Elmi-praktiki simpoziumun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

"Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Bakıda keçirilən Polşa-Azərbaycan elmi-praktiki simpoziumunun iştirakçıları yanvarın 28-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər.

Bildirilmişdir ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olmuşdur.

Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazmışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 yanvar.- S. 4.