Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı daha bir məruzə üzərində iş başa çatmışdır

 

Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin xətti ilə hazırlanan bu məruzə "Hərbi münaqişələr və ətraf mühit" adlanır. Məruzənin müəllifi deputat Rafael Hüseynov əvvəllər də bu komitənin xətti ilə bir məruzə hazırlamış və həmin məruzə ötən sessiyanın sonlarında böyük müvəffəqiyyətlə qəbul edilmişdi. İndiki məruzə isə Azərbaycanın maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məsələ ilə əlaqədar məruzə müəllifi Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbirinə demişdir: "Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında gerçəkləşdirdiyi başlıca fəaliyyət istiqamətlərindən biri Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və insanlarımıza dəyən ziyanın ən müxtəlif təfərrüatlarını Avropa və dünya ictimaiyyətinə çatdırmaq, eləcə də, qəsbkar dövlətin işğal siyasətinin həyatın bütün sahələrinə zərbə vuran fəsadları ilə bağlı sənədlər hazırlamaq, çıxışlar etməkdir.

Erməni işğalından ən çox zərər çəkən sahələrdən biri isə ekologiyamızdır. İndiyədək AŞ PA-da müharibə və davam edən təcavüzlər nəticəsində sularımızın və torpaqlarımızın zəhərlənməsi, meşələrimizin vəhşicəsinə qırılması, ərazilərimizin yandırılması ilə bağlı 2001-ci ildən etibarən 8 sənəd hazırlamışam. Komitələrdə, siyasi qruplarda və Assambleyanın açıq iclaslarında isə bu mövzularda son 10 ildə yüzlərcə çıxışımız olmuşdur. İndi isə daha bir məsul məruzənin mənə həvalə edilməsi, zənnimcə çox əlamətdardır. Əslində mənim istəyim o idi ki, bu məruzəni həmfikir olduğumuz başqa bir avropalı deputat hazırlasın, mən isə ona ermənilərin ekologiyamıza qarşı amansız davranışları haqqında çoxlu materiallar təqdim edim. Çünki işğala məruz qalmış ölkənin nümayəndəsi olsam, problemi yaxşı bilsəm də, Avropa Şurasının məruzəçisi olduğumdan, mətndə ilk növbədə Assambleyanın mövqeyini ifadə etmək vəzifəsini daşıdığımdan öz həqiqətlərimiz haqqında daha geniş bəhs etmək imkanım müəyyən qədər məhdudlaşır. Elə düşündüyüm kimi də etmişdik, Belçikadan olan deputat Daniel Dukarmenin namizədliyini mən irəli sürmüşdüm, ona lazım olan materialları yığmışdım, bizə aid hissələri də təxminən tam halda yazaraq ona çatdırmışdım. Lakin deputat D.Dukarmenin vəfatı vəziyyəti dəyişdi, mövzu üzrə yeni məruzəçi təyin etmək zəruriyyəti yarandı. Bu dəfə isə çox ehtiyatlı tərpənmək tələb olunurdu. Çünki mövzu bizə heç də yaxşı münasibət bəsləməyən, bədxah qonşularımızla isti əlaqələri olan ayrı bir komitə üzvünə tapşırıla bilərdi. Lakin komitə hərbi münaqişələr və ətraf mühit məsələləri ilə mənim ardıcıl məşğul olduğumu bildiyindən məruzəni hazırlamağı mənə həvalə etdi.

Artıq məruzə hazırdır və onun ingiliscə mətnini komitəyə təqdim etmişəm. Komitənin ekspertləri mətni diqqətlə nəzərdən keçirərək onun Avropa Şurasının belə hesabatlar üçün nəzərdə tutduğu bütün tələblərə və standartlara cavab verdiyini təsdiqləmişlər.

Məruzədə bütövlükdə hərbi münaqişələrin ekologiya üçün fəlakət mənbəyi olması zəngin faktlarla izlənilir. Həm də problem yalnız Avropa ölkələri çərçivəsində deyil, bütövlükdə dünyada araşdırılır. Axı ölkələr bir-birindən sərhədlərlə ayrılsalar da, təbiət dəqiq cızılmış sərhədlər tanımır. Biz ortaq səmanın altında yaşayırıq, ortaq dənizlərimiz, müştərək çaylarımız vardır. Hansısa bir ölkədə baş verən ətraf mühit çirklənmələri və zəhərlənmələrinin əks-sədası dərhal qonşu ölkələrdə də üzə çıxır. Ona görə də ümumi asayişimiz və rahat həyatımız naminə işğallara, hərbi təcavüzlərə ilk növbədə son qoyulmalı, onların zəncirvari fəsadları, ağır nəticələri aradan qaldırılmalıdır. Məruzənin əsas ideyalarından biri budur.

Hesabatın ayrı-ayrı fəsillərində Əfqanıstan, İraq, İsrail, Qəzzədən tutmuş Kosovoya və Cənubi Qafqaza qədər onlarca məkanın və insanların hərbi münaqişələrdən çəkdiyi əziyyətlərdən, ətraf mühitə vurulan yaralardan söz açılır. Azərbaycana qarşı Ermənistanın apardığı ekoloji terror siyasəti də məruzədə ətraflı təsvir edilir".

"Hərbi münaqişələr və ətraf mühit" adlı məruzə yalnız azərbaycanlı deputat Rafael Hüseynovun hazırlamış olduğu məruzə kimi yox, həm də Azərbaycan həqiqətlərini Avropa Şurası kimi sanballı bir tribunadan obyektiv şəkildə ifadə etmək üçün daha bir ciddi imkan kimi diqqətəlayiqdir.

Komitədən verilən məlumata görə, həmin məruzənin AŞ PA-nın yay sessiyasında gündəliyə salınması nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S. 3.