbaşa elektrik enerjisinə çevirən günəş
stansiyalarının əsas işçi elementinin
hazırlanması üçün yüksək səmərəliliyə
malik texnologiyalar tətbiq edilir.
Xarici təcrübəni əks
etdirən məlumatlardan da göründüyü kimi, Azərbaycan
hazırda dünya ölkələrində istifadə olunan
bütün enerji mənbələri üzrə geniş
imkanlara malikdir. Özünün maya dəyərinə, ekoloji
təmizliyinə və tükənməzliyinə görə
külək enerjisi digər alternativ enerji mənbələri
sırasında ən sərfəlisidir. Paytaxtının
adı bir çox tarixi qaynaqlarda "Badi-kubə - küləklər
şəhəri" kimi yozulan Azərbaycanın bu sahədəki
potensialı kifayət qədər böyükdür.
Aparılan hesablamalar Azərbaycan Respublikasının
özünün coğrafi vəziyyətinə, təbii
şəraitinə və iqtisadi infrastrukturuna görə 800
MVt-a yaxın illik külək enerji ehtiyatına malik
olduğunu göstərir ki, bu da ildə təxminən 2,4
milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu imkandan faydalanmaqla, il
ərzində 1 milyon tona yaxın şərti yanacağa qənaət
etmək, ən əsası, külli miqdarda sənaye
tullantılarının qarşısını almaq olar.
Məlumat üçün
bildirək ki, hələ 1999-cu ildə Yaponiyanın
"Tomen" şirkətinin mütəxəssisləri Azərbaycan
alimləri ilə birgə Abşeronda hündürlüyü
30 və 40 metr olan iki qüllə quraşdırmışlar.
Burada küləyin orta illik sürətinin saniyədə
7,9-8,1 metr olması müəyyən edilmiş, Qobustan rayonu ərazisində
ümumi gücü 30 MVt olan külək elektrik
stansiyasının quraşdırılmasına dair texniki
iqtisadi əsaslandırma hazırlanmışdır.
Ümumiyyətlə, əldə edilən ilkin nəticələr
külək enerjisinin yaxın illərdən başlayaraq Azərbaycanda
enerji probleminin həllində mühüm rol
oynayacağından xəbər verir.
Günəş enerjisinin
birbaşa istilik enerjisinə çevrilməsinə gəlincə
isə dünyada bu təcrübə də getdikcə
genişlənir. Əksər inkişaf etmiş ölkələrdə
enerji strategiyasının başlıca istiqamətlərindən
biri kimi nəzərdən keçirilir. Bu gün ABŞ-da,
Almaniyada, Yaponiyada, Çində günəş enerjisini
birbaşa elektrik enerjisinə çevirən günəş
stansiyalarının əsas işçi elementinin hazırlanması
üçün yüksək səmərəliliyə malik
texnologiyalar tətbiq edilir. Azərbaycanın təbii iqlim
şəraiti günəş enerjisi ilə yanaşı,
elektrik və istilik enerjisinin istehsalının
artırılması baxımından da geniş imkanlar vəd
edir. Mütəxəssislər günəş enerjisindən
istifadənin Azərbaycanın bir çox rayonlarında enerji
problemini qismən həll edə biləcəyi qənaətindədirlər.
Azərbaycanın
sosial-iqtisadi inkişafı, qeyd edilən enerji mənbələri
ilə yanaşı, ölkəmizdə enerji istehsalı məqsədilə
biokütlədən istifadə imkanlarını da genişləndirir.
Aparılan tədqiqatlar iqtisadiyyatın bütün sahələrində
istehsal tullantılarının tərkibinin əsas hissəsinin
biokütlə maddələrindən təşkil
olunduğunu göstərir. Həmin maddələrdən
istifadə etməklə elektrik enerjisinin istehsalı
üçün mühüm əhəmiyyət kəsb edən
bioqaz, biomaye və bərk biokütlənin alınması
mümkündür. Hesablamalara görə, hər il Azərbaycanda
tullantıların zərərsizləşdirilməsi
üçün nəzərdə tutulmuş ərazilərə
2 milyon tondan çox bərk məişət və istehsalat
tullantıları atılır.
Məişət və
istehsalat tullantılarının emalı Bakı və ölkənin
iri sənaye şəhərlərində ictimai binaların
qızdırılmasındakı çətinlikləri həll
edər, həm də bu tullantıların açıq
mühitdə yandırılmasının ekoloji fəsadlarını
aradan qaldırmış olardı. Bu sahədə bir çox
Avropa ölkələrindən öyrənməyə dəyər.
Həmin ölkələrdə əhalisi sıx olan ərazilərdə
zavodlar tikərək məişət tullantılarını
orada yandırırlar. Zibillərin yandırılmasından
alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri
istilik və elektrik enerjisi ilə təmin edilir.
Yandırılmış tullantıların qalıqlarından
isə torpaqların məhsuldarlığını
artırmaq məqsədilə gübrə kimi istifadə
olunur. Bakının Balaxanı qəsəbəsində məişət
tullantılarının emalı zavodunun tikilməsi bu istiqamətdə
mühüm addımlardan biridir.
Azərbaycan ərazisinin termal sularla zənginliyi alternativ enerji mənbəyi kimi termal sulardan istifadə imkanlarını da təmin edir. Xüsusilə Böyük və Kiçik Qafqaz dağlarında, Abşeron yarımadasında, Talış dağ-yamac zonasında, Kür çökəkliyində, Xəzəryanı-Quba ərazisində çox sayda termal su mənbələri mövcuddur. Həmin mənbələri istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın müəyyən qismini aradan qaldırmaq olar. Geotermal enerji mənbələrindən enerji istehsalında istifadənin digər üstünlüyü isə ondan ibarətdir ki, onların tətbiqinə o qədər də böyük xərc sərf edilmir.
Göründüyü kimi, Azərbaycanda alternativ enerjidən istifadə üçün çox geniş potensial mövcuddur.
S.ELMANOĞLU
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 4.