Soyqırımı
qurbanlarının xatirəsinə ehtiram
Lənkəran Dövlət Universitetində 31 Mart - azərbaycanlıların soyqırımına həsr edilmiş konfrans kecirilmişdir. Tədbirdən əvvəl universitetin professor-müəllim heyəti və tələbələr Lənkəranın mərkəzində ucaldılmış soyqırımı qurbanlarının xatirə kompleksinin önünə əklil qoymuşlar.
Tədbir universitetdə davam etdirilmiş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, professor Asəf İsgəndərov konfransı açaraq erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışmış və bildirmişdir ki, ölkə başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağıq.
Universitetin "Tarix və fəlsəfə" kafedrasının dosenti, tarix elmləri namizədi Əliağa Baxşıyev "Azərbaycanlıların soyqırımı əsrlərin faciəsidir" mövzusunda məruzəsində bildirmişdir ki, soyqırımı hadisələri Lənkərandan da yan keçməmiş, 1918-ci il mart-aprel aylarında qəzada 40-dək kənd yandırılmış, günahsız insanlar qətlə yetirilmiş, rayonun Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Xolmili, Kərgəlan kəndlərində görünməmiş talanlar və qırğınlar törədilmişdir.
Universitetin dosenti, filologiya elmləri namizədi M.Talışlı, universitet valideynlər şurasının sədri S.Məmmədov, universitetin dosenti, kafedra müdiri Y.Ağazadə, universitetin əməkdaşı N.İbadova, tələbələrdən C.Əliyeva, Ü.Salayeva və başqaları çıxış edərək bildirmişlər ki, soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Universitetdə soyqırımı qurbanlarının xatirəsini əks etdirən kitab sərgisi açılmışdır.
Martın 31-də LDU-da ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilmişdir.
Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti
mətbuat və informasiya xidmətinin
rəhbəri
Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.