Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatına daha böyük töhfələr verməyə başlayır

 

"Cənub enerji dəhlizi"nin reallaşmasında əsas rol oynayan tərəflərdən biri kimi ölkəmiz çıxış edir

 

Qloballaşma prosesinin daha geniş vüsət aldığı yeni əsrdə dünya qarşısında həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələlərdən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır. Çünki müasir dövrdə inkişafı şərtləndirən, onu daha mütəhərrik hala gətirən əsas məqamlardan biri məhz etibarlı enerji təminatı, bu sahədə təhlükəsiz bir mühitin formalaşdırılmasıdır. Bu mənada təsadüfi deyil ki, dünya miqyasında enerji təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirilməkdə, sözügedən məsələnin həlli üçün müxtəlif yollar axtarılmaqdadır.

Hazırda dünyanın enerji xəritəsində artıq özünəməxsus yeri və mövqeyi olan Azərbaycan isə qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə daha önəmli rol oynayan dövlətlərdən biri kimi çıxış edir. Azərbaycanın həm zəngin karbohidrogen resurslarına malik olması, həm də Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılması üçün əsas tranzit ölkələrdən biri kimi çıxış etməsi mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən enerji sferasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin dövrün tələblərinə müvafiq olaraq uğurla davam etdirdiyi siyasət də dünyanın bu məsələ ilə bağlı Azərbaycana marağını daim artırır.

Böyük müvəffəqiyyətlə reallaşdırılan Azərbaycanın enerji siyasətində artıq növbəti bir mərhələ başlamaq üzrədir. Söhbət "Cənub enerji dəhlizi" layihəsinin inkişaf etdirilməsindən və bu məsələdə Avropanın ölkəmizə əsas ümid yerlərindən biri kimi baxmasından gedir. Qeyd edilən layihə gündəmə gəldiyi vaxtdan etibarən Azərbaycan onu fəal şəkildə dəstəkləyən ölkələr sırasında yer alıb. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycan əvvəldən "Cənub enerji dəhlizi"nə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir".

"Cənub enerji dəhlizi"nin reallaşması istiqamətində atılan daha bir önəmli addım isə Bakıda imzalanan Birgə Bəyannamədir. Xatırladaq ki, bu il yanvarın 13-də Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar. Birgə Bəyannamə həm də Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan uğurlu əməkdaşlığın daha bir konkret təzahürü kimi çıxış edir. Digər tərəfdən qeyd olunan sənəd Azərbaycanın müxtəlif marşrutlarla enerji ehtiyatlarının, xüsusən də təbii qaz resurslarının dünya bazarlarına çıxarılması sahəsində həyata keçirdiyi diversifikasiya siyasətində növbəti uğura imza atmasının göstəricisidir.

Beləliklə, proseslərin gedişi "Cənub enerji dəhlizi"nin həyata keçirilməsi istiqamətində artıq praktiki mərhələnin başlandığını göstərir və bu məsələdə əsas həlledici tərəflərdən birinin məhz Azərbaycan olduğu da aydın görünür. Xatırlatmaq yerinə düşərdi ki, 2009-cu ilin mayında Praqada Avropa İttifaqının elan etdiyi "Cənub enerji dəhlizi" layihəsi Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmərin çəkilməsini nəzərdə tutur. Onların ən vaciblərindən biri Nabukko kəməridir. Türkiyə ərazisi ilə Avropa İttifaqı ölkələrinə daxil olması nəzərdə tutulan və 3300 kilometr uzunluğunda bu kəmərin çəkilişinin 2016-cı ildə başa çatdırılması gözlənilir. Bu kəmərlə ildə 31 milyard kubmetr qazın Avropaya nəqli planlaşdırılır. Nabukko layihəsi ilə bağlı yaranan konsorsiumun rəhbərliyi cari ildə bu kəmərin tikintisi üçün praktiki əməliyyatlara başlamağa çalışır. Layihənin icraçı direktoru Reynhard Mitçek bildirib ki, onlar qarşıdakı bir il ərzində kəmərin tikintisi üçün material təchizatı barədə qərar verəcək, maliyyələşmə üçün banklarla daha detallı danışıqlar aparacaq və ilin sonuna yaxın Nabukkonun yekun investisiya planının təsdiq edilməsinə çalışacaqlar. Kəmər üçün əsas qaz mənbəyi isə Azərbaycan hesab olunur. Reynhard Mitçek də qeyd edib ki, bu kəmərə "Şahdəniz -2" layihəsindən başqa Azərbaycandakı digər mənbələrdən də qaz almağı düşünürlər. Bundan başqa, Türkmənistandan, İraqın şimalından da bu kəmərə qaz alınması barədə müzakirələr gedir.

"Cənub enerji dəhlizi"ndə ikinci mühüm layihə isə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir. Bu layihə reallaşsa, onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql ediləcək. Hələlik ideya şəklində olan Transadriatik kəmər isə Yunanıstan ərazisi ilə Albaniya, Adriatik dənizin altı ilə İtaliyaya çıxmalıdır. Bu kəmərlə də ilə 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. "Cənub enerji dəhlizi"ndə "Bəyaz Axın" adlı başqa bir kəmərin isə Qara dənizin altı ilə Rumıniyaya, ya da Ukraynaya, oradan da Mərkəzi Avropaya çıxması nəzərdə tutulur. Hər dörd kəmər layihəsində əsas iştirakçılardan biri qismində məhz Azərbaycan nəzərdə tutulur və bu, bir daha ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminatında nə qədər vacib əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Lakin Azərbaycan öz enerji ehtiyatlarını təkcə Qərb istiqamətində nəql etmir.

Ölkəmizdə hasil olunan karbohidrogen ehtiyatlarının uğurlu realizasiyası və satışı üçün hazırda Azərbaycan müxtəlif istiqamətli 7 neft və qaz kəmərinə malikdir. Lakin enerji resurslarının hasilat həcminin ildən-ilə artması Azərbaycanı yeni istehlak bazarları axtarmağa sövq edir. Son bir ildə ərəb ölkələri də Azərbaycandan təbii qaz almaq məqsədilə ölkəmizlə əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirməkdədirlər. Ötən il Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üzrə imzalanmış sənəd də bu istiqamətdə yeni perspektivlər açır. Həmin sənədə əsasən, Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya və İordaniyaya, oradan isə digər istiqamətlərə nəqlinə şərait yaranır. Bundan əvvəl Suriya 20 il ərzində 1-1,5 milyard kubmetr Azərbaycan qazını almaq barədə təkliflə çıxış edib. Bununla yanaşı, Azərbaycanın Panərəb qaz kəmərinə qoşulması da gözlənilir. Aralıq dənizi boyunca Türkiyəyə kimi uzanan bu kəmər ərəb ölkələrinə qaz ixrac etməyə geniş imkanlar yaradır. Bundan sonra ölkəmizdən "mavi yanacaq" almaq istəyən ərəb və digər Şərq dövlətlərinin sayı daha da arta bilər. Çünki Azərbaycanın müxtəlif marşrutlar vasitəsilə dünya bazarlarına daha böyük miqdarda təbii qaz çıxarması üçün kifayət qədər ehtiyatları mövcuddur. Aparılan tədqiqatlar da göstərir ki, ölkənin malik olduğu təbii qaz ehtiyatlarının ehtimal edilən miqdarı 5 trilyon kubmetrə bərabərdir. Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi isə 2,2 trilyon kubmetrdir.

Qaz ixracı sahəsində daha bir önəmli marşrut isə AGRI layihəsidir. Ötən il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Bununla Azərbaycan qazının Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya tədarükü üzrə yeni marşrut açılıb. Hazırda təbii qazın ixracı sahəsində Azərbaycan işlək vəziyyətdə olan və müxtəlif istiqamətlərə uzanan bir neçə kəmərə malikdir. Onların sırasında ilk növbədə Bakı-Tbilisi-Ərzurum kəməri xüsusi qeyd olunmalıdr. Bu kəmər "Şahdəniz" yatağından çıxarılan qazın Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün çəkilib.

Azərbaycanın malik olduğu daha bir təbii qaz kəməri sovetlər dövründə çəkilən Qazıməmməd-Mozdok kəməridir. İlk əvvəl bu kəmərlə Rusiyaya ildə 1 milyard kubmetr qaz ixrac edilirdi. Cari ildən etibarən isə bu göstəricinin 2 milyard kubmetrə çatdırılması barədə razılıq əldə olunub. İnfrastrukturu yenidən qurulan həmin kəmərlə maksimal olaraq hər il təxminən yeddi milyard kubmetr qaz ötürmək olar.

Azərbaycan İrana da qaz ixrac etmək üçün lazımi potensiala və hazır kəmərə malikdir. Həmin kəmərlə İrana ildə 10 milyard kubmetr qaz ötürmək mümkündür. Bu marşrut 1971-ci ildə istifadəyə verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Cari il yanvarın 12-də isə Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Astaradan İrana 5 il ərzində qaz ixrac edəcək. Bu il qazın həcmi 1 milyard kubmetr olacaq, növbəti illərdə bu həcm artacaq.

Azərbaycanın malik olduğu daha bir qaz kəməri yenə də sovetlər dövründə inşa olunan və Gürcüstan istiqamətinə uzanan kəmərdir. Hazırda təbii qaza olan ehtiyacını Gürcüstan məhz bu kəmər vasitəsilə alır. Beləliklə, Azərbaycan dörd istiqamətdə - Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində qaz ixrac etmək üçün lazımi marşrutlara malikdir.

Göründüyü kimi, ölkəmiz malik olduğu enerji ehtiyatlarını uğurla reallaşdırır və bu, artıq beynəlxalq miqyasda da açıq etiraf olunur, təqdir edilir. Dünyanın nüfuzlu qurumlarından olan Beynəlxalq Enerji Agentliyinin "World energy outlook 2010" adlı son illik hesabatında da bildirilir ki, Azərbaycan neftlə yanaşı, son illər həm də qaz hasilatçısı və ixracatçısı olan ölkəyə çevrilib. Hesabatda qeyd olunur ki, Xəzər qazının əsas alıcısı Rusiya olsa da, Avropa və Çin istiqamətlərinə satış da artacaq. Xüsusilə gələcəkdə Azərbaycandan Türkiyəyə doğru cənub dəhlizinin inkişaf etdirilməsi daha böyük həcmdə Azərbaycan qazının Qərbə doğru istiqamətlənməsinə imkan verəcək. Agentlik ekspertləri Azərbaycanın enerji ehtiyatlarından səmərəli istifadə baxımından Xəzərdəki qonşularından irəlidə olacağını gözləyir.

Bütün bunlar onu göstərir ki, dünyanın enerjiyə olan tələbatının artması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşıdakı illərdə mühüm rol oynayacaq dövlətlərdən biri kimi məhz Azərbaycan çıxış edəcək.

 

 

R.Məzahiroğlu

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S.1, 2.