Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşların
problemləri dövlətin diqqət mərkəzindədir
Yanvarın 26-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötənilki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. Komissiyanın iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini və qurumun müdafiə məsələləri üzrə əlaqələndiricisi xanım Silvi Qrenişer də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır və müharibə vəziyyəti davam edir. Bu isə əsir və girov kimi humanitar problemin, insan taleyi və iztirablarının davam edəcəyi baxımından ciddi narahatlıq doğurur. Ötən il Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət qaytarılmaması ilə bağlı böyük ictimai rezonans doğurmuş hadisəni xatırladan sədr Eldar Mahmudov vurğulamışdır ki, bu, həmin ölkənin beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.
Hadisə baş verən andan bu məsələ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, şəhid hərbçilərimizin meyitlərinin alınması ilə bağlı dövlətimizin başçısı tərəfindən bütün göstəriş və tapşırıqlar verilmişdir. Ölkə rəhbərinin ciddi səyləri nəticəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan Bəyannaməsinə uyğun olaraq, noyabrın 6-da şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınmışdır. Prezident İlham Əliyevin iştirakı ilə onların xatirəsinə həsr olunmuş vida mərasimi keçirilmişdir.
Ötən ilin aprel ayında komissiyanın sədri Eldar Mahmudov Dövlət Komissiyasının dəvəti ilə respublikamızda səfərdə olmuş, hazırda Kiyev Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının müdiri, MDB Antiterror Mərkəzinin koordinatoru general-mayor Antipenko Vladimir Fyodoroviç və göstərilən təhsil müəssisəsinin professoru olan soydaşımız Quliyev Arif Cəmili qəbul etmişdir. Görüş zamanı qonaqlara Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaranması zərurəti və keçdiyi yol barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana ərazi iddialı təcavüzü zamanı işğalla yanaşı, digər beynəlxalq hüquq normaları da pozulmuşdur.
Dövlət
Komissiyasının sədri 24 noyabr 2010-cu il tarixdə Beynəlxalq
Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin
başçısı xanım Şerin Pollinini də qəbul
etmişdir. Görüşdə 4 noyabr və 6 noyabr 2010-cu il
tarixlərdə qoşunların təmas xəttində
keçirilmiş əməliyyatlar - meyitlərin
qarşılıqlı verilməsi, girovun azad olunması, eyni
zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən
hər iki tərəfdə saxlanılan əsir və girovlara
başçəkmələr haqqında, Azərbaycan
Respublikası ərazisində mövcud olan cəzaçəkmə
müəssisələrində və istintaq təcridxanalarında
saxlanılan şəxslərin vəziyyətinin
yoxlanılması ilə bağlı saziş barədə,
Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş
şəkildə idarə olunması üzrə çərçivə
sazişi ilə bağlı işin gedişi müzakirə
olunmuşdur.
Ümumiyyətlə, ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 30-a yaxın görüş keçirilmiş, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirlməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən il ərzində əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması, həmçinin meyitlərin qaytarılması istiqamətində danışıqlar aparılmışdır.
Azərbaycan Respublikasının təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarılığı tərəfindən qəbul olunmuş "İtkin düşmüş şəxslər" adlı ARES63183 saylı Qətnamə ilə bağlı İnsan Hüquqları Şurasının müvafiq sessiyasında və Baş Assambleyanın 65-ci sessiyasında Baş katib tərəfindən dolğun məruzənin təqdim olunması üçün adıçəkilən qətnamənin həyata keçirilməsi barədə ətraflı məlumat hazırlanaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmişdir. Qətnamə bu il BMT tərəfindən qəbul olunmuşdur.
Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində 2-3 mart 2010-cu il tarixdə gecə vaxtı yolu azaraq Ermənistan Respublikasının ərazisinə keçmiş və bu ölkə hərbçilərinin atəşi nəticəsində həlak olmuş Qazax rayon sakinləri - 1982-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu və 1983-cü il təvəllüdlü Namazov Sakit Şərif oğlunun nəşləri 3 aprel 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır.
Qazax rayonu istiqamətində 8 oktyabr 2008-ci il tarixdə əsir götürülmüş, Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 7 aprel 2010-cu il tarixdə azad edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilmişdir.
Hər iki proses Ermənistan Respublikasının Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ilə sərhəd ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə Bəyanatına uyğun olaraq, tərəflər arasında qarşılıqlı olaraq 4 meyitin qaytarılması və bir nəfər mülki şəxsin azad olunması həyata keçirilmişdir. Proseslər 4 noyabr və 6 noyabr 2010-cu il tarixlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, cəbhənin Qazax və Ağdam rayonu istiqamətlərində aparılmışdır.
Hazırda Azərbaycan Respublikasının ərazisində cəmi 12 nəfər, o cümlədən 6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs saxlanılır. Həmin şəxslər Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatındadırlar və mandatına uyğun olaraq bu təşkilat onlara istənilən vaxt baş çəkə bilir.
Hazırda Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisi - 10 may 2009-cu il tarixdə Füzuli rayonu ərazisində əsir götürülmüş 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu və 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində əsir götürülmüş 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. Hər iki şəxs Ermənistan Respublikasının Yerevan şəhərində saxlanılır.
Hesabat dövründə aparılmış araşdırma zamanı 6 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək adı müvafiq siyahıya salınmış, 91 itkinin isə taleyi müəyyənləşdirildiyindən adları siyahıdan çıxarılmışdır. 91 nəfərdən 30 nəfərinin həlak olduğu, 21 nəfərinin itkin düşmədiyi, 34 nəfərin adının siyahıda təkrar keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı aydınlaşdırılmışdır. 1 dekabr 2010-cu il tarixə olan məlumata görə, Dövlət Komissiyasında 4048 nəfər itkin düşmüş, 1399 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi qeydiyyatdan keçir.
Dövlət Komissiyasının apardığı araşdırmalar nəticəsində hazırda itkin düşmüş şəxs kimi qeydiyyata alınmış vətəndaşlarımızın böyük bir hissəsinin hərbi əməliyyatların gedişində əsir və girov götürülməsi faktları müəyyənləşdirilmişdir. Bu faktlar, bir qayda olaraq, beynəlxalq təşkilatlarla aparılan danışıqlarda, xarici ölkələrə səfərlər zamanı həmişə diqqət mərkəzində olur. Onların sonrakı taleyi barədə məlumatların verilməsi Ermənistandan tələb edilir. Lakin Ermənistan tərəfi hələ də bu şəxslər barədə məlumatları israrla gizlətməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar informasiya mübarizəsində hücum taktikasına dair tövsiyələrinə uyğun olaraq, hesabat dövründə müxtəlif beynəlxalq tədbirlərdə - elmi konfrans, seminar və simpoziumlarda, habelə komissiya üzvlərinin gördüyü digər işlərdə problemin həlli ilə bağlı aparılmış müzakirələr, qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verilmişdir.
Xocalı, Qaradağlı və Şuşanın işğalının ildönümü, 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ölkə ərazisində keçirilmiş tədbirlərdə Dövlət Komissiyasının üzvləri və işçi qrupunun əməkdaşları fəal iştirak etmiş, bununla bağlı komissiyada olan materiallar əsasında ictimaiyyətə əlavə məlumatlar verilmiş, çıxışlar edilmiş, kitablar və kompakt disklər yayılmışdır.
Ermənistanın Azərbaycana təcavüzü, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırım cinayəti barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı qətliamının 18-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Dövlət Komissiyası Azərbaycan Respublikasının Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirmişdir. Tədbirlərin iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, fotoşəkillər və digər əyani vəsaitlər və "Xocalı uşaqların gözü ilə" şəkil sərgisi nümayiş etdirilmişdir. Tədbirlər Küveytin "Kuwait I" və "Əl-Vətən" telekanalları, "Əl-Ray", "Ən-Nahar", "Al-Qabas" və "Arab Times" qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif kütləvi informasiya vasitələrinin, o cümlədən tanınmış "The National", "Aviamost", "Awraq Publishing" və digər qəzet, jurnalları tərəfindən geniş işıqlandırılmışdır.
Dövlət Komissiyası işçi qrupunun əməkdaşları Amerika Birləşmiş Ştatlarında, habelə Almaniya və Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən 31 mart Azərbaycanlıların Soyqırımı Günü, eləcə də 23 aprel və 9 may tarixlərində Nyu-York, Los-Anceles, Berlin, Köln, Frankfurt və Brüssel şəhərlərində təşkil olunmuş kütləvi tədbirlərdə iştirak etmiş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş cinayət faktlarını əks etdirən plakat və şüarlar, kitablar, filmlər, foto və videofaktlar nümayiş etdirmişlər.
23 fevral 2010-cu il tarixdə Dövlət Komissiyası Azərbaycan Müəllimlər İnstitutu ilə birlikdə "Vətənpərvərlik tərbiyəsinin formalaşmasında və Azərbaycan həqiqətlərinin yayılmasında ictimaiyyətin rolu" mövzusunda ümumrespublika konfransı təşkil etmişdir. Konfrans Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu təcavüz zamanı törədilmiş soyqırım, etnik təmizləmə, terror, insanlığa və bəşəriyyətə qarşı digər cinayətlər, o cümlədən əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktları ictimaiyyətin, xüsusən tələbə-gənclərin diqqətinə çatdırmışdır.
Dekabr ayında isə Dünya Azərbaycanlıları Konqresinin Almaniyanın Bonn şəhərində keçirilmiş XI qurultayında Dövlət Komissiyasının katibi iştirak etmiş, tədbir iştirakçıları olan və dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımız Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayət əməlləri barədə məlumatlandırılmış, yaşadıqları ölkələrdə yayılması üçün onlara əyani vəsaitlər təqdim olunmuşdur.
Beynəlxalq əlaqələrin inkişafı prosesində keçirilmiş tədbirlər zamanı dünyanın nüfuzlu təhsil ocaqlarının məzunları bizə müraciətlər edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş soyqırım, müharibə, insanlığa və bəşəriyyətə qarşı cinayətlərin, o cümlədən əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə bağlı diplom və elmi tədqiqat işlərinin aparılmasına şərait yaradılmasını xahiş edirlər.
Son dörd ildə aparılmış araşdırmalar nəticəsində intensiv hərbi əməliyyatların gedişində əsir və girov götürülməsi faktı məlum olmuş 200 nəfərdən artıq şəxsin 125-i barədə materiallar sistemləşdirilərək yeni - "QSM-7" təsdiq edir" adlı kitab nəşr edilmiş və kitabın DVD versiyası Azərbaycan və ingilis dillərində hazırlanmışdır.
Hesabat dövründə Dövlət Komissiyası tərəfindən hazırlanmış materialların xüsusən xarici ölkələrdə yayılmasına ayrıca diqqət yetirilmişdir. 1500 nüsxədə Dövlət Komissiyasının materiallar toplusu, 15 adda 6 mindən artıq kitab, 11 adda 17 mindən çox kompakt disk yayılmışdır.
Ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılmış, komissiyanın gördüyü işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir.
Firudin SADIQOV,
Əsir və itkin
düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası
işçi qrupunun rəhbəri
Azərbaycan.- 2011.- 30 yanvar.- S. 3.