Milli Kitabxanada sərgi-təqdimat

 

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 5 illik fəaliyyəti ərzində nəşr etdirdiyi çap məhsullarının sərgisi və 3 dildə çap olunan "Mədəniyyət" kataloqunun 4-cü sayı, həmçinin "Bizim nəşrlər" kataloqunun sərgi-təqdimatı keçirildi. Sərgidə təqdim edilən kitabların əksəriyyəti, demək olar ki, mədəniyyət, incəsənət, ədəbiyyat, mədəni irsin qorunması və turizm sahələrini əks etdirirdi.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin əməkdaşı Hüsniyyə Səmədovaya verildi. O, nazirliyin xətti ilə çapdan buraxılan kitabların əhəmiyyəti və dünyanın bir çox məşhur mədəniyyət mərkəzlərinin, məsələn, Paris, London, Tehran, Minsk və başqa şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə layiqli yer tutmaları barədə ətraflı məlumat verdi.

Tədbirdə iştirak və çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixdə ölkədə aparılan islahatların davamı kimi mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və onun müasir tələblərə uyğun qurulması, səmərəliliyinin artırılması zəruriliyini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət daşıdığını xatırlatdı. Nazir ötən müddət ərzində nazirlik tərəfindən nəşr edilən və dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən kitabların əhəmiyyətindən geniş söz açdı. Nazirliyin beşillik fəaliyyəti dövründə nəşriyyat-poliqrafiya işində əsas məqsədin xalqımızın tarixi və mədəniyyətini, zəngin təbii və mədəni sərvətini dünyaya çıxarmaqdan ibarət olduğu vurğulandı. Mədəniyyət və Turizm Nazirliyi də fəaliyyətə başladığı zamandan nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində inkişafı, oxucuların zəruri çap məhsullarına olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Nazirlik tərəfindən indiyədək 200 adda nəşrin latın qrafikalı əlifba ilə çapdan buraxılaraq respublika kitabxanalarına paylanması, həmçinin beynəlxalq sərgilərə çıxarılması məhz mədəniyyət və incəsənətimizin inkişafı ilə yanaşı, onun qorunub saxlanması, eləcə də torpaqlarımıza göz dikən, vətənimizin 20 faiz ərazisini işğal altında saxlayan Ermənistanın təcavüzkarlığı, vandalizm siyasətini davam etdirməsi barədə dünya ictimaiyyətinə həqiqətin olduğu kimi çatdırılması deməkdir.

Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamdan sonra nəşriyyatlar bütünlüklə latın qrafikasına keçdi. Bundan sonra xalqımızın tarixinə, mədəniyyətinə, folkloruna, ədəbiyyatı və incəsənətinə həsr olunan 140 adda kitab beş dildə nəşr edildi. Heydər Əliyev Fondunun bu işdə xüsusi rol oynadığını bildirən nazirin sözlərinə görə, indiyədək bu xətlə 32 min nüsxə kitab nəşr etdirilərək dünya kitabxanalarının fonduna verilib.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Vaqif Bəhmənli, sənətşünas Ziyadxan Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Təhsil" Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru Bəhruz Axundov, Qobustan Milli Tarix Bədii Qoruğunun direktoru Məlahət Fərəcovanın çıxışlarından dünya xalqlarının ədəbi nümunələrinin dilimizə çevrilməsi, mədəni hadisələrin qarşılıqlı mübadiləsi sahəsində əldə edilmiş nailiyyətlər barədə də müfəssəl məlumat alan tədbir iştirakçıları kitab sərgisi ilə yaxından tanış oldular.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S. 5.