Geridönməz baharlar

 

Azərbaycan-türk ədəbiyyatının ucalığında dayanan Hüseyn Cavid əbədiyaşar bir sənətkardır. Onun şəxsiyyəti, yaradıcılığı və müqəddəs ocağı barəsində aparılan araşdırmalar davam etməkdədir. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində Hüseyn Cavidin həyatdan vaxtsız və nakam getmiş oğlu Ərtoğrol haqqında yazılmış "Bu dünyanın məzarları ağlamaz" adlı kitabın təqdimat mərasimi keçirildi.

Yeni nəşrin müəllifi Nizami Muradoğludur. Ərtoğrol Cavidin anadan olmasının 90 illiyinə həsr edilmiş kitabda bu işıqlı və zəkalı insanın yaradıcılığından, mənəviyyatından, ağır həyat tərzindən söhbət açılır, Cavidlər ailəsinə qarşı aparılan repressiyaların ağrı-acıları göstərilir.

Məclisi giriş sözü ilə Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu açdı. O bildirdi ki, Cavidlər haqqında ilk dəfə ən mükəmməl əsəri xalq yazıçısı Anar qələmə alıb. Ondan sonra ədəbiyyatşünas-alim Rafael Hüseynov, Azər Turan və başqaları da bu mövzuda gərəkli araşdırmalar aparıblar. Filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə "Bu dünyanın məzarları ağlamaz" əsərinin məziyyətlərindən söz açdı. Kitabın redaktoru Şəhla Gündüz, bədii qiraət ustası Şəmistan Əlizamanlı, yazıçı-publisist Flora Xəlilzadə, fəlsəfə doktoru Salatın Əhmədli və başqaları Hüseyn Cavid yaradıcılığından, onun mənəvi irsindən danışaraq müəllifin bu unudulmaz şəxsiyyətə bəslədiyi ehtiramı və diqqəti dəyərləndirdilər. Bütün çıxışlarda bir fikir ehtiramla vurğulandı ki, ümummilli lider Heydər Əliyev Hüseyn Cavid yaradıcılığına, onun ailəsinə, adının əbədiləşdirilməsinə daim diqqət və qayğı göstərib. Bu fakt həmişə dönə-dönə xatırlanır və qürur doğurur ki, Cavidin nəşi uzaq Sibirdən doğma Vətənə gətirildi. Ulu öndər Heydər Əliyev Naxçıvanda əbədi yaşayacaq bir abidənin - Cavidlər məqbərəsinin ucalmasına nail oldu. Əvvəl bir yerdə olan Cavidlər yenə də sonda məhz bu məqbərədə bir-birlərinə qovuşdular.

Məclisə yekun vuran kitabın müəllifi Hüseyn Cavidin bir misrasını dilə gətirdi: "Xəyal içində bəşər daima səadət arar".

 

 

Azərbaycan.- 2011.- 30 yanvar.- S. 8.