Türkiyəli deputat 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat vermişdir

 

 Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat vermişdir.

AzərTAc xəbər verir ki, bəyanatda çar Rusiyasının dəstəyinə arxalanan erməni daşnaklarının "böyük Ermənistan" yaratmaq xülyası ilə 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətdikləri bildirilir.

S.Oğan bəyanatında Bakı, Gəncə, Şamaxı, Quba, Naxçıvan, Qarabağ və Azərbaycanın digər yerlərində ermənilər tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyini qeyd etmişdir.

Türkiyəni qondarma "soyqırımı" iddiaları ilə günahlandıran Ermənistanın əsl soyqırımı özü həyata keçirdiyini vurğulayan S.Oğan tarix boyu dünyanın bir çox yerlərində soyqırımlara, qətliamlara, işgəncələrə məruz qalmış türklərin daim zəfər çaldığını bildirmişdir. Xocalı soyqırımına toxunan deputat ermənilərin törətdikləri bu qətliamların heç vaxt unudulmayacağını vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.