Qarabağ xanlığının
tarixinə dəyərli
töhfə
"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər və ondan sonra orada əksəriyyəti təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar..."
İlham ƏLİYEV
Bu günlərdə tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin "Qarabağ xanlığı" kitabı çapdan çıxmışdır. Kitab Azərbaycan MEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının və Azərbaycan Tarix Qurumu Rəyasət Heyətinin qərarı ilə nəşr edilmişdir.
Kitabın ən mühüm məziyyəti onun müasirliyindədir. Bu gün artıq dünyaya bəllidir ki, torpağımıza yerləşdirilən ermənilər antiazərbaycan qüvvələrin yardımından istifadə edərək Qarabağı zəbt etmişlər.
Ermənilərin Qarabağa əsassız iddiaları bu gün başlamamışdır. Onların Qarabağa olan iddiaları gerçək tarixdən qidalanmasa da, erməni tarixçilərinin kağız üzərində yaratdıqları və "gərək olacaq" düşüncəsi ilə "arxivlərində" mühafizə etdikləri "sənədlərə" əsaslanır. Onlar işğal etdikləri Qarabağı əllərində saxlamaq, ona hüquqi don geyindirmək və Ermənistanın bir hissəsi olduğunu "sübuta yetirmək" və dünya ölkələrinə qəbul etdirmək istəyirlər. Lakin dünyanın aparıcı ölkələri ikili standartların əsiri olmalarına, Qarabağın işğalından uzun müddət keçməsinə baxmayaraq birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edirlər.
Amma bir həqiqəti də qəbul etməyimiz çox vacibdir. Dünya xalqlarına Qarabağın tarixi Azərbaycan torpağı olması haqqında lazım olan bilgiləri, məlumatları, sənədləri, xəritələri dünyanın aparıcı dövlətlərinin dillərində çatdırmağa son zamanlarda başlamışıq. Odur ki, "Qarabağ xanlığı"nın tarixi bu missiyanı yerinə yetirəcək nəşrlər baxımından çox qiymətlidir.
Düzdür, XX əsrin 40-cı illərinin sonlarında Qarabağ xanlığı ilə əlaqədar doktorluq dissertasiyası da müdafiə edilib. Bu dissertasiya siyasi, ideoloji tezis və arqumentlərdən "redaktə" edilərək hazırlanmışdır. Doktorluq dissertasiyasında vacib olan bir çox elmi məsələlər öz əksini tapır. Lakin ən vacib olan - Qarabağın etnik tərkibi haqqında yazılmır, rus qafqazşünaslarının topladıqları statistikadan "erməniləri qızışdırmamaq" üçün istifadə etməyə ehtiyac olmamış, məsləhət bilinməmişdir. Müəllif ərsəyə gətirdiyi bu kitabda istifadə etdiyi zəngin sənədlərlə ermənilərin bir sıra əsassız iddialarına cavab verir.
Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ermənilər yerləşdikləri əraziləri mənimsəmək üçün "separatçılar tarixi memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar... çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xaçın Dorbatlı, XII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır".
Rusiyada Qarabağ məliklərinin ermənilərlə heç bir əlaqəsi olmadığını ən azı, ermənilər qədər bilirdilər. Qarabağ məlikləri I Pyotra müraciət edəndə də erməni deyil, alban olduqlarını yazmışdılar.
Qarabağ alban etnosunun yaşadığı əsas ərazilərdən biri olmuşdur. Albaniya dövlət olaraq dağıldığından alban etnosu aradan çıxmamışdır. Albanların Azərbaycanın qeyri-dağlıq ərazilərdə yaşayanları islamiyyəti qəbul etmiş, vahid Azərbaycan etnosunun tərkibinə daxil olmuşlar. Qarabağın dağlıq hissəsində yaşayan albanlar öz alban kimliklərini saxlaya bilmişlər. Müəllif düzgün qeyd etmişdir ki, "yalnız 1836-ci ildə çar hökuməti avtokefal alban kilsəsini ləğv etdikdən sonra Qarabağın dağlıq hissəsində yaşayan xristian albanlar tam deetnizasiyaya uğramışlar". Qarabağın tarixində ermənilərin və onların dəyirmanına su axıdanların iddia etdiklərinin əksinə olaraq məliklik inzibati-siyasi vahidi olmayıbdır. Məliklər Qarabağın dağlıq hissəsini əhatə edib, əslində, xırda irsi alban feodal malikanələri statusu almışlar. Yalnız Nadir şahın qisasçılıq duyğusu ilə Muğan qurultayından sonra Qarabağda məlikliklər inzibati-siyasi vahidə çevrildilər.
1823-cü ildə aparılan hesablamalara görə, Qarabağ əyalətindəki əhalinin 8,4 faizi 5 məlikliyin payına düşürdü. Qarabağ əhalisinin mütləq əksəriyyəti türklərdən ibarət olmuşdur. Müəllif mənbələrə istinad edərək Qarabağın inzibati ərazi vahidlərinin etimologiyasını da təhlil edərək onların başdan-başa türk mənşəli olduğunu sübut edə bilmişdir.
Uzun illərdən bəri erməni kilsə xadimlərinin rəhbərliyi altında qədim mənbələrin erməniləşdirilməsi və erməni mənbələri üzərində belə "əlavələr" edilməsinin metodologiyası hazırlanmışdır. Çox halda erməni tarixçiləri üçün tarixi mənbələrdən onlara edilmiş "əlavələr" əhəmiyyətlidir. Bu "əlavələr"lə onlar çox iddialarını "isbat etməyə" çalışırlar. Onlar bu tarixi mənbələrə edilən "əlavələrdən" istifadə edərək Qafqazın tarixi və siyasi coğrafiyası haqqında iddialar irəli sürürlər. Bu əməliyyatlar yalnız başqa xalqların mənbələri üzərində deyil, hətta erməni mənbələri üzərində də edilib. Ermənilərin öz iddialarını ancaq mif və uydurmalara əsaslanmaqla sübuta yetirməyə çalışmalarını başa düşmək olar, çünki onların istəyi ilə real tarix arasında kəskin fərqlər, əslində, ziddiyyətlər var.
Akademik Ramiz Mehdiyev "Gorus-2010: absurd teatrı mövsümü" əsərində ermənilərin sərhəd tanımayan saxtakarlıqlarına cavab olaraq bildirir: "Əsasən türk əhalisinin yaşadığı Cənubi Qafqaza köçənədək haylar Van gölü ətrafında yaşayırdılar. Elə buraya da onlar Balkanlardan köçüb gəlmişdilər. "Erməni xalqının tarixi" kitabının redaktoru M.Q.Nersisyanın belə bir fikri qeyd olunur ki, "dəniz xalqları"nın məşhur böyük köçürülmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər".
Müəllif doğru qeyd edir ki, ermənilərin ən çox qorxduqları və rast gəlmək istəmədikləri gerçək tarixlə rastlaşmaqdır. Əgər belə olmasaydı, ermənilərin Qafqaza köçürülmələrini isbat edən abidələri bu gün də görə bilərdik. Ermənilər 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində Cənubi Qafqaza köçmələrinin 150 illiyi ilə əlaqədar olaraq abidə kompleksinin açılış mərasimini keçirmişdilər. Lakin 90-cı illərin sonlarında ərazi iddialarının əsassızlığını, Cənubi Qafqazın aborigeni olmamalarına şahidlik edən abidəni söküb dağıtdılar. Ermənilər uzun illərdən bəri "tarixi saxtalaşdırmaq laboratoriyalarını" qurur, tarixi sənədlər üzərində "redaktorluq" hesabına yeni faktlar tapmağa çalışırlar.
İnanırıq ki, professor Tofiq Mustafayevin "Qarabağ xanlığı" kitabı Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayacaq.
Həsənbala SADIQOV,
Gəncə Dövlət
Universitetinin
Ümumi tarix kafedrasının
müdiri, professor
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 7.