Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin kollegiya iclası
keçirilmişdir
Yanvarın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazir Füzuli Ələkbərov bildirmişdir ki, ƏƏSMN tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının layiqli səviyyədə çatdırılması məqsədi ilə həyata keçirilən tədbirlər ölkəmizin davamlı inkişafına uyğun olaraq, 2010-cu ildə də uğurla davam etdirilmişdir.
2011-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 552 min 514 nəfər ailə üzvünü əhatə edən 122 min 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 min 675-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8 faizi vəsaiti plastik kart vasitəsilə alır. 2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 min 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilmişdir. Ölkəmizdə 340 min 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 2010-cu il sentyabrın
1-dən orta hesabla 12 faiz
artırılmışdır. Ümumiyyətlə,
görülən tədbirlər nəticəsində sosial
müavinətlərin orta aylıq məbləği
2006-cı illə müqayisədə 2,2 dəfə
artırılaraq 46,2 manata
çatdırılmışdır. Ölkəmizin ərazi
bütövlüyü və Konstitusiya quruluşu uğrunda
fiziki sağlamlığını itirmiş vətəndaşların
və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə nazirlik tərəfindən görülən işlər
ötən il də uğurla davam etdirilmişdir. Dövlət
başçısının tapşırığına
uyğun olaraq, 2010-cu ildə mənzil tikintisi yüksək
templə davam etdirilmiş və ötən ilin tikinti
planı üzrə 715 mənzil inşa edilmişdir. Nəticədə
bu vaxtadək dövlət hesabına mənzillə təmin
olunmuş əlil və şəhid ailələrinin sayı
3600-ü ötmüşdür. Artıq yeni tikilən
binaların hündürmərtəbəli olmasına
üstünlük verilir. Belə ki, ötən il paytaxtın
Qaradağ, Xəzər, Yasamal və Sabunçu rayonlarında
hər biri 9 mərtəbəli 81 mənzilli binalar istifadəyə
verilmişdir. Sumqayıt şəhərində əlil və
şəhid ailələri üçün ilk dəfə
olaraq 12 mərtəbəli binanın inşasına
başlanmışdır. Əlillərin minik avtomobilləri
ilə təminatı işləri davam etdirilmiş, 1998-ci ildən
2010-cu ilin sonuna kimi ölkəmizə əlillər
üçün 2 min 940 ədəd "OKA" və
"Slavuta" markalı avtomaşınlar alınıb gətirilmiş,
növbədə olan müharibə əlillərinə təqdim
olunmuşdur. O cümlədən bu avtomobillərin 352 ədədi
ötən il gətirilərək Qarabağ müharibəsi
və Böyük Vətən müharibəsi əlillərinə
paylanmışdır. Cari ildə də əlillər
üçün avtomaşınların gətirilməsi
planlaşdırılır. Tibbi-sosial ekspertiza xidmətinə
nəzarətin gücləndirilməsi əlillərin
reabilitasiya göstəricilərinin
yaxşılaşmasına səbəb olmuş, ötən
il ərzində əlillərin tam reabilitasiyası 5,7 faizə
yüksəlmişdir. Əlillərin problemlərinə
kompleks şəkildə yanaşmanı təmin etmək məqsədi
ilə respublika üzrə lazımi məlumatları
özündə əks etdirən vahid məlumat
bazasının yaradılması işləri uğurla davam
etdirilir. Bu məqsədlə hazırlanmış sorğu
anketi xüsusi proqram təminatı əsasında şəbəkəyə
qoşulmuşdur. İndiyədək bazada 101 min nəfərə
yaxın əlil haqqında məlumat toplanmışdır.
2010-cu ildə Dövlət Məşğulluq Xidməti
orqanları tərəfindən əvvəlki illə
müqayisədə 3,6 faiz çox, yəni 29 min 399 nəfər
işsiz və işaxtaran vətəndaş münasib işlə
təmin olunmuş, 3 min 921 nəfər vətəndaş
müasir əmək bazarının tələblərinə
uyğun peşələr üzrə hazırlıq
kurslarına cəlb edilmişdir. O cümlədən
Naxçıvan MR də daxil olmaqla, respublikanın 68 şəhər
və rayonunda 58 "Əmək yarmarkaları"
keçirilmişdir ki, bu yarmarkalarda 7 min 500 nəfər
işsiz vətəndaş münasib işlərlə təmin
olunmuşdur. Ötən il Dövlət Əmək Müfəttişliyi
tərəfindən iş yerlərində əmək
qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin
həyata keçirilməsi işləri davam etdirilmiş və
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, 3 min 201 müəssisədə həyata
keçirilən dövlət nəzarəti nəticəsində
9 min 511 halda əmək qanunvericiliyinin tələblərinin
pozulduğu aşkar olunmuşdur. Bu müddətdə işəgötürənlərə
yol verdikləri hüquq pozuntularına görə,
ümumilikdə 827 min 200 manat məbləğində cərimə
tətbiq olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi tərəfindən verilən fərdi icazə əsasında respublikada 2010-cu ildə 88 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ötən il 5 min 900 əcnəbiyə fərdi icazə verilmiş və əvvəlki illər ərzində verilmiş 2 min 808 fərdi icazənin müddəti uzadılmışdır. 2010-cu ildə Azərbaycanda fərdi icazə əsasında 1007 müəssisədə 8 min 708 əcnəbi işləmişdir. Bu da 2009-cu ilin müvafiq dövründəkindən (5 min 784) 1,5 dəfə çoxdur.
İclasda keçən ilin yekunları ilə bağlı məruzələr dinlənilmiş, ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunmuş və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 29 yanvar.- S.5.