Azərbaycan həmkarlar
ittifaqlarının nüfuzu beynəlxalq müstəvidə
Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının II qurultayında azərbaycanlı
nümayəndənin qurumun vitse-prezidenti seçilməsi də
bunu təsdiqləyir
Ötən il Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti bir sıra yaddaqalan hadisələrlə əlamətdar oldu. Öz xeyirxah missiyası ilə daim üzvlərinin xidmətində olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə əmək kollektivləri arasında münasibətlərin tənzimlənməsində, işçilərin sosial rifahının yaxşılaşdırılmasında, təhlükəsiz əmək, layiqli iş yeri uğrunda çalışmalarda dünya miqyasında özünü doğrultmuş, təcrübədə sınanmış metod və texnologiyaların tətbiqinə xüsusi önəm verir. Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər nüfuzlu qurumlarla əməkdaşlıq qarşıya qoyulan məqsədlərin daha tez və asanlıqla reallaşmasına kömək edir. MDB ölkələri arasında öz siyasi nüfuzu, iqtisadi potensialı ilə seçilən Azərbaycan eynilə həmkarlar ittifaqı hərəkatında da öncül yerlərdən birini tutur.
2010-cu il sahə həmkarlar ittifaqlarının da həyatı unudulmaz hadisələrlə zəngin olub. Bu sırada Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) II qurultayında bu qurumun vitse-prezidenti seçilməsini qeyd etmək olar. Xatırladaq ki, o, 2004-cü ildən BHİK İcraiyyə Komitəsinin üzvüdür.
Cəmilə Səttarova uzun illərdir ki, həmkarlar ittifaqı sistemində səmərəli fəaliyyət göstərir. Təşkilatçılığı, təşəbbüskarlığı və prinsipiallığı ilə fərqlənib, 2000-ci ildə sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. Avropa İctimai Xidmət İcraiyyə Komitəsinin, BHİK-in Qadın Problemləri üzrə Komissiyasının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Müstəqil Dövlətlərin Məsləhət Şurasının üzvü kimi dünya həmkarlar ittifaqı hərəkatının inkişafına töhfələr verir. BHİK-in vitse-prezidenti seçilməsini də AHİK-in beynəlxalq həmkarlar ittifaqı hərəkatında qazandığı nüfuzun məntiqi nəticəsi hesab edir. Deyir ki, təşkilatımızın beynəlxalq miqyasda tanınmasında, nüfuz, söz sahibi olmasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin əməyi çox olmuşdur.
Cəmilə Səttarova bildirir ki, beynəlxalq qurumda təmsil olunması onun məsuliyyətini daha da artırmışdır. Qarşıda hələ həllini gözləyən problemlər var. Yaradıcı insanların əməkhaqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması, cəmiyyətdə gedən proseslərdə daha yaxından iştirakı bu qəbildəndir. Cəmilə xanım fevral ayında BHİK-in Brüsseldə keçirilən toplantısında və Nyu-Yorkda BMT-nin "Qadınların statusu" Komissiyasının növbəti sessiyasında iştirak edəcək. O, bu beynəlxalq məclislərdə Azərbaycan Həmkarlar İttifaqlarının uğurlarından bəhs edəcək, həllini gözləyən problemlərdən söz açacaq, təmsil etdiyi qurumun perspektiv niyyətlərini açıqlayacaq.
Akif CABBARLI
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 5.