Azərbaycanda demokratiyanın
inkişafı naminə atılan addımlar yüksək qiymətləndirilir
Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyət məhz xalqın mənafeyinə cavab verən, onun hüquq və azadlıqlarının daha etibarlı təminatına şərait yaradan islahatlarla ictimai etimad və uğur qazana bilir. Bu məqsədə hesablanan, xalqın iradəsinə cavab verən islahatlar dövlətin hüquq sistemini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq arenada da nüfuzunu yüksəldir. Azərbaycanda xalqın mənafeyi əsas götürülməklə həyata keçirilən konstitusion islahatlar mütərəqqi xarakteri ilə dövrün tələblərindən irəli gələn bir sıra yeniliklərə Konstitusiya təminatı yaratmış, xalqın hüquq və vəzifələrini daha səmərəli, dolğun realizə etməsinə geniş imkanlar açmışdır. Sonrakı illərdə bu islahatların ümumxalq maraqları baxımından nə dərəcədə vacib və aktual olduğu, sosial tələbatdan irəli gəldiyi bir daha obyektiv təsdiqini tapmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti son 7 ildə inamla davam etdirən Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutunu möhkəmlətmək, siyasi plüralizmi genişləndirmək, demokratikləşmə prosesini dərinləşdirmək və bu istiqamətdə Qərbə inteqrasiya - Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Azərbaycanın bu sahədə qazandığı uğurlar, Prezident İlham Əliyevin yeritdiyi siyasi xətt beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, institutları bunu yüksək qiymətləndirir.
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən, hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Dövlət başçısı bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Ölkəmizdə hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesi diqqət mərkəzində saxlanılmış, məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum da xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun xalq tərəfindən ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə, ilk növbədə, cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür. Səsvermə prosesinin yekun nəticələri eyni zamanda ictimaiyyətin hüquqi və demokratik yeniliklərə, insan hüquqlarının genişləndirilməsi məsələlərinə həssas münasibətini nümayiş etdirmişdir.
Konstitusiyaya əlavə və dəyişikliklər dövlətin sosialyönümlü siyasətinin daha səmərəli həyata keçirilməsi, uşaq hüquqlarının təminatında əlavə imkanların yaradılması, ekoloji problemlərin həllində dövlətin rolunun artırılması, hər kəsin vicdan azadlığının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə qərarlarının icrasının məcburiliyinə konstitusion statusun yaradılması, dövlət rəmzlərinə hörmətsizliyə görə məsuliyyətin gücləndirilməsi, müharibə şəraitində Konstitusiya Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılmasını və digər aktual məsələləri özündə ehtiva etmişdir.
Azərbaycan azad bazar münasibətləri şəraitində sosialyönümlü siyasət yeridərək hər bir vətəndaşın ehtiyaclarının dolğun və hərtərəfli şəkildə ödənməsinə, layiqli, firavan həyat tərzinin təmin olunmasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirir. Əsas Qanunun 12-ci və 15-ci maddələrinə edilmiş əlavələr dövlətin sosialyönümlü siyasətinə konstitusiya təminatı yaratmaqla yanaşı, dövlətin xalqın sosial mənafeyi naminə üzərinə əlavə öhdəliklər götürməsini nəzərdə tutmuşdur. 12-ci maddəyə edilmiş dəyişikliklə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə yanaşı, "Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına aid edilir. Əlbəttə, müasir dövrdə hər bir dövlət vətəndaşı üçün firavan, layiqli həyat tərzini təmin etmək niyyətində olduğunu bəyan edir. Azərbaycan dövləti isə bunu sadəcə, xoşməramlı niyyət kimi yox, həm də konstitusion öhdəlik kimi üzərinə götürməklə lazımi siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu təkcə siyasi hakimiyyətin özünə inamı deyil, həm də dövlətin davamlı iqtisadi inkişafının bariz göstəricisidir. Azərbaycan dövlətinin əldə etdiyi gəlirlərin hər bir vətəndaşın firavanlığı, layiqli həyat səviyyəsi naminə istifadə olunacağına Azərbaycan Konstitusiyası səviyyəsində təminat verilir. Eləcə də 15-ci maddənin II hissəsində yer almış müddəaya "sosial yönümlü" ifadəsinin əlavə edilməsi də dövlətin sosial siyasətinə Konstitusiya təminatını gücləndirir. Bu müddəa ilə dövlət büdcəsində daimi olaraq sosial sahə üçün xərclərin nəzərdə tutulmasına təminat verilir, "sosial dövlət" modelinə doğru inamlı addım atılır. Yəni xalqın həyat səviyyəsinin, maddi rifah halının yaxşılaşdırılması hakimiyyətin ali məqsədi kimi Konstitusiyada da təsbit olunur.
Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından uzun məsafə qət edərək yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə adekvatlığı ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.
Müstəqil Azərbaycanın demokratik əsaslarla seçilmiş IV çağırış Milli Məclisinin fəaliyyətə başlaması ölkəmizin rarlament tarixində yeni mərhələnin başlanğıcına çevrildi. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin ilk iclasında çıxış edərək bildirmişdi: "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyinz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".
Seçki prosesi hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət olaraq ciddi elmi-politoloji əsaslara söykənir. Hər bir fərdin maraq və mənafelərini özündə ehtiva edən rasional siyasət yeritməyən, yaxud platformasının səmərəlilik əmsalını inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai etimad qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. 7 noyabr 2010-cu il parlament seçkilərinin yekunları da birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdi: "2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz, sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır".
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 4.