Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi

 

Martın 31-də Daxili İşlər Nazirliyində (DİN) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov erməni millətçilərinin və onların havadarlarının iki əsr bundan əvvəl azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, bu siyasət nəticəsində on minlərlə insanın qətlə yetirildiyini bildirmişdir. Nazir soyqırımı barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını təəssüflə qeyd etmişdir.

Soyqırımın bu illər ərzində qatı erməni şovinizminin və mənfur  ideologiyasının əsas ana xəttinə çevrildiyini diqqətə çatdıran Ramil Usubov demişdir ki, həmin qanlı hadisələrə, zaman-zaman xalqımıza qarşı törədilmiş cinayətlərə obyektiv hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ali hakimiyyətə qayıdışından sonra verilmişdir. Ümummilli liderimizin müvafiq fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bildirilmişdir ki, 1998-ci il martın 26-da məhz həmin tarixi sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində azərbaycanlıların soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.

General-polkovnik Ramil Usubovun təklifi ilə mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov real faktlara, o cümlədən əcnəbi alimlərin və jurnalistlərin türk-müsəlman xalqlarına qarşı soyqırımı siyasətindən bəhs edən kitablarda əksini tapmış gerçək sübutlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzə ilə çıxış etmişdir. Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq keçmiş imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi qeyd olunmuşdur.

Tədbirə yekun vuran Ramil Usubov xalqımıza qarşı yönəlmiş soyqırımı siyasətinin keçmiş SSRİ zamanında da başqa formada davam etdiyini, buna baxmayaraq ulu öndər Heydər Əliyevin hələ birinci rəhbərliyi dövründən Azərbaycanın ittifaq miqyasında güclü iqtisadi, sosial və mədəni potensiala malik respublika kimi tanınmağa başladığını bildirmişdir.

Nazir qeyd etmişdir ki, ümummilli liderimizin kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü fəaliyyəti və gərgin diplomatik səyləri nəticəsində respublikamızın BMT kimi ali qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, regionda lider dövlətə çevrilməsi ilə proses öz məntiqi sonluğuna çatmışdır. Azərbaycan vətəndaşlarının gələcəyə inamla baxdığını, gənc dövlətimizin başçısının yeritdiyi siyasətin sülhsevər, müdafiə xarakterli olduğunu, bizim heç bir xalqla düşmənçilik etmədiyimizi diqqətə çatdıran R.Usubov artıq haqq işimizin bütün səviyyələrdə dəstəkləndiyini, ərazi bütövlüyümüzünsuverenliyimizin ordumuzun gücü, iqtisadi qüdrətimiz ilə təmin olunacağı günün uzaqda olmadığını bildirmişdir.

Soyqırımı barədə həqiqətlərin, faktların ölkə və beynəlxalq ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasının əhəmiyyəti, erməni millətçiləri tərəfindən xalqımızın başına gətirilən müsibətlərin unudulmasının yolverilməzliyi və həmin hadisələrdən hər bir azərbaycanlının nəticə çıxarmasının vacibliyi xüsusi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.