Sazın, sözün ustadı
Elin çoxşaxəli söz meydanı, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara - bəşər mədəniyyətinin incilərini yaradanlara nələr verməmişdir, İlahiE El yaddaşını dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi kimi inandırıcı və kəsərlidir.
İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb.
Kəlbəcər kimi cənnət-məkan diyarda yaşayanların təbii ki, haqqı yox idi buranın ecazkar mənzərəli təbiətindən ilham almasın, şeir yazmasın. Bu behişt yurdun təbiətinin özü insanı şair edirdi. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır. Şiş qayalar bu şeirlərin "nida"sı, zirvələr "nöqtə"si, boynubükük bənövşə "sual işarəsi", nərgizin ləçəyi isə "vergülü" idi.
Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də bunu məharətlə, sənətkarlıqla davam etdirirlər.
Kəlbəcərdə 1000 nəfərdən çox şeir yazmağı bacaran el şairi vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnakları tərəfindən işğalı nəticəsində məcburi köçkün düşməsi bir çox kəlbəcərlini söz adamına çevirmişdir. Onların şeirləri mənfur düşmənlərə qarşı xəncərdən kəsərli söz qılıncıdır. Ağdabanlı Qurbandan, oğlu Dədə Şəmşir zirvəsindən başlanan müqəddəs yol bu gün də yeni nəfəslərlə, müxtəlif formalı şeir nümunələri ilə uğurla davam etdirilir. Kəlbəcərin yaradıcı aşıqlarından Aşıq Hüseynin, Aşıq Avazın, Allahverdi Qəmkeşin, Aşıq Həmidin, Xalıqverdi Həmidoğlunun, Aşıq Qardaşxanın, Aşıq Hidayətin, Aşıq İmranın, Aşıq Tofiqin, Aşıq Əhlimanın, Aşıq Əlişin, Qamışlı Gərayın, Aşıq Telmanın və başqalarının da adını çəkə bilərik. Aşıq Allahverdi Qəmkeş respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Onun şeirlər kitabı çap olunmuşdur.
Bir çox kəlbəcərli şairlərin adları ölkədə və onun hüdudlarından kənarda da geniş yayılmışdır. Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, respublikanın əməkdar incəsənət xadimi, "Şərəf nişanı" ordenli Məmməd Aslanı, bir çox kitabların müəllifi, filologiya elmləri namizədi, türkoloq-alim, publisist Adil Cəmili, Bayron kimi məşhur ingilis şairinin şeirlərini dilimizə çevirən, filologiya elmləri namizədi, rəhmətlik Ənvər Rzanı, xalqımızın sevə-sevə şeirlərini oxuduğu Bəhmən Vətənoğlunu, mərhum Sücaəti, Mirsəyyaf Zamanlını, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən Ələmdar Cabbarlını... misal göstərmək olar. Onu da qeyd edək ki, anadan olmasının 100 və 110 illik yubiley tədbirləri dövlət başçısının sərəncamı ilə keçirilən əməkdar incəsənət xadimi Dədə Şəmşir də Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdi.
Ulu söz diyarı Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir. Kəlbəcərdə klassik aşıq yaradıcılğına bələdçilik sanki qandan keçib. Kimi dindirirsən, sənə qafiyə ilə cavab verir. Aşıq Şəmşirdən başlanan ozan-aşıq məktəbinin layiqli davamçılarından biri olmuş və hələ sağlığında özünə mənəvi abidə ucaltmış, klassik aşıqlarımızdan biri də Aşıq Allahverdi Qəmkeş idi. Onun müasirləri bəxtəvər sayıla bilər ki, belə klassiklərin zamanında məclislərində olmuş, dürlü-dürlü, hikmətli sözlərini öz dilindən dinləmiş, böyük sənətkarla ülfət və ünsiyyət bağlamışlar. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri olan Qəmkeş Allahverdi ilə dəfələrlə məclis və toy mərasimlərində, konsert salonlarında və festivallarda olmuş, onun necə dəyərləndirildiyinin canlı şahidinə çevrilmişik.
2005-ci ildə çapdan buraxılan "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyasında onun da haqqında qısa məlumat və bir neçə şeir verilmişdi. Allahverdi 1931-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində ovçu və söz sərrafı kimi tanınmış şair təbli Əli Allahverdi oğlunun ailəsində dünyaya göz açmışdır.
Şuşa Pedaqoji Texnikumunu bitirən Allahverdini aşıq sənətinə meyli əlinə saz almağa məcbur etmişdir. Məlahətli səsi, xoş avazı, dərin biliyi onu el-oba arasında çox erkən məşhurlaşdırmışdı. Qısa vaxt ərzində ustad sənətkarların, xüsusən də Dədə Şəmşirin yanında aşıqlıq sənətinin incəliklərinə bələd olmuş və sonralar özü el məclisləri aparmışdır. Allahverdidən neçə-neçə el sənətkarı ustad dərsi almışdır.
1997-ci ildə "Şair, asta yeri, insan yatıbdı" şeirlər kitabı işıq üzü görmüş Allahverdi Qəmkeş də Kəlbəcərsizlik dərdinə dözməyərək, 2002-ci ildə vəfat etmişdir.
Xoşbəxt o sənətkardır ki, sağlığında dillər əzbərinə çevrilir. Ustad aşığın da dilindən və poetik duyğularından qanadlanmış misraları divaniyə, təcnisə, qoşmaya, gəraylıya, müxəmməsə çevrilib yaddaşlara yazılıb. Qələmə aldığı hər şeir sanki əsrlərin o başından süzülüb gəlir:
Bu gün yolum düşdü qəbristanlığa,
Orda zaman qışdı, dövran yatıbdı.
Sanki pıçıldaşdı hər məzar daşı:
Şair, asta yeri, insan
yatıbdı...
Aşıq Şəmşirin
ölümünə həsr olunan bu şeir bir daha ustad-şəyird
məhəbbətini göstərir.
Qəmkeş Allahverdi
sazın ustadı olduğu kimi, sözün də
ölçü-biçisini "duyğu tərəzisi"ndə
çəkir və bundan məharətlə istifadə edərək
zamanın gərdişini oxucusuna çatdırırdı.
Kəlbəcərsizlik
ağrı-acısı aşıq-şairin istər
ifasında, istərsə də şeirlərində çox
ustalıqla seçilirdi. Dağların yağıya
qalmasından sinəsi atəşə-alova qalanan Qəmkeş
Allahverdi uşaqlıqdan qol-boyun olduğu
yurdlarımızın könlünü necə almağın
yollarını arayıb-axtarır və deyirdi:
Qəmkeş, ah-naləsinə
çevriləm,
Qanım axa, laləsinə
çevriləm,
Şəhid olam, balasına
çevriləm,
Dəfn olunam qucağına
dağların...
1900-cü ildə Kəlbəcərin
Şaplar kəndində anadan olub, 69 illik ömrünü
dağlarda keçirən atası Əli Allahverdi oğluna el
arasında Ovçu Əli də deyirmişlər.
Yaxşı saz çalıb-oxumağı da var imiş.
1969-cu ildə Kəlbəcərdə vəfat etmişdir. Onun
Qamışlı Rüstəm və Milli Nəbi ilə
deyişmələri olub.
Aşıq-şairin
yaradıcılığı ədəbi tədqiqini gözləyir.
Ruhun şad olsun, ustad
aşıq, misraların dilimizin əzbəridir. Sən ruhən,
qəlbən aramızdasan... İnşallah, Kəlbəcərdə
sənin xatirəni əbədiləşdirərik. Onda sənin
ruhun şad olar, bizim isə gözlərimiz gülər.
Ustadın özü də, sözü kimi əbədidir, əbədiyyətin
mübarək, Qəmkeş!
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 7.