BTC-nin nəql etdiyi neft

 

 Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin dünya bazarlarına nəql etdiyi neft Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından çıxarılır.

AÇG-nin ərazisində 7 platforma fəaliyyət göstərir ki, bunların da 5-i hasilat platformasıdır. Hasil olunan neft sualtı borularla Səngəçal terminalına çatdırılır. Burada isə ilkin emaldan keçdikdən sonra əsasən BTC-yə vurulur.

Xatırladaq ki, keçən il AÇG yataqları 261,9 milyon barel, yaxud 35,4 milyon ton neft verib. Bu, gündə orta hesabla 717,6 min barel neft deməkdir.

Bu ilin əvvəlindən də hasilat və ixrac ahəngdarlıqla davam edir. Təkcə fevral ayı ərzində BTC ilə 2 milyon 450 min 872 ton Azərbaycan nefti nəql olunub. Kəmərin istifadəyə veriləndən indiyədək daşıdığı neftin həcmi isə 181 milyon tonu ötüb.

BTC-yə müəyyən miqdarda Türkmənistan nefti də qoşulur. Fevral ayında kəmər 326 min 676 ton türkmən nefti nəql edib.

BTC-nin üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək Ceyhan limanına çatdırdığı neft orada tankerlərə vurulur. Azərbaycan neftinin dünya bazarlarına yolu buradan şaxələnir...

 

 

 Azərbaycan.- 2012.- 1 aprel.- S. 1.