Ağdamlı gənclər
Quba məzarlığını ziyarət
etmişlər
Ağdam rayonundan olan bir qrup gənc 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba məzarlığını ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anmışlar.
Məlumat verilmişdir ki, burada qazıntı işləri aparılarkən kütləvi qətlləri təsdiq edən çoxlu insan sümükləri aşkar olunmuşdur. Araşdırmalardan sonra bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Kəllə sümüklərində aşkar olunmuş küt alət izləri insanların zorakılıqla qətlə yetirildiyini təsdiq edir.
Gənclər 94 il əvvəl törədilmiş soyqırımı haqqında məlumatı ürək ağrısı ilə dinləmişlər. Qeyd edilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Bu dövrdə Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-53-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yerlərdə dinc əhali dəhşətli soyqırımına məruz qalmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.