Azərbaycanı seçdiyi haqq yolundan heç bir qüvvə döndərə bilməz

 

Bu fikri Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirmişdir

 

Azərbaycan hökumətinin respublikanın regionlarının inkişafına xüsusi qayğı ilə yanaşmaqda əsas məqsədi bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var"  deyən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. II Dövlət Proqramı sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır.

Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkəyə daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət, eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi imkanımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır".

Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi həmişə diqqət mərkəzində saxlanılır. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən il də özəl sektorun inkişafına böyük qayğı göstərmişdir. Məhz ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə üç ildə Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artıb, ixracdan asılılıq azalıb.

Ölkə rəhbəri bununla bağlı demişdir: "Son illərdə özəl sektorun ümumi daxili məhsuldakı çəkisi artır. Ümumiyyətlə, ümumi daxili məhsulumuz çox sürətlə artır. Son 8 il ərzində 3 dəfə artmışdır. Heç bir başqa ölkədə belə nəticə olmamışdır. Çox sevindirici haldır ki, özəl sektorun çəkisi artır, təxminən indi bu pay 83 faiz civarındadır. Bu onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik. İnkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik".

Azərbaycanda həyata keçirilən ən mühüm sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının icrasıdır. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay müavinət alır. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının daha da yüksəldilməsinə nail olmaqdır.  Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır.

Sosial müdafiə sistemi, ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur. Məcburi köçkünlərin yaşayış səviyyəsini və mənzil-məişət şəratini daha da yaxşılaşdırmaqdan ötrü ötən il Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboyda isə 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.

Dünyanın iqtisadi sahədə ən mötəbər "beyin mərkəzi" olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görmüşdür. Azərbaycan əldə etdiyi bu nəticəyə görə MDB məkanında birincidir. İnkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda "Standart & Poor's" Azərbaycanın kredit reytinqini yüksəldir. Bu yaxınlarda "Böyük iyirmiliy"in xarici işlər nazirlərinin toplantısına Azərbaycan da dəvət edilmişdi. Keçmişdə Sovet İttifaqının tərkibində olan respublikalardan ancaq Azərbaycanın  belə bir mötəbər tədbirə dəvət edilməsi ölkəmizin böyük uğurlarından xəbər verir.

"Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü ölkədir. Bizim dostlarımızın sayı artır. Amma istəməyənlər də var və olacaqdır. Ancaq onların ayağımıza dolaşması bizi seçdiymiz yoldan döndərə bilməz. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik" deyən dövlət başçısı 2013-cü ilədək ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlərin həllini tapacağını da bildirmişdir. Bütün bunlar ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 1; 4.