Dövlət İdarəçilik Akademiyasında gənclər günü münasibətilə "dəyirmi masa" keçirilib

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə "Müasir gənclərin sosial statusu" mövzusunda "dəyirmi masa" keçirmişdir.

Tədbiri giriş sözü ilə tədris işləri üzrə I prorektor, professor Əlikram Abdullayev açaraq son illər Azərbaycanda əldə olunan uğurlardan, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərindən iftixarla danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də 1993-cü ildən sonra gənclərin aparıcı qüvvəyə çevrilməsi, onların xarici ölkələrdə təhsil alması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də öz bəhrəsini verməkdədir. Bu siyasət hazırda ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev "Gənclərin mənəvi və əxlaqi tərbiyəsi - gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi", Milli Məclisin deputatı, Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli "Gənclərin sosial statusu və hüquqi təminatı", Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov "Gənclərin ictimai fəallığının artırılmasında QHT-nin rolu", Milli Məclisin deputatı, "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Tələbələrin təşkilatlanmasında Tələbə Gənclər Təşkilatları İttifaqının rolu" mövzusunda məruzələrlə çıxış etdilər.

 

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 2.