Bakının Nizami rayonunda azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirilmişdir

 

Dünən Nizami rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir. YAP Nizami rayon təşkilatı nəzdində "Heydər Əliyev irsini öyrənirik!" devizi altında fəaliyyət göstərən siyasi məktəbin budəfəki seminarı məhz bu mövzuya həsr olunmuşdur. Tədbirə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, deputatlar Aydın Mirzəzadə, Etibar Hüseynov, Flora Qasımova,  YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri, YAP Gənclər Birliyinin təşkil etdiyi "Oğuz yay - qış" məktəblərinin iştirakçıları  qatılmışdılar.

Tədbiri açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı ətraflı məlumat vermiş, zaman-zaman xalqımızın başına gətirilən müsibətlərin xronologiyasından danışmışdır.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbəri  olduğu, "Azərbaycan" qəzeti redaksiyası tərəfindən hazırlanmış "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabından söz açılmışdır. Qeyd olunmuşdur ki, bu kitabın erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlarla geniş ictimaiyyətə çatdırmaq baxımından böyük əhəmiyyəti var.       

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.