Naxçıvanda
erməni vandalizmi
1918-ci ilin mart-aprel qətliamları bədnam qonşularımızın qondarma "Böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün günahsız xalqımızın başına gətirdikləri ağlasığmaz faciələrin ən dəhşətlisidir.
Həmin vaxt erməni faşizminin törətdiyi cinayətkar aksiyalardan ən çox əzab çəkən regionlarımızdan biri də qədim türk oğuz torpağı Naxçıvan olub. Təpədən-dırnağadək silahlanaraq üç istiqamətdən - Ordubad, Şahbuz və Şərur qəzaları tərəfdən Naxçıvanın mərkəzinə doğru hücuma keçən vəhşi ermənilərin törətdikləri ağlasığmaz müsibətləri sözlə ifadə etmək çox çətindir. Şərur rayonunun qocaman sakini Adil Bağırov o faciəli günləri ürək ağrısı ilə xatırlayırdı: "Ermənilərin Sədərək, Çəmənli, Oğlanqala, Axura, Mahmudkənd və digər ərazilərdə törətdikləri vəhşilikləri yada salanda damarlarımda qan donur. O zaman mən 7-8 yaşlı bir uşaq idim. Canımızı ermənilərdən güc-bəla ilə qurtarıb İrana qaçdıq. Bir müddət orada yaşadıq. Yalnız Kazım Qarabəşir paşanın komandanlığı altında türk ordusu Şərura daxil olduqdan və erməni quldur dəstələri geri çəkildikdən sonra yenidən doğma yurd-yuvamıza qayıda bildik. Ancaq ev-eşiyimizdən əsər-əlamət qalmamışdı. Ermənilər mənzillərimizi yandırıb külünü havaya sovurmuş, var-yoxumuzu çapıb-talayıb aparmışdılar. Öldürülənlər o qədər çox idi ki, onları tək-tək dəfn etmək çətin olduğundan dərin çalalara töküb üstünü torpaqlamışdılar. Ermənilərin quyulara doldurub ağır çaylaq daşları ilə öldürdükləri insanları isə oradan çıxarmaq mümkün olmamışdı. Qohumlarımızdan kimin hansı çalaya gömüldüyündən belə, xəbərimiz olmadı. Çəmənli kəndində ermənilərin qətlə yetirdikləri insanların sümüklərinin əkin sahələrində traktorların tırtıllarına toxunaraq üzə çıxdığına bu gün də rast gəlinir.Vedibasar, Dərələyəz, Şərur və Sədərək camaatının erməni soyqırımından xilasında Abbasqulu bəy Şadlinskinin xüsusi xidmətləri olub. Məhz onun başçılıq etdiyi 400 nəfər süvaridən ibarət "Qırmızı Tabor" adlı özünümüdafiə dəstəsinin hünər və rəşadəti sayəsində əhalinin böyük bir qismi Arazı keçərək erməni quldur dəstələrinin vəhşi hücumlarından xilas ola bilmişdi. Bu gün Şərur rayonundakı tarix diyarşünaslıq muzeyində "Qırmızı Tabor" adlı guşə yaradılıb. Orada A.Şadlinskiyə və onun səhra komandirlərinə aid əşyalar qorunub saxlanılmaqdadır".
1918-ci ildə ermənilər Naxçıvanı sözün əsl mənasında, xarabazara, insan sallaxanasına çevirmişdilər. Azərbaycanlıların soyqırımı xəritəsinin bir qütbündə - Bakıda türk dünyasının qatı düşməni Stepan Şaumyan, digər qütbündə - İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvan qəzalarında isə Andronik Ozanyan Torosi dururdu. Hamazasp, Lalayan, Arakelyan, Yapon, Mirze, Sirop, Stepanyan, Əmiryan məkrli erməni-daşnak planının icraçıları idilər. 1918-ci ilin əvvəllərində Ərzurum, Qars və Xorasan ətrafındakı döyüşlərdə ağır məğlubiyyətə uğramış Andronik Ozanyan həmin məğlubiyyətin qisasını oğuz türkləri olan azərbaycanlılardan almaq üçün iyunun 14-də təpədən-dırnağa silahlanmış böyük bir dəstə ilə Araz çayını adlayıb Naxçıvana daxil oldu. Onlar Culfa rayonunun ən böyük məntəqələrindən biri olan Yaycı kəndində ağlasığmaz faciələr törətdilər. O vaxt Naxçıvanda Milli Komitənin katibi vəzifəsində çalışan, həmin qanlı faciələrin canlı şahidi olmuş Mirzə Bağır Əliyev özünün "Qanlı günlərimiz" əsərində qeyd etdiyi kimi, "Ermənilər Yaycı kəndini bir günün içərisində yandırıb külə döndərdilər. Onlar kənddə qarşılarına çıxan bütün insanları atlarının ayaqları altına salıb tapdalayır, qılıncdan keçirirdilər. Tükürpədici fəryadlar kəndin küçə və meydanlarını başına götürmüşdü. Qaçıb canlarını qurtarmaq istəyən biçarə insanlar hər tərəfdən erməni zərbələrinə tuş gəlirdilər. Küçələrdə insan qanından gölməçələr yaranmışdı. Yollar boyu kəsilmiş başlar, ayaqlar, qollar tökülüb qalmışdı. Təsəvvür edin ki, qarşıda gurhagur axan Araz çayı, arxada isə daha qorxunc, insanlıq simasını tamam itirmiş erməni adlı yırtıcılar sürüsü. Bicarə insanlar düşmən əlinə keçməmək üçün özlərini coşqun dalğaların qoynuna atır, əksəriyyəti, xüsusilə, qadınlar, uşaqlar və şikəstlər üzə bilmədiklərindən boğulub məhv olurdular. Ermənilər Yaycının 2500 nəfərdən çox sakinini qətlə yetirdilər. Ən acınacaqlısı o idi ki, Yaycı kəndinin qonşuluğundakı Yuxarı Aza və Der kəndlərinin erməniləri də özləri istəməsələr belə, Andronikin qorxusundan azərbaycanlılara qarşı bu dəhşətli soyqırımı əməliyyatında onun quldur dəstəsinə kömək edirdilər".
Naxçıvanda və ətraf ərazilərdə qəhşətli faciələr törətmiş quldur Andronik Yaycı kəndindəki qətliamdan bir qədər sonra Bakı Kommunasının rəhbəri, bolşevik-daşnak S.Şaumyana yazırdı: "Culfa artıq mənim əlimdədir. İstədiyiniz vaxt onu sizin sərəncamınıza verə bilərəm". S.Şaumyanın ona göndərdiyi teleqramda isə deyilirdi: "Culfa, xalq qəhrəmanı (?) Andronikə. Teleqramınızı aldım.Teleqramın tam mətnini Moskvaya, Mərkəzi Komitəyə çatdırdım. Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını salamlayıram". Elə bu teleqramın özü erməni separatçılarının və ekstremistlərinin tarix boyu azərbaycanlılara qarşı törətdikləri bütün cinayətkar aksiyaların - soyqırım və deportasiyaların imperializmin himayədarlığı altında, onların hazırladığı incə və məkrli ideoloji tezislər əsasında həyata keçirildiyinə əyani sübutdur.
Yaycı kəndinin sakini Rübabə Bayramova deyirdi ki, "1991-ci ildə rəhmətə getmiş qayınanam Yasəmən də o faciəli günlərin canlı şahidi olmuşdu. Biz 57 il bir yerdə yaşamışdıq. Qayınanamgil 8 bacı, bir qardaş idilər. Erməni qatilləri bütün qohum-əqrəbası ilə birlikdə Yasəmənin 7 bacısını və bir qardaşını onun gözləri qarşısında tikə-tikə doğramışdılar. O vaxt Yasəmənin cəmi 7 yaşı var imiş. Deyirdi ki, böyük bacım Gülxanım 8 aylıq hamilə idi. Yekəpər bir erməni onun üstünə atılaraq əlindəki bıçaqla qarnını cırmış, oradan çıxardığı körpəni qanlı-qanlı nizəyə keçirib gülə-gülə havada oynatmağa başlamışdı. Ermənilər onun digər bacısı Qızxanımı da 8 yaşlı oğlu Məhəmmədlə birlikdə, ana-bala qucaqlaşdıqları yerdə vəhşicəsinə qətlə yetirmişdilər. Bacısı İzzət o vaxt nişanlı idi. Bir neçə günə toyları olmalı imiş. Ermənilər onu da Yarlağan deyilən yerdə sevdiyi oğlanla birgə tikə-tikə doğramışdılar. Bir erməni süvarisi 7 yaşlı Yasəmənin saçlarından yapışıb havada fırlada-fırlada daşlara çırpmış, sonra isə sağ qolunu qılıncla iki yerə bölmüşdü. Yasəmən deyirdi ki, kəsilmiş qolum yaralı quş kimi yerdə atılıb düşürdü. Qabırğalarımı da sındırmışdılar. Ermənilər məni qətlə yetirdikləri insanlar içərisində ölmüş bilib getdikdən sonra hansı bir xeyirxahsa məni Arazın o tayına keçirib Təbrizdə müalicə etdirmişdi..."
Erməni qəsbkarları 1918-ci ildə Naxçıvan kəndlərində daşı daş üstə qoymadılar. Yüzlərlə kənd yerlə yeksan edildi. Minlərlə insan xüsusi amansızlıqla qətlə yetirildi. Amma Naxçıvan bütün bü ağrılara mətanətlə sinə gərdi. Düşmən qarşısında əyilmədi, sarsılmadı. 1918-ci il mayın 28-də Cənubi Qafqazda ilk müstəqil dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
1918-ci ilin iyul ayında Naxçıvanı erməni hücumlarından xilas etmək üçün Nuru paşanın rəhbərliyi altında türk qoşunlarının gəlişindən təşvişə düşən Andronik öz quldur dəstəsi ilə birlikdə Sisyana qaçdığından erməni daşaklarının Naxçıvanı işğal planı pozulur. 1918-ci ilin noyabrında ingilis-amerikan qoşunları İstanbula, yunanlar isə Anadoluya soxulduqlarından Mustafa Kamal Atatürkün rəhbərliyi altında türklərin imperialist təcavüzkarlığına qarşı istiqlal savaşı başlanır. Nuru paşa öz xalqına kömək məqsədilə ordunu Azərbaycandan geri çəkmək məcburiyyətində qaldığından Qafqazda erməni daşnaklarının əl-qolu yenidən açılır. Çar hökumətinin Qafqazda və Türkiyədəki cəbbəxanalarının, həmçinin Aleksandropoldakı patron zavodunun bütün silah-sursatı ermənilərin əlinə keçir. 1918-ci ilin sonlarında Sərdarabad, Uluxanlı və Dərələyəz, həmçinin Vedibasar və Cüvə erməni işğalına məruz qalır. Minlərlə ailə ağır işgəncələrlə qətlə yetirilir. Həmin vaxt Naxçıvanda baş verən dəhşətli hadisələr qonşu İranda da böyük təşvişə səbəb olmuşdu. İranın baş nazirinin Təbriz rəhbərliyinə yazdığı məktubda Makulu Sərdar İqbal Səltənətdən və digər xanlardan tələb olunurdu ki, Naxçıvan əhalisini erməni daşnaklarının vəhşi hücumlarından xilas etmək üçün təcili surətdə düşmənin keçid yollarını bağlasınlar və ermənilərin Təbrizdə olan başbilənləri ilə danışıqlar aparmaq üçün oraya nümayəndə heyəti göndərsinlər.
Naxçıvanlıların başına ermənilər
tərəfindən çox müsibətlər
gətirildi. Buna dözməyən polkovnik Kalbalı xan
1919-cu ilin oktyabrında
naxçıvanlılardan ibarət
müsəlman döyüşçüləri
başına toplayıb, onlara yadelli qəsbkarlara qarşı
döyüşə başlamaq əmri verir. Qəzəblənmiş əhalinin
qarşısında duruş gətirə
bilməyən erməni ordusu bununla da, böyük
itgi ilə Naxçıvanı tərk
edirlər. Şəhərdə daşnak
qubernatorluğu yıxılır,
onların qoşunları Naxçıvan-Şərur qəzalarından
uzaqlaşdırılır.
Kalbalı xan Şahtaxtı, Yurdçu, Qabullu və Qarabağlar kəndləri arasında möhkəm mövqe tutub, daşnak qoşunlarının qarşısında keçilməz sədd yaratdıqdan sonra Naxçıvan Milli Şurasının qurultayı çağırılmış, Naxçıvanın Şərur və Vedibasar rayonlarının Azərbaycanın ayrılmaz hissəsi olması haqqında qərar qəbul edilmişdir. Naxçıvanın işğal planını uzun illər ürəklərində gəzdirən ermənilər sonrakı illərdə onun bəzi ərazi vahidlərinin Ermənistana birləşdirilməsinə nail olsalar da, bu qədim torpağı bütünlükdə ələ keçirə bilməmişlər. Ümummilli lider Heydər Əliyevin 4 fevral 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 75 illiyi ilə əlaqədar imzaladığı fərmanda qeyd olunduğu kimi, "Ermənistan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində olmasını rəsmən qəbul etməyə məcbur olsa da, bu faktla əslində, heç cür razılaşa bilmir, Naxçıvana ərazi iddialarından, onu Ermənistana birləşdirmək niyyətlərindən əl çəkmirdi. Ermənistanın hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb öz ərazilərinə birləşdirməyə nail oldular. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə Naxçıvanın 657 kvadratkilometr ərazisi - Şərur qəzasının Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyyəsinin Ogbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və digər yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır. Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövrlərdə də davam etmiş və onlar bu gün də öz çirkin niyyətlərindən əl çəkmirlər... Hamı əmin olmalıdır ki, müasir dünyada "günəş altında daha geniş yer" axtaranlar, "Böyük Ermənistan" xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında bildirmişdir ki, "Ermənistan işğalçı dövlətdir. O, bizə qarşı tarix boyu etnik təmizləmə siyasəti aparıb. Torpaqlarımızı işğala məruz qoyub. Artıq xalqımızın səbri tükənməkdədir. Biz hansı yolla olursa-olsun o torpaqları erməni tapdağından xilas edəcəyik və avantürist "böyük dövlət" ideyasının girovuna çevrilənlər gec-tez törətdikləri cinayətlər üçün beynəlxalq ictimaiyyətin qəzəb və nifrət hədəfinə çevriləcəklər".
Zeynal VƏFA
Azərbaycan.- 2012.- 1 aprel.- S. 5.