İstiqlal Muzeyində soyqırımı
qurbanları anıldı
"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə İstiqlal Muzeyində iki günlük elan edilmiş açıq qapı nəinki paytaxt sakinlərində, respublikamızda yaşayan və yaxud burada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin əməkdaşlarında daşnak vandalizminin çirkin əməlləri barədə dolğun məlumat əldə etməsinə imkan yaratdı.
Mart ayının 29-30-da adıçəkilən muzeyin ekspozisiyası və quraşdırılmış monitor vasitəsilə xalqımızın son iki əsrdə ermənilər tərəfindən məruz qaldığı soyqırımı barədə tükürpədici faktlar nümayiş etdirilib. Muzeyin elmi katibi Nigar Qazızadənin verdiyi məlumatlar bir daha təsdiqləyir ki, açıq qapı Azərbaycanlıların Soyqırımı Gününə həsr edilsə də, əslində, tədbir iştirakçıları bu istiqlal mərkəzinin fəaliyyəti ilə də yaxından tanışlıq imkanı əldə edirlər: "6 ekspozisiya zalından ibarət İstiqlal Muzeyi bir qayda olaraq, hər il əlamətdar və tarixi günləri geniş tamaşaçı kütləsi ilə birgə keçirir. Xalqımızın başına erməni vandalizmi nəticəsində zaman-zaman gətirilən dəhşətli qırğınlar, bəşəriyyətdə görünməmiş, ağlasığmaz vəhşilikləri özündə qoruyub saxlayan tarixi sənədlər və o qırğınların şahidlərinin ifadələri əsasında çəkilmiş film bu il də, proqrama əsasən, nümayiş olunur".
Tədbirdə verilən məlumatlarda göstərilir ki, ermənilər Azərbaycanda bir-birinin ardınca qanlı cinayətlər törədiblər. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından vəhşicəsinə qovulub, on minlərlə adam qətlə yetirilib, şikəst edilib, girov götürülüb. Yüzlərlə yaşayış məskəni, minlərlə ictimai-mədəni tikili, evlər, təhsil və səhiyyə müəssisələri, tarix-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs ziyarətgahlar, qəbiristanlıqlar yerlə-yeksan edilərək, misli görünməmiş erməni vandalizminin təcavüzünə məruz qalıb. Təkcə XX əsrin 90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi kəndlərində erməni silahlı quldurlarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş ağır terror aktları, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, onu törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cinayətkarların Cəzalandırılması Haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıblarsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Təəssüf ki, soyqırımı siyasətini bu gün də davam etdirən Ermənistan rəsmiləri belə cəzadan kənarda qalıblar.
Budəfəki açıq qapının qonaqları arasında Prezident Qvardiyasının əsgərləri, Ali Hərbi Dəniz Məktəbinin, həmçinin Qafqaz Liseyinin pedaqoji və şagird kollektivi də olub. Muzeyin əməkdaşları hesab edirlər ki, belə tədbirlər təbii ki, onların vətənpərvər ruhda tərbiyə olunmalarında da mühüm vasitədir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 1 aprel.- S. 5.