Abidələr diyarı qədim Qazax

 

Mən Qazaxda dəfələrlə olmuşam. Hər gəlişimdə şəhərin daha da gözəlləşdiyini görüb sevinirəm. Yeni parklar, xiyabanlar salınır, küçələr abadlaşır, binalar tikilir. İnsanların dinc və rahat yaşaması üçün şərait yaradılır. Budur Azərbaycanın bugünki reallıqları, budur bizim siyasətimizin əməli-praktik nəticələri.

 

İlham ƏLİYEV

 

- Xoş gəlib, səfa gətirmisiniz!

- Yaxşı yol, uğurlar olsun!

Bu sözlər hər gün dəfələrlə səslənir. Gəlib-gedən hörmətlə, izzətlə qarşılanır, xoş arzu, istəklə yola salınır. Bura Sınıq körpü gömrük-sərhəd buraxılış məntəqəsidir, ölkəmizin Qərb qapısı sayılır. Qonşu Gürcüstana, oradan da Türkiyəyə, Avropaya gediş-gəliş bu yerlərdən keçir. Müsafirlərdə ilk təəssürat məhz burada yaranır. Elə buna görə də bütövlükdə rayon üzrə olduğu kimi, gömrük-sərhəd buraxılış məntəqəsində də geniş abadlıq-quruculuq işləri görülüb. Bağlı-bağçalı, güllü-çiçəkli sahədə uğur qapısı yaradılıb. Müasir saxlanc yerləri, anbarlar, yeməkxana, inzibati bina, konfrans zalı, avtomobillərə baxış məntəqəsi inşa edilib. Yolun hər iki tərəfində milli memarlığın dəyərli nümunələri - qalalar, tağlar, bürclər, keçidlər, bəzəkli istinad divarları tikilib. Sanki açıq havada canlı sərgidir.

Son illərdə Qazaxda elmimizin ulu tarixinin tədqiqinə və təbliğinə daha çox fikir verilir. Bakı səmtindən bu yerlərə gələnləri maraqlı, məzmunlu dilboz at abidəsi və "Dədə Qorqud" kompleksi "qarşılayır". Bu kompleks xalqın ulu keçmişinə, müqəddəs soy-kökünə dərin ehtiramın bir nişanəsidir. "Kitabi Dədə Qorqud"un on iki boyunu əks etdirən kompozisiya baxanları heyran edir. Gürcüstana, Türkiyəyə, Avropaya gedənləri isə Sınıq körpüdə zəngin tarixi muzeyə bənzəyən uğur qapısı "yola salır".

Qazax təbiətinin öz özəlliyi, öz gözəlliyi var. Bu torpağın hər guşəsində şairanəlik, füsunkarlıq, əbədilik duyulur. Qarayazı meşələri, Ceyrançöl düzləri, Göyəzən və Avey dağları, Xanım bulaq, Pəri bulaq, Bayram bulaq, Damcılı bulaq... Hər biri həmişə yaradıcı ürəklərin ilham mənbəyi olub, həmişə insanlara xoş əhval bəxş edib.

Qazax söz-sənət ustaları, ziyalılar, sərkərdələr, qəhrəmanlar diyarıdır. Ölkəmizin tarixinə neçə-neçə unudulmaz şəxsiyyət bəxş edib. Onların adlarının əbədiləşməsi üçün şəhərin mərkəzində "Mütəfəkkirlər parkı" salınıb. Başda ölməz söz ustası Səməd Vurğunun möhtəşəm abidəsi ucalır. Yaşıllıqların qoynundakı pilləli fəvvarələrin ətrafında onlarca insanın barelyefi cərgələnib. Azərbaycanın ilk topoqraf generalı İbrahim Ağa Vəkilov, artilleriya generalı Əliağa Şıxlinski, ilk hərbi təyyarəçi Fərrux Qayıbov, İtaliyanın Milli Qəhrəmanı, partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı və şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvari Dilbazi, Yusif Səmədoğlu... Başda da Molla Vəli Vidadi və Molla Pənah Vaqif qoşa "dayanıb". Bir qədər aralıdakı yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara "boylanır".

Təkcə rayonun mərkəzində yox, qəsəbə və kəndlərində də sanki torpaq üzərində tarix yazılır. Səməd Vurğun poeziya mərkəzi, rəsm qalereyası, Qori seminariyasının Qazax mərkəzi, Hacı Mahmud Əfəndi türbəsi və neçə-neçə digər müasir obyektin hər biri ulu diyarın şərəfli keçmişindən, bu günündən, daha xoş sabahından xəbər verir.

Qədirbilən qazaxlılar deyirlər ki, bu xoş günümüz üçün müstəqil dövlətimizin memarı Heydər Əliyevə minnətdarıq. Bu məhəbbətin, bu ehtiramın nişanəsi olaraq adı dillərdə gəzən Göyəzən dağının ətəyində yaraşıqlı park salındı. Yollar çəkildi, keçidlər, fəvvarələr düzəldildi, qollu-budaqlı çinarlar əkildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldıldı, adını daşıyan elm mərkəzi yaradıldı. Müasir görkəmli bu nəhəng binanın göz oxşayan memarlıq quruluşu elə ilk baxışdan diqqəti cəlb edir. Bu yeni yaraşıqlı mərkəzdə əlin ehmallı toxunulması ilə idarə edilən nadir "Ubiq`Window" sistemi işləyir. Bundan əlavə, Qafqazda yeganə olan planetari qurulub. Onun köməyi ilə fotoşəkillər, vidio görüntülər və mətnlər vasitəsilə ulu öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzin yerləşdiyi dairəvi salon nəhəng kürə şəklindədir. Xüsusi qurğu vasitəsilə geniş ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Yaxınlıqda möhtəşəm körpü, Didivan gölü, idman meydanı, istirahət guşələri...

Bu yerlərdə ulu tarixin yadigarları bax beləcə müasir abidələrlə baş-başa verib. Qazax qədim və qiymətli abidələr diyarıdır. Burada on ikinci yüzilliyin yadigarı Sınıq körpü, tunc dövründən qalan Babadərviş və neolit-tunc dövründən xəbər verən Göytəpə yaşayış yerləri kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Son illərdə ucaldılmış müasir abidələrlə yanaşı, respublika və yerli əhəmiyyətli 112 arxeoloji, memarlıq və monumental abidə, habelə dekorativ tətbiqi sənət nümunəsi qeydə alınıb. Yuxarı Əskipara və Şəkərqala kəndlərindəki məbədlər, Qıraq Kəsəməndəki dairəvi qüllə, Poylu kəndindəki məqbərələr qrupu, Qatır, Qızılhacılı və Kazım körpüləri, Qırmızı körpü, habelə Qızılqaya baxanları valeh edir. Bunların ən məşhurlarından, ən gözəllərindən, ən çox diqqəti cəlb edənlərdən biri də Damcılı bulağıdır. 1956-cı ildə arxeoloji tədqiqatlar zamanı üzə çıxarılıb. Zəngin maddi mədəniyyət nümunələrinin tədqiqi mağara düşərgənin daş dövrünə məxsus olduğundan xəbər verir və o, dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib.

Qədim və zəngin tarixə malik Qazaxda əsrarəngiz yerlər, minillik abidələr, Avey, Göyəzən, Damcılı kimi misilsiz mənzərələr, Dəli Kür, Tuqay meşələri, eləcə də adı dillərdə gəzən dilboz atları və başqa maraq doğuran mənbələr çoxdur. Qazaxlılar deyirlər ki, Dilboz kimi atlar var, bir-birindən yaraşıqlı abidələr, əsrarəngiz təbii mənzərələr var. Burada at üstündə turizm nə üçün olmasın?

Bunu nəzərə alaraq rayonda at üstündə turizmin marşrut layihəsi və dəqiq xəritəsi hazırlanıb. Mərkəzin əsas bazasının Ağstafaçay dəryaçasının sağ sahilində, füsunkar təbiətli Cəfərli kəndində olması nəzərdə tutulur. Marşrut on bir memarlıq və səkkiz arxeoloji abidəni, dörd çeşmə və bulağı, təbiətin bir çox mənzərəli guşəsini əhatə edir.

Cəfərli kəndindən səfərə başlayan atlı "qonaqlar" məxməri yamaclar və şiş qayalı dağlar boyu Dəmirçilərə doğru üz tutacaqlar. Yol boyu Çülgələr adlı yalçın qayaları, mavi gözlü Coğaz gölünü, əzəmətli Göyəzən dağını, tarixi qala divarlarını, Fərəhli kəndinin ecazkar təbiətini, qədim insan məskəni sayılan Aveydağ mağaralarını, Damcılı və Məmməd Koxa bulaqlarını, Koroğlu məbədini və onlarca digər mənzərəli yerləri seyr edəcəklər. Səyyahlar Daş Salahlı kəndində daşdan su süzgəci düzəldən sənətkarların və xalça ustalarının əl işləri ilə tanış olacaqlar.

Maraqlı marşrut turistləri dağları, dərələri, vadiləri aşaraq məşhur Qırmızı körpüyə, habelə Dəli Kürün sahilindəki bənzərsiz Tuqay meşələrinə gətirib çıxaracaqdır. Ekoturizmin inkişafı üçün potensial mənbə olan bu nadir meşə zolağında səyahətçilər ovçuluqla və balıqçılıqla da məşğul ola bilərlər.

Yol boyu Ağköynək kəndinin əsrarəngiz mənzərələri Xanlıqlar kəndindəki məşhur Didəban qülləsi, səfalı Bayram bulağı, habelə "Babadərviş" arxeoloji abidə komplesi də turistlərin marağına səbəb olacaq.

Bu yazını hazırlayarkən Yuxarı Salahlı kəndinə getdim. Azərbaycan poeziyasının, qədim Qazax torpağının mənəvi çıraqlarından biri olan Səməd Vurğunun poeziya evinə baxdım. Poeziya evi Sınıq körpü sərhəd buraxılış məntəqəsinin yaxınlığında səfalı guşələrdən birində yerləşir. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə son vaxtlarda əsaslı surətdə yenidən qurulub. Geniş foyedən və işıqlı, yaraşıqlı dörd zaldan ibarət olan bu poeziya mərkəzi elə uzaqdan diqqəti cəlb edir. Həm binanın özü, həm də sərgilər, eksponatlar təzələnib. Fəvvarələr əsaslı təmir edilib, işıq sistemi dəyişdirilib, ətrafda yaşıllıqlar salınıb, əlvan metaldan dekorativ tökmə məhəccərlər quraşdırılıb. Bu da Qazaxın müasir abidələrindən biridir. Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov deyir ki, biz iqtisadiyyatın və sosial həyatın yüksəlişi ilə yanaşı, tarixi yadigarların bərpasına və müstəqil dövlətimizi təmsil edən yeni abidələrin ucaldılmasına böyük önəm veririk. Müasir poeziya mərkəzi və Sınıq körpü sərhəd buraxılış məntəqəsi çoxsaylı təzə obyektlərin sırasında xüsusi yer tutur. Gəlib gedənlər görsünlər ki, Azərbaycanın cənnətməkan guşəsi olan qədim Qazax həm ulu abidələri ilə, həm də ölməz söz ustadı Səməd Vurğunun adı ilə tanınır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 7.