Azərbaycan NATO-nun ciddi və fəal tərəfdaşıdır

 

NATO iqamətgahında Azərbaycanla mövcud dialoqu və əməkdaşlıq proqramını çox yüksək qiymətləndirirlər. Bütövlükdə NATO Azərbaycanı aktual problemlərin həllində mühüm tərəfdaşlardan olmağa çalışan ciddi və fəal bir ölkə sayır.

Bu sözləri Moskvada, mətbuat konfransında NATO-nun Rusiya paytaxtındakı İnformasiya Bürosunun direktoru Robert Pşel söyləmişdir.

Azərbaycanı "Sülh naminə tərəfdaşlıq" proqramının ən fəal ölkələrindən biri adlandıran R.Pşel demişdir: "NATO-nun fərdi tərəfdaşlıq proqramı vardır. Burada hər bir ölkə özünü nə maraqlandırırsa, onu da seçir və Azərbaycan bu imkandan çox ciddi surətdə istifadə edir. Azərbaycan müxtəlif sahələrdə çox fəaldır və biz böyük məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan, həmçinin alyansın Əfqanıstandakı əməliyyatında iştirak edir. Bu ölkədə yüzədək azərbaycanlı sülhməramlı xidmət edir. Bütün bunlar təsdiq edir ki, Azərbaycan və NATO birgə əməkdaşlığın inkişafına hazırdırlar".

NATO-nun Moskvadakı təmsilçisinin fikrincə, elə xüsusi sahələr vardır ki, məlum səbəblərdən Azərbaycan həmin sahələr üzrə olduqca əhəmiyyətli tərəfdaş sayılır. O demişdir: "Məsələn, bu, Azərbaycanın enerji resurslarının daşınmasının təmin edilməsi məsələlərində təcrübəsi və bu məsələlərə münasibəti və sairdir".

R.Pşel Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq bildirmişdir ki, təmsil etdiyi qurum bütün münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlıdır. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın bu məsələ ilə bağlı mövqeyi vardır. O, öz səlahiyyətləri çərçivəsində görüşlərə hazırlaşır. R.Pşel demişdir: "Yaxın vaxtlarda onun regiona səfəri gözlənilir. NATO sabitlikdə və bütün regional məsələlərin həllində maraqlıdır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S. 1.