Azərbaycan ilə İsveç arasında insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verilir

 

 Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İsveçin ölkəmizdəki səfiri Mikael Eriksson ilə görüşmüşdür.

Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a  bildirmişlər ki, görüşdə E.Süleymanova insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə məlumat vermişdir. Müvəkkil fəaliyyətində dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq əməkdaşlığa da önəm verdiyini vurğulamış, əməkdaşlıq üçün ümumi prioritetlərin müəyyənləşdirilməsinin zəruriliyini önə çəkmişdir.

Uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə danışan E.Süleymanova Avropa Şurasının "Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyası"nın ölkəmiz tərəfindən imzalandığını bildirmişdir.

Ombudsman "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa müvəkkilin işgəncələrə qarşı milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini vurğulamışdır.

Müvəkkil "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası istiqamətində görülən işlərdən danışmışdır.

Səfir ombudsmanın insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir etmiş, bu təsisatla əməkdaşlığa önəm verdiyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 2.