Ermənistan üzərində üstünlüyümüz daha da möhkəmlənir

 

Vahimə içində olan işğalçı dövlət diplomatik və hərbi müstəvidə daha böyük fərq nisbəti ilə ölkəmizə məğlub olur

 

Dinamik inkişaf göstəricilərinə malik Azərbaycan sosial-iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi nailiyyətlərə görə dünya miqyasında nümunəvi ölkələrdən biri kimi tanınır. Qarşıdakı müddət ərzində isə Azərbaycanı daha qüdrətli dövlət halına gətirəcək uğurların miqyasının davamlı olaraq genişlənəcəyi artıq beynəlxalq aləmdə də birmənalı şəkildə qəbul edilir. Çünki ölkəmizin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində artıq Azərbaycanı daha irəliyə aparacaq, inkişafını mütəmadi şəkildə sürətləndirəcək möhkəm bazis formalaşdırılıb.

 

Bu kontekstdə Azərbaycan yeganə əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də nümayiş etdirdiyi qətiyyətli mövqeyini günü-gündən gücləndirir. İstər diplomatik, istərsə də hərbi müstəvidə ölkəmizlə təcavüzkar dövlət arasında fərq zaman keçdikcə daha böyük nisbətlə Azərbaycanın lehinə dəyişir. Bu gün elə düşmən tərəfin özündə də etiraf edilir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyə malikdir. Diplomatiya cəbhəsində isə erməni tərəfi artıq dəfələrlə məğlubiyyət acısını dadıb və 2010-cu il də bu baxımdan zəngin oldu. Dünya yenə də Ermənistanı işğalçı ölkə kimi qəbul etməsinə dair açıq mesajlar verdi, bunu konkret rəsmi sənədlərdə bir daha təsbit etdi. Cari ildə də qeyd olunan istiqamətdə Azərbaycanın fəaliyyətinin daha da güclənəcəyi şübhəsizdir. Prezident İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bununla əlaqədar bildirmişdir: "Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur".

Xatırladaq ki, ötən ilin mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 2216 nömrəli qətnamə qəbul edib. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilib. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi zamanı doğma yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün pozulmuş insan haqlarından ciddi narahat olduğunu bəyan edən Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edir. Eyni zamanda məcburi köçkünlərin doğma evlərinə qayıtması prosesi zamanı və keçid mərhələsində əhalinin təhlükəsizliyini BMT Nizamnaməsi əsasında təmin etmək üçün həmin ərazilərdə beynəlxalq qüvvələrin yerləşdirilməsinin vacibliyi vurğulanır. Qətnamə münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamaqla Ermənistanın işğalçı tərəf olduğunu bir daha özündə əks edir.

Lakin sözügedən qətnaməni fərqləndirən əsas cəhət bununla yekunlaşmır. Belə ki, qətnamə qəbul edilməzdən əvvəl erməni lobbisi və bütövlükdə Ermənistanın diplomatik dairələri onun məzmununun dəyişdirilməsi və ya qəbulunun əngəllənməsi məqsədilə ciddi fəaliyyətə keçsələr də buna nail ola bilmədilər. Bu vəziyyət isə qətnamənin qəbulu ilə yanaşı ermənilərin ikiqat fiaskoya uğramasının daha bir göstəricisi oldu. Beləliklə, Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə indiki status-kvonun aradan qaldırılması birmənalı şəkildə tələb edilir və qeyd olunur ki, bu vəziyyət zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmə olmadan yaranıb. Bütün bunlar isə birmənalı şəkildə Azərbaycanın maraqlarına cavab verir.

Ötən il ərzində Ermənistana vurulan növbəti diplomatik zərbə isə noyabrın 19-20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı zamanı oldu. Bu dəfə də zirvə toplantısında qəbul ediləcək qətnaməyə qarşı erməni tərəfi cidd-cəhdlə hərəkətə keçsə də nəticə hasil olunmadı və adıçəkilən təşkilat yenə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgilədi. Halbuki Ermənistan NATO-nun bu mövqeyinin dəyişməsi üçün çoxsaylı cəhdlər edirdi. Belə ki, Lissabondan öncə NATO-nun sonuncu Strasburq-Kehl sammitində təşkilata üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməməsi üçün Ermənistan hərəkətə keçmişdi. Hətta sözügedən məsələ ötən ilin may ayında Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə - NATO-nun qərargahına səfəri zamanı da diqqət mərkəzində olmuşdu. O, təşkilatın Baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişdi. Sarkisyan Azərbaycan tərəfindən mümkün hərbi əməliyyatların başlayacağı təqdirdə, NATO-nu hərbi müdaxilə etməyə çağırmışdı. Lakin Ermənistanın bu istiqamətdə uzun müddət davam edən səylərinə baxmayaraq, NATO ölkələri işğalçı dövlətin cəhdlərinin əbəs olduğunu Lissabon toplantısında bir daha rəsmi Yerevanın diqqətinə çatdırdı. Təşkilat Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini yekun bəyannaməsində növbəti dəfə rəsmi mövqe kimi ortaya qoydu.

Lissabon Bəyannaməsinin 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etdi.

Bəyannamədə ərazi bütövlüyü məsələsi ilə bağlı qeyd olunur ki, Şimal Alyansı Gürcüstanın, Azərbaycanın və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir. Bir daha xatırladaq ki, bu bəyannamədə Azərbaycanın da ərazi bütövlüyü tanındığı üçün Ermənistan, ümumiyyətlə, sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Lakin bəyanatın mətni əvvəlcədən üzv ölkələrlə razılaşdırılıb və Ermənistanın bu istəyi heçə sayılıb.

Ötən ilin dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in VII sammiti də Ermənistan üçün uğursuz oldu. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sammitdə etdiyi çıxışla ATƏT-ə üzv və tərəfdaş ölkələrinin diqqəti bir daha Azərbaycan ərazilərinin işğalına, bundan doğan və ümumi regionda da təhlükəsizliyə hədə yaradan mənfi fəsadlara yönəldi. Bu, Ermənistana növbəti və kifayət qədər ciddi diplomatik zərbə olmaqla yanaşı, işğalçı ölkənin həyata keçirdiyi təcavüz siyasətinin mahiyyətinin yenidən dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Beynəlxalq birlik Ermənistanın işğal zamanı hansı vəhşətlərə yol verməsi, törətdiyi soyqırımları, etnik təmizləmələr barədə bir daha məlumatlandırıldı.

Sammitin ən mühüm və kifayət qədər diqqət cəlb edən cəhətlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "3+2" formatında qəbul edilən bəyanatdır. Bu bəyanat Ermənistan üçün növbəti diplomatik məğlubiyyət oldu. Çünki Astanada verilən bəyanatda ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən təsdiqlənən Akvill və Muskoka sənədlərinə istinad olunur. Həmin sənədlər Ermənistanın işğalçı ölkə olduğunu təsbit edir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə çözümünə dəvət edir. Buna nail olmaq üçün həmsədr ölkə rəhbərləri ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geriyə qaytarılmasını əsas şərt və baza prinsiplərindən biri kimi irəli sürürlər.

Düzdür, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmadı, lakin sammit çərçivəsində Azərbaycanın istəyi ilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən xüsusi bəyanat verildi ki, burada da Helsinki Yekun Aktının prinsipləri əks olundu. Bəyanat ATƏT-in sədri tərəfindən verildiyi üçün sammitin rəsmi sənədi kimi qəbul olunur. Sözügedən sənəd ölkəmizin maraqlarına uyğundur. Çünki münaqişənin həlli üçün ölkəmiz tərəfindən təklif edilən əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki Yekun Aktında qeyd olunduğu kimi, müqəddəratı təyinetmə hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirilməlidir.

Bütün bunlar ötən il ərzində Ermənistanın işğalçı dövlət olaraq diplomatik sferada ciddi məğlubiyyətlər yaşadığını bir daha qabarıq şəkildə büruzə verir. Lakin Azərbaycan təkcə diplomatik yox, hərb sferasında da mövqelərini davamlı olaraq gücləndirib və ötən il də bu baxımdan zəngin oldu. Təbii ki, belə vəziyyət Ermənistanın, bütünlükdə ermənilərin yaşadığı vahiməni daha da artırır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bununla əlaqədar demişdir: "Digər tərəfdən, o da heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər".

Azərbaycanın Ermənistan qarşısında böyük hərbi üstünlüyə malik olması düşmən dövlətin özündə də qəbul olunur. Bu səbəbdən müharibə başlanacağı təqdirdə onun nəticələrinin necə olacağı da ermənilərə yaxşı məlumdur. Düşmən tərəf onu da aydın dərk edir ki, bütün əsas sahələrdə olduğu kimi, hərbi sferada fərq daha böyük nisbətdə Azərbaycanın lehinədir. Ordunun döyüş qabiliyyəti, şəxsi heyətinin sayı, maddi-texniki təminatı, hazırlıq səviyyəsi və digər mühüm parametrlər baxımından Azərbaycanla Ermənistanı əslində müqayisə etmək mümkün deyil. Çünki fərq nisbəti olduqca böyükdür. Elə bu səbəbdəndir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçməməsi üçün ermənilər xarici ağalarına, havadarlarına indi daha çox yalvarmaqdadır. Lakin Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərinə müvafiq olaraq ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək hüququnu özündə saxladığını dəfələrlə açıq şəkildə bəyan edib.

Belə vəziyyətdə düşmənin qorxu içində yaşaması, vahimədən əsməsi də təbiidir. Digər tərəfdən bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı günün də uzaqda olmadığını qətiyyətlə söyləməyə əsas verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S. 2.