Yaddaşlardan silinməyən izlər
Azərbaycan xalqının tarixində baş verən deportasiya və soyqırımılar millətimizin genefonduna və psixologiyasına hər zaman olduqca mənfi təsir göstərib. Azərbaycanlılar son yüzilliklərin tarixində dəfələrlə soyqırımına və deportasiyaya məruz qalıblar. İnsanlar hər dəfə öz doğma yurd-yuvalarından zorla qovulanda, onların gözləri qarşısında əzizlərinə işgəncə veriləndə dərin mənəvi-psixoloji travma alıblar. İnsanlar itirdikləri maddi sərvətləri bərpa edə bilərlər, öz zəhmətləri ilə yenidən ev-eşik qura bilərlər. Yəni, qaçqın-köçkünlüyün maddi çətinliklərini 10-20 ilə bəlkə də aradan qaldırmaq mümkündür. Lakin onların aldıqları mənəvi yaralar, psixoloji zərbələr heç vaxt sağalmır.
Xalqımıza qarşı erməni millətçilərinin apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı aktlarının qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da, bir növ, proqram sənəddir. Fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərində qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".
Dilimizdə işlənən "soyqırımı" ifadəsi yunan sözü olan "genos"-"nəsil", "soy" və latınca "sid"-"öldürürəm" sözlərinin birləşməsindən yaranmış "genosid" məfhumunun türk dillərinə hərfi tərcüməsidir. Beynəlxalq cinayət növlərindən biri olmaqla bahəm, əsas mahiyyəti əhalinin bütöv qruplarının irqi, milli, etnik və dini əlamətlərə görə məhv edilməsidir.
Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "erməni kartını" işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə, Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. Bundan sonra ermənilərin və onların havadarlarının torpaqlarımıza sahib çıxmaq ucbatından etdikləri xəyanətlər, törətdikləri düşmənçiliklər, saldıqları davalar bir ənənə halını almışdır.
...1918-ci il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən top atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə, kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilmişdir. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışlar.
Martın 30-dan aprelin 2-dək davam edən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8.027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər.
"Hümmət" qəzetinin 1918-ci il 37-ci sayında Nəriman Nərimanov Şaumyana müraciətində həmin hadisələri sovet hakimiyyətinə ləkə adlandırır, onun üzərinə qara kölgə saldığını qeyd edirdi.
1918-ci il Bakı qırğını heç də azərbaycanlıların zəifliyi demək deyildi. Ermənilər bu hadisəyə uzun müddət hazırlaşmışdılar. Əsli-kökü, yurdu-yuvası bilinməyən erməni bolşeviki nəinki Azərbaycanın baş şəhərində milli qırğın törətdiklərini etiraf edir, hətta bu şəhərin Azərbaycanın paytaxtı olmaması üçün daha böyük cinayətlərə hazır olduğunu da gizlətmir...
Bu, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarını göstərən yalnız bir epizoddur. Onların bizə qarşı həyata keçirdikləri qətliam və etnik təmizləmə sovet dövründə də davam etmiş, amma həmin vaxt bu proses "qanun" çərçivəsində həyata keçirilmişdir. Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçürülməsini xüsusi qeyd etmək lazımdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-də yaşayan azəbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il dekabrın 23-də verilən qərarını ermənilər çoxdan gözləyirdilər. Əsas "səbəb" kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssis Ermənistana qayıdaraq "Sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var". "Optimal" çıxış yolu isə guya Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin qarşısını ala bilsə də, Stalin ideyanı dəstəklədi və SSRİ hökumətinin "tarixi" qərarına imza atdi. Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldıldı. Nəhayət, 1987-1989-cu illər deportasiyası Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.
Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır.
Ümumiyyətlə, 1990-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan əlavə, Azərbaycanın daha 7 rayonunu, 877 şəhər, kənd və qəsəbəsini işğal etmiş, dağıtmış və yandırmış, 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər. 10 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, bir milyona yaxın azərbaycanlı öz torpaqlarından didərgin salınmış, ölkə iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 26-da törədilən Xocalı soqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir nümunəsi olmuşdur.
31 mart və Xocalı soyqırımılarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökümət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı ilə bağlı xalqa 2006-cı il 28 mart tarixli müraciətində də ermənilərin müxtəlif dövrlərdəki terror siyasətinə geniş toxunulmuşdur. Müraciətdə deyilir: "Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq".
Natiq ABDULLAYEV,
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası
Mərkəzinin aparıcı
ekspert-psixoloqu
Azərbaycan.- 2012.- 1 aprel.- S. 5.