Avropa Şurasında növbəti
erməni saxtakarlığı
Ermənistan mətbuatında insanları aldatmağa yönələn növbəti yalan şousu başlanmışdır. Avropa Şurasında bütün parametrlər üzrə miskin vəziyyətə düşmüş Ermənistan hakimiyyəti vətəndaşlarının nəzərində özünə bəraət qazandırmaqdan ötrü yeni yalanlar uydurur. Guya Avropa Şurası qış sessiyasında Dağlıq Qarabağın müstəqil respublika olması və heç vaxt da Azərbaycanın tərkibinə daxil olmaması haqda qətnamə qəbul etmişdir. Həqiqətlə heç bir əlaqəsi olmayan bu məlumatı şərh etməsi üçün AzərTAc-ın xüsusi müxbiri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynova müraciət etmişdir.
R.Hüseynov demişdir: Ermənistanın daim məlum faktları baş-ayaq çevirərək təhrif etməsi, erməniliyin saxtakar mahiyyəti bizə və onları yaxşı tanıyanlara çoxdan məlumdur. Avropa Şurasında da artıq deputatların əksəriyyəti bu həqiqəti yaxşı anlayırlar. Lakin təəssüf olsun ki, ermənilər heç vəchlə qanlarına işləmiş bu saxtakarlıq mərəzindən əl çəkmək istəmirlər. Onlar da bizimlə eyni vaxtdan Avropa Şurasındadırlar, lakin öyrənməyi, demokratiya dərsləri almağı, saxtakarlıqdan aralanmağı istəmirlər ki, istəmirlər. Ermənilərin qış sessiyasının sonunda öz mətbuatlarında bu hay-küyü qaldırması səbəbsiz deyildir. Ermənistan tərəfi çox çalışırdı ki, Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə alt komitə ləğv olunsun, bu komitənin fəaliyyəti birdəfəlik dayandırılsın. Lakin ermənilərin bu cəhdləri tam fiaskoya uğradı. Əksinə, Parlament Assambleyası həmin komitəni daha işlək bir orqanizmə çevirmək, yetərincə canlandırmaq üçün ciddi addımlar atır və bu məsələnin AŞ PA bürosuna çıxarılması da söylənənlərin əyani sübutudur. Avropa Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsində mövqeyi birmənalı şəkildə aydındır. Bu mövqe Assambleya tərəfindən 2005-ci il yanvarın 25-də qəbul edilmiş 1416 saylı qətnamədə əks olunmuşdur. Orada aydın şəkildə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdir, Dağlıq Qarabağda separatçı rejim mövcuddur. Başda BMT olmaqla dünyanın bütün mötəbər beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu təsdiqləyir. Dünyada Dağlıq Qarabağ adlı müstəqil bir varlığı Azərbaycandan kənarda heç bir dövlət, hətta Ermənistanın özü də rəsmən tanımır. Lakin bunlara rəğmən Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti yanvarın 27-də "Dağlıq Qarabağ Respublikası tərəfindən demokratik dövlət qurulması" adlı bəyanat hazırlamışdır. Həmin bəyanatın sərlövhəsindən sonra gələn ifadə budur: "Bu yazılı bəyanat yalnız onu imzalayanların arasında müzakirə edilə bilər". Başqa sözlə, buradan ermənilərin ilk saxtakarlığı üzə çıxır. Yəni bu mövqe, heç cür Avropa Şurasının adına çıxıla bilməz, sadəcə ona qol çəkmiş bir neçə şəxsin fikridir. Bəs qol çəkənlər kimlərdir? Ermənilər özləri və bir neçə nəfər də elə tam erməni mövqeyində olan fransız deputatlar. Məsələn, onlardan biri Fransua Roşeblandır ki, onun ifrat erməniçi, qeyri-obyektiv baxışları, çox zaman "Roma Papasından da artıq katolikə" çevrilərək hətta Ermənistan müxalifətinə də Ermənistan hakimiyyətini tənqid etdiyi üçün qəzəblənməsi Assambleyada hər kəsə bəllidir. Onun çıxışları, baxışları burada ciddi qəbul edilmir. Onun muzdlu, idarəolunan şəxs olması məşhurdur.
Yaxud onun başqa tayı, daha bir ələbaxan, təbii ki, müəyyən maraqlar naminə erməni diktəsi ilə danışan, hərəkət edən Rene Ruqe. Azərbaycan sərhədlərini pozduğuna, Dağlıq Qarabağa qanunsuz keçdiyinə görə onun Azərbaycan hökuməti tərəfindən tənbeh olunması bəllidir və fransız deputatın həmin qanunazidd əməlləri haqda Avropa Şurasında biz də bir neçə dəfə məsələ qaldırmışıq. Onun sağalmaz erməniçiliyi və tam qeyri-obyektivliyi də artıq AŞ PA kürsüsündən elan edilmiş faktdır. Onun belə bir erməni yalanına şərik çıxması təəccüblü yox, gözləniləndir.
Lakin təəssüfləndirici haldır ki, həmin saxta bəyanatın altında daha bir neçə nəfər aldadılmış şəxsin də imzası vardır. Nəyə görə aldadılmış? Aydın məsələdir ki, Roşeblan kimi erməniləşmiş fransızlar ermənilərin təqdim etdiyi istənilən iftiraya, hərzə-hədyana, yalana gözüyumulu imza atırlar. Lakin bu 4 cümlədən ibarət bəyanatda elə ciddi tarixi və siyasi saxtakarlıqlar, yalanlar, təhriflər var ki, normal düşünən siyasətçi qətiyyən ona imza atmaz. Ermənilər bir neçə deputatı məhz aldadaraq həmin bəyanata imza atmağa sövq etmişlər. Biz rəsmən, əsl həqiqətlərin nələrdən ibarət olduğunu göstərməklə, həmin 4 cümləlik bəyanatda hansı yalan və saxtakarlıqların olduğunu açıqlamaqla imza atan şəxslərə, onların təmsil etdikləri parlamentlərin rəhbərliklərinə müraciətlər göndəririk. İnanıram ki, aldadıldıqlarını başa düşən həmin şəxslər bəyanatdakı imzalarını geri götürəcək və bununla da həmin bəyanat yetərli sayda imza olmaması səbəbi ilə dərhal ləğv olunacaqdır. Bu da öz növbəsində AŞ PA-da və beynəlxalq nəzərlərdə Ermənistanın daha bir ifşası və iflası olacaqdır.
Ancaq həmin bəyanatdakı yalan və saxtakarlıqlar barədə qısaca da olsa, məlumat vermək istərdim. Həmin bəyanatın əvvəlində ağa həyasızcasına qara deməyə adət etmiş və bu yalana başqalarını da aldadaraq şərik etməyə çalışan ermənilər göstərirlər ki, guya Dağlıq Qarabağ heç vaxt, hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən də Azərbaycanın tərkibində olmamışdır. Tarix elmi, ən ciddi sənədlər və bu yalanı uyduran ermənilər özləri də dəqiq bilirlər ki, nəinki Dağlıq Qarabağ və indi Ermənistan ərazisi sayılan Göyçə mahalı, Zəngəzur, hətta bu gün Ermənistanın paytaxtı olan Yerevan da əslində Azərbaycanındır və 1918-ci ildə orada respublika qurularkən həmin ərazi onlara Azərbaycan tərəfindən məhz orada paytaxt təşkil edilməsi məqsədi ilə verilmişdir.
Bu riyakar bəyanatda 1991-ci ildə Dağlıq Qarabağda guya müstəqilliklə bağlı referendum keçirildiyi, bunu bir çox beynəlxalq müşahidəçilərin tanıdığını yazırlar. Yalandır. Birincisi, elə bir referendumun heç bir hüquqi əsası yoxdur, bu stəkanda fırtına yaratmaq təşəbbüsü, böyük siyasət nöqteyi-nəzərindən uşaqcasına evcik-evcik oynamaq cəhdi idi və dünyada heç bir dövlət, heç bir mötəbər qurum o referendumu tanımamışdır. Heç Ermənistan dövləti də onu qəbul etməmişdir. Bu həqiqəti bilməyən bir neçə təcrübəsiz deputatı isə ermənilər o yalana imza atdırmağa nail olublar. Əminəm ki, səhvlərini anlayıb imzalarını geri götürəndən sonra həmin deputatlar bundan sonra ermənini yaxşı tanımış olacaq və gələcəkdə onlara münasibətdə hansı mövqedə durmağı düzgün müəyyənləşdirəcəklər. Beləliklə, ermənilər bu saxtakar addımları ilə tərəfdar qazanmaq istədikləri halda bir neçə aldadılmış şəxsin qismində barışmaz əleyhdarlar əldə etmiş olacaqlar.
Heç kəs ağılsız insana onun özünün etdiyi pislikdən artıq pislik edə bilməz. Tək-tək ağılsıza nə şəkildəsə çarə etmək, onları doğru yola qaytarmaq olar. Ermənistanda bu işin kütləvi hal alması, erməni siyasətçiləri və erməni hakimiyyətindəkilərin əksərinin bu sindroma düçar olması təhlükəli, həmin dövləti və ölkəni uçuruma aparan xətadır.
Son olaraq, bu yalan, riyakar bəyanata bir neçə nəfər avropalı deputatı qoşmaqla ermənilər törətdikləri saxtakarlığa bəraət qazandırmağa çalışsalar da, bu, nəticə etibarilə onların öz başlarına növbəti bəla gətirməkdən başqa bir şey deyildir. Bu, ölçü, düzgünlük və ədalət hissini, bütövlükdə ağlını itirmişlərin öz başlarına açdıqları yeni bəladır.
Biz AŞ PA-nın ən yaxın komitə iclaslarında və növbəti sessiyada Assambleyanın açıq iclasında bu saxtakarlıq faktından Ermənistanı bir daha ifşa etmək üçün uğurla istifadə edəcəyik.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 30 yanvar.- S. 3.