Uşaq uronefrologiyasının
respublikada ilk yaradıcısı
Tanınmış uroloq-alim, tibb elmləri doktoru, professor, əməkdar həkim, respublika Transplantoloqlar Assosiasiyasının sədri, Uroloqlar Cəmiyyətinin sədr müavini, Avropa Uroloqlar Cəmiyyətinin üzvü Kamal Abdullayevin 70 yaşı, həkimlik fəaliyyətinin isə 47-ci ili tamam oldu. Həyatda hər kəsin bir ömür yolu var. İnsan bu yola böyük arzularla, ümidlərlə çıxır. Xoşbəxt o kəsdir ki, dönüb geriyə boylananda o arzularının böyük bir qisminin həyata keçdiyini görsün...
Kamal Abdullayev 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd sahə xəstəxanasında baş həkim vəzifəsindən başlamış, 1965-ci ildən 1972-ci ilədək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında stasionar şöbədə cərrah işləmişdir.
1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və operativ nefrologiya kafedrasının aspiranturasına daxil olub. Bu institut keçmiş Sovetlər İttifaqında həkimlərin təkmilləşdirilməsi sahəsində xüsusi çəkisi olan elm ocağı sayılırdı. Həmin illər ərzində alim özünü bacarıqlı cərrah və pedaqoq kimi göstərmiş, onun apardığı təkmilləşmə kurslarında keçmiş İttifaqın bir çox şəhərlərindən gələn həkimlər bilik səviyyələrini artırmaqla yanaşı, Kamal müəllimin pedaqoji fəaliyyətinin təsiri altında elmi işlə məşğul olmuş, urologiyanın müxtəlif istiqamətləri üzrə müdafiə edərək alimlik dərəcəsi qazanmışlar.
1973-cü ildə respublikada ilk dəfə olaraq Klinik Uroloji Xəstəxananın nəzdində uşaq uronefroloji şöbəsi yaradılmış və bu şöbəyə rəhbərlik Kamal Abdullayevə həvalə edilmişdi. O, uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq onun rəhbərliyi ilə "Uşaq uronefroloji xidmət" tibb sahəsi təşkil edilmiş və bugünə kimi onun inkişaf etdirilməsi üçün çox iş görülmüşdür.
Bacarıqlı cərrah 1978-ci ildə Moskvada namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, hələ Sovetlər İttifaqı vaxtı dəfələrlə Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada, Bolqarıstanda, Rusiyanın mərkəzi şəhərlərində və İran İslam Respublikasında elmi məruzələrlə çıxış etmişdir.
Təcrübəli həkim 1989-cu ilin dekabr ayında Bakı Baş Səhiyyə İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bu müddətdə respublikada siyasi və iqtisadi vəziyyət olduqca ağır idi. Dağlıq Qarabağda müharibə gedirdi. Respublikada tez-tez hakimiyyət dəyişikliyi baş verirdi. Belə şəraitdə Bakı şəhər səhiyyəsini düşdüyü ağır vəziyyətdən çıxarmaq böyük zəhmət və təşkilatçılıq bacarığı tələb edirdi. İşlədiyi qısa müddət ərzində Kamal müəllim bu çətinliklərin öhdəsindən layiqincə gələ bildi.
Uşaq urologiyası ilə yaxından məşğul olan Kamal Abdullayev 1990-cı ildə Azərbaycanda ilk dəfə olaraq respublika Uşaq Uroloji Xəstəxanasının əsasını qoymuş, hazırda həmin klinika böyük inkişaf yolu keçərək uroloji mərkəzə çevrilmiş, təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha geniş pasient kateqoriyasına "Uroloji mərkəz - Kamal Abdullayevin klinikası" MMC adı altında xidmət göstərir. İlk dəfə olaraq bu klinikada 23 böyrəkköçürmə əməliyyatı aparılmışdır.
Alimin fəaliyyəti çoxşaxəlidir. "İkitərəfli meqaureterin cərrahi müalicəsi" və "Hipospadiyanın cərrahi müalicəsi" adlı sənədli filmlərin çəkilişi onun adı ilə bağlıdır. "İkitərəfli meqaureterin cərrahi müalicəsi" adlı filminə görə Moskvada XTNS tərəfindən qızıl medala layiq görülmüşdür. K.Abdullayev 1975-ci ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
2001-ci ildə isə ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür. 2004-2005-ci illərdə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.
O, respublika Transplantoloqlar Assosiasiyasının sədri, Uroloqlar Cəmiyyətinin sədr müavinidir. Avropa məkanında fəaliyyət göstərən dünya şöhrətli həmkarları ilə birgə Avropa Uroloqlar Cəmiyyətində təmsil olunur. Görkəmli alimin indiyə qədər məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyası, Azərbaycanda və xarici ölkələrdə 130-dan artıq elmi məqaləsi çapdan çıxıb. Tibb aləmində professor Kamal Abdullayev həm də yüzlərlə insan üçün amansız xəstəlikdən nicat yoluna çevrilmiş səmərələşdirici təkliflərin müəllifi kimi tanınır.
Həkimlik çoxdan onun üçün adicə sənət deyil, taledir. Sahəsindən asılı olmayaraq - müəllim, mühəndis, sürücü, bənna, - fərq etməz, bəzən həyatımızda işinin elə biliciləri ilə qarşılaşırıq ki, onlar sanki dünyaya bu sənətin sahibləri kimi gəlmişlər. Bu düşüncəni formalaşdıran insanların öz sənətlərinə olan sevgisidir. Professor Kamal Abdullayevin öz sənətinə olan münasibətində də buna şahid olmuşuq. Ağ xalatın daha da işıqlandırdığı xoş, mehriban çöhrə, mülayim, ümidverici səs, qarşısındakının narahat ürəyini oxumaq və ovundurmaq qabiliyyəti... Əsl həkim üçün vacib sayılan bu cəhətlərin hamısını özündə birləşdirmək peşəyə, sənətə bağlılıq üçün ilkin şərtlərdəndir.
Üç qız övladı olmaqla böyük bir həkim nəsli ustad dərsini məhz ondan alıb. Professor Kamal Abdullayev həm də bacarıqlı təşkilatçı, gözəl kollektiv rəhbəridir. Qurub yaratdığı klinikada hər bir insan mehribanlıqla, səliqə-sahmanla qarşılanır. Bu münasibətlər rəhbər amiranəliyinə yox, peşə həmrəyliyinə söykənən mənəvi dəyərlər üzərində qurulub. Kamal Abdullayevin klinikasındakı işgüzar mühiti, kollektiv arasındakı qarşılıqlı hörməti təmin edən başlıca meyarlar budur.
Professor Kamal Abdullayev Yeni Azərbaycan Partiyasının üzvü, Cəlilabad Xeyriyyə Cəmiyyətinin sədri olaraq müxtəlif ictimai tədbirlərdə fəal iştirakı özünə mənəvi borc sayır. 1993-cü ildə Yeni Azərbaycan Partiyasının bu klinikada ilk təşkilatını yaratmışdır. Onun rəhbərliyi ilə yüzlərlə imkansız xəstəyə təmənnasız tibbi xidmətin göstərilməsi ulu öndər Heydər Əliyev ideyalarından irəli gələn və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün dövlətin ali məqsədi kimi uğurla həyata keçirdiyi humanizm kursuna, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın insanlara qarşı mərhəmətli olmaq çağırışlarına bacarıqlı alimin qoşulmaq cəhdidir. Kamal müəllim bununla bağlı deyir: Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı missiyanı uğurla davam etdirərək başqa sahələrlə yanaşı, səhiyyəyə göstərdiyi diqqət və qayğı həkimləri daha da ruhlandırır, xalqımızın sağlamlığı naminə üzərimizə düşən məsuliyyəti artırır.
Bu günlərdə professor Kamal
Abdullayevin 70 yaşı
tamam olur. 70 yaş
ucalığa can atan insanın bütün pillələri adlayıb ömrün kamillik məqamına yetdiyi yaşdır. Amma bizə belə
gəlir ki, Kamal Abdullayev ömür pilləsini qabaqlayaraq bu məqama çoxdan yetişib. Təqvimin
sərgilədiyi 70 rəqəmi
isə bizə Kamal Abdullayev nümunəsində kamala, kamilliyə
yetməyin sirri haqqında qısaca da olsa söhbət
açmaq fürsəti
verdi.
Gülhüseyn KAZIMOV,
filologiya elmləri üzrə
fəlsəfə doktoru
Azərbaycan.- 2011.-30
yanvar.- S. 8.