Minskdə MDB ölkələri
Daimi Səlahiyyətli Nümayəndələr
Şurasının birinci iclası keçirilmişdir
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, MDB-nin üzvü olan ölkələrin Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası yanvarın 28-də Minskdə, qurumun İcraiyyə Komitəsində keçirilmişdir.
Tədbirdə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak etmişdir.
Bu iclas Tacikistan Respublikasının Birliyin Nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Kozidovlat Koimdodovun sədrliyi ilə keçirilən ilk görüş olmuşdur. Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının 2010-cu il 10 dekabr tarixli qərarı ilə qurumun bütün ali orqanlarında sədrlik Tacikistana keçmişdir.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri beş məsələni müzakirə etmişlər. Bu məsələlərdən biri informasiya sahəsində qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün 1995-ci ilin noyabrında yaradılmış MDB Ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətinə aid idi. Həmin məsələ ilə bağlı İTAR-TASS agentliyinin nümayəndəsi Boris Qruşin çıxış etmişdir.
O xatırlatmışdır ki, informasiya şurasının üzvləri olan dövlət informasiya agentlikləri qarşısında duran əsas məsələlərdən biri Birlik məkanında inteqrasiya prosesləri barədə əhalini məlumatlandırmaqdır. Bu məqsədlə MDB-də təşkil olunan tədbirlər müntəzəm olaraq işıqlandırılır. Şura Birlik məkanında medialayihələr təşkil edir və həmin layihələrdə yaxından iştirak edir.
Birlik ölkələrinin daimi səlahiyyətli nümayəndələri 2011-ci il üçün fəaliyyət planı cızmış, Xarici İşlər Nazirləri Şurasının aprelin 8-də Kiyevdə keçiriləcək iclasının gündəliyi layihəsinə təklifləri gözdən keçirmişlər.
Daimi Səlahiyyətli
Nümayəndələr Şurasının iclası MDB-nin
hüquqi aktlarının və digər sənədlərinin
vahid reyestrinin məlumat bankının yeni versiyasının təqdimatı
ilə başa çatmışdır. Yaxın vaxtlarda
bütün internet istifadəçiləri Birliyin İcraiyyə
Komitəsinin saytında (www.cis.minsk.by) bankın məlumatlarından
istifadə edə biləcəklər.
Azərbaycan.- 2011.- 30 yanvar.- S. 2.