Azərbaycanda Dünya Bankı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur

 

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının missiyasının rəhbəri Nikolas Ahouissoussinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir İ.Abasov kənd təsərrüfatı tədqiqatları sahəsində həyata keçirilən proqramların uğurla icra olunmasında, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi proqramının müvəffəqiyyətlə tamamlanmasında göstərdiyi səylərə və köməyə görə qonaqlara təşəkkürünü bildirmişdir.

İ.Abasov qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri barədə Dünya Bankının təşəbbüsünü dəstəklədiyini söyləyərək, bu sahədə zəruri tədbirlərə dair milli kənd təsərrüfatı strategiyasının hazırlanmasını vacib hesab etmişdir.

Nazir Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün ölkəmizdə geniş imkanların mövcudluğunu bildirərək, qeyd edilən məsələlərin həllində, eləcə də Azərbaycanın kənd təsərrüfatının inkişafına və müasirləşməsinə Dünya Bankının lazımi kömək göstərəcəyinə əminliyini ifadə etmişdir.

Dünya Bankının missiya rəhbəri qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri mövzusunda aparılan müzakirələrin səmərəli olduğunu və təmsil etdiyi qurumun bundan sonra da Azərbaycanın kənd təsərrüfatının inkişafına öz töhfələrini verəcəyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 2.