Azərbaycanın iqtisadiyyatı davamlı inkişaf edir

 

 Martın 16-da keçirilən Milli Məclisin növbəti plenar iclasında Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Hesabatda Azərbaycan hökumətinin ötənilki fəaliyyəti, sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib. Hökumət qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün sosial-iqtisadi tərəqqinin davamlılığını təmin edən kompleks tədbirlər həyata keçirib. Nəticədə nəzərdə tutulan hədəflərə nail olunubPrezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə başlanan iqtisadiyyatın modernləşdirilməsi kursu öz bəhrəsini verib. Azərbaycanın artan iqtisadi gücünü bir daha təsdiq edən bu hesabat deputatlar və iqtisadçılar tərəfindən də müsbət qiymətləndirilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyir ki, 2011-ci ildə Azərbaycan iqtisadiyyatının istehsal, maliyyə və sosial sektorunda həyata keçirilən tədbirlər dünya iqtisadiyyatında baş verən mənfi meyillər fonunda müsbət nəticə kimi qiymətləndirilməlidir: "Ötən il qeyri-neft sektorunda 9,4 faizlik yüksək artımı nəzərə alıb fikir yürütsək, 2011-ci ilin sosial-iqtisadi nəticələrini iqtisadi artımın staqnasiya ilə balanslaşdığı kimi səciyyələndirmək olar. 2012-ci ilin ilk aylarının göstəriciləri göstərir ki, yenə də neft hasilatı aşağı düşməkdə, qeyri-neft sektoru isə artmaqda davam edir. Bu meylin staqnasiya, yoxsa inkişafa doğru yön alacağı xeyli dərəcədə hökumətin yaxın vaxtlarda həyata keçirəcəyi islahatlar siyasətindən də asılı olacaqdır".

Deputatın sözlərinə görə, bu meyillərin inkişafa doğru yönəldilməsi üçün hökumət əsaslı islahatlara başlamalı, xüsusən də, sənaye sahəsində əsaslı  dəyişikliklər etməli, elmtutumlu, rəqabət qabiliyyətli emal sənayesinin inkişafına diqqəti artırmalıdır. Eyni zamanda, əhalinin xeyli hissəsinin əməkhaqları, xüsusən də, büdcə təşkilatlarında çalışanların maaşları artırılmalıdır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Nazirlər Kabinetinin hesabatı ötən ildə görülmüş işlərlə yanaşı, Azərbaycanın əvvəlki illər ərzində keçdiyi yolu əks etdirib. Onun fikrincə, hazırda dünyanın bir sıra ölkələrində hələ də iqtisadi böhran yaşanır və indi hər bir ölkənin hökumətinin başlıca funksiyası bu iqtisadi "sunami"lərdən yan keçmək, dövlətçiliyi, siyasi müstəqilliyi qorumaqdan ibarətdir: "Hökumətin fəaliyyəti qənaətbəxşdir. Əldə olunan nailiyyətlər ölkə rəhbərliyinin düzgün müəyyənləşdirdiyi iqtisadi siyasətin, düzgün strategiyanın məntiqi nəticəsidir. Ölkə başçısının yürütdüyü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənmişdir".

Deputat bildirdi ki, bu gün ölkədə işsizliyin aradan qaldırılması üçün dövlətin yürütdüyü siyasət göz önündədir. Vətəndaşların həyatını daha çox əhatə edən bu problemin azaldılması üçün ciddi tədbirlər görülür. Onun sözlərinə görə, bu gün hökumət vətəndaşların su, elektrik enerjisi, qaz təhcizatını tam təmin edib. 2011-ci ildə beynəlxalq aləmdə Azərbaycanın qazandığı uğurlar da nəzərə alınmaqla bütövlükdə dövlətin və hökumətin birgə fəaliyyəti müsbət qiymətləndirilməlidir: "Azərbaycanın bu dövrdə büdcə vəsaitləri kifayət qədər artıb və bu onu göstərir ki, ölkəmiz Cənubi Qafqazdakı liderliyindən daha artıq regional və beynəlxalq mövqeyə malik aparıcı dövlət olacaq. Bütün bunlar hökumətin 2012-ci ildə başlıca vəzifəsini təşkil etməlidir".

Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev isə deyir ki, Nazirlər Kabinetinin hesabatı Azərbaycanın son 10 ildə inkişaf etməkdə olan ölkələr sırasına qoşulduğunu və Cənubi Qafqazın lider dövlət olduğunu bir daha təsdiqləyir. Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 36,3 milyard dollarlıq ticarət əməliyyatları aparıb. Bu, əvvəlki illə müqayisədə 8,4 milyard dollar artım deməkdir. 2010-cu ildə ixracatın 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşdüyü halda, hesabat ilində bu göstərici 60 faizə yaxınlaşıb. Ə.Babayev onu da bildirdi ki, qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkəmizdə qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulayırlar. Həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirib".

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın davam etdiyi şəraitdə belə, 2011-ci ildə də dayanıqlığını qoruyub saxlayıb, müəyyən artıma nail olub. 2011-ci ildə ÜDM-in həcmi 63,4 milyard dollara çatıb. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsulun həcminin 80 faizindən çoxu ölkəmizin payına düşür. Ümumilikdə, aparılan düşünülmüşçevik siyasət inkişaf proseslərinə yüksək dinamizm vermiş, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyümüş,  keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

İqtisadçı alimin fikrincə, hesabatda göstərilən ən mühüm hadisələrdən biri isə Azərbaycan gənclərinin dövlət hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərilməsidir. Müvafiq dövlət proqramı çərçivəsində 853 gənc dünyanın 200 aparıcı universitetində dövlət vəsaiti hesabına təhsil almaq hüququ qazanmışdır.

Əlican Babayev hesab edir ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət - əhalinin pensiya təminatı, elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ekologiya, ordumuzun inkişafı və digər sahələrdə əldə olunan uğurlar ölkəmizin parlaq gələcəyindən xəbər verir.

İqtisadçı-ekspert Arzuman Muradlı isə bildirir ki, Nazirlər Kabinetinin hesabatının məzmunu və strukturu ilbəil təkmilləşdirilir, iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyillər ətraflı təhlil olunur: "Müzakirəyə təqdim olunmuş son hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu və təhlili xarakter daşımaqla daha ətraflı hazırlanıb, ölkə həyatının bütün sahələri əhatə edilib. Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilib".

Arzuman Muradlının sözlərinə görə, Nazirlər Kabinetinin ötən ilki iclaslarında qarşıda duran əsas vəzifələr kimi makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun sürətli inkişafı və digər məsələlər müəyyən edilmişdir. Hökumət qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün sosial-iqtisadi tərəqqinin davamlılığını təmin edən kompleks tədbirlər həyata keçirmişdir. Nəticədə nəzərdə tutulan hədəflərə nail olunmuş və dövlət başçısının bilavasitə rəhbərliyi ilə başlanan iqtisadiyyatın modernləşdirilməsi kursu öz bəhrəsini vermişdir. Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadisosial infrastrukturu uğurla inkişaf etdirir. Azərbaycan iqtisadiyyatının inkişafından əldə olunan gəlirlər ölkənin təhsil, mədəniyyət, səhiyyə infrastrukturunun müasirləşdirilməsinə yönəldilir. Yeni müəssisələrin və yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiqdir.

2011-ci ildə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Ötən il dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin etmişdir. Aparılan şaxələndirmə siyasəti, istehsalsosial infrastrukturun inkişafı sayəsində hesabat ilində qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunmuşdur. Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar əsasında iqtisadiyyatın dinamik inkişafının əyani sübutudur.

Arzuman Muradlı hökumətin fəaliyyəti ilə bağlı səslənən bəzi tənqidi fikirlərə də münasibət bildirdi. Qeyd etdi ki, Nazirlər Kabinetinin hesabatında rəqəmlər ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı reallığı tam əks etdirir. Təbii ki, obyektivsağlam tənqidlər hər bir sahədə inkişafa xidmət edir. Lakin Nazirlər Kabinetinin hesabatını qərəzli şəkildə tənqid edənlərin fikirləri və səsləndirdikləri rəqəmlər reallıqdan tamamilə uzaqdır. "Uğurları görmək istəməyən, yalnız hökumətin fəaliyyətini tənqid etməyi qarşıya məqsəd qoymuş bəziləri, o cümlədən qərəzli sifarişləri yerinə yetirən beynəlxalq təşkilatlar Azərbaycanla bağlı həqiqətə uyğun olmayan rəqəmlər ortaya qoyurlar. Onlar bu rəqəmləri yazarkən hansısa elmi metodologiyaya deyil, sadəcə, bəzilərinin reallığı əks etdirməyən, qərəzli mülahizələrinə əsaslanırlar. Amma nüfuzlu beynəlxalq reytinq institutları Azərbaycanı investisiya qoyuluşları üçün cəlbedici ölkə kimi dəyərləndirir, qazanılan nailiyyətləri daim yüksək qiymətləndirir, Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulayırlar. Məhz həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirib".

Bununla yanaşı, həmsöhbətimiz əlavə etdi ki, ötən illərdə həm deputatlar, həm də iqtisadçılar və ekspertlər tərəfindən səsləndirilən rəy və təkliflərin nəzərə alınması müsbət hal kimi qiymətləndirilməlidir.

 

 

 Azərbaycan.- 2012.- 1 aprel.- S. 2.