Şərqlə
Qərb arasında körpü
Musiqisevərlərin həvəs və intizarla gözlədikləri "Eurovision-2012"nin may ayında Bakıda keçiriləcəyi təntənəli günlərinə az qalıb. "Eurovision" yarışmasının Bakı büsatı mədəniyyət tariximizin mühüm mərhələlərindən biri olacaq. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ölkə başçısının sərəncamı ilə yaradılan təşkilat komitəsinə UNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyeva rəhbərlik edir. Məhz bu təşkilatın işə ciddi və ardıcıl yanaşması nəticəsində görülən geniş işlər beynəlmiləl tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
Dövlət Bayrağı meydanında yerləşən "Bakı Kristal Zalı" üç tərəfdən dənizlə əhatə olunub. Kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Artıq tikintidə tamamlama işləri başa çatmaqdadır. Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva bu möhtəşəm konsert salonunu memarlıq üslubuna görə "Şərqlə Qərb arasında körpü" adlandırıb.
Əlbəttə, ötən yarışmadakı qələbəmizin nəticəsi kimi biz bu dəfə belə bir beynəlmiləl yarışmaya ev sahibliyi edəcəyik. Qələbə keçmişdə qalsa da, onun yaratdığı sevinc hissləri hələ də qəlbimizi tərk etməyib. Bəlkə də buna görə yarışmaya böyük ümid və həvəslə gedirik. "Eurovision-2012" müsabiqəsinə hazırlıqla əlaqədar Mehriban xanım Əliyeva "Trend" agentliyinin suallarını cavablandırarkən belə bir məsələyə də toxundu: "Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb".
Ölkə Prezidenti İlham Əliyev müsabiqə iştirakçılarının və qonaqların rahatlığı üçün vizaların alınması prosesinin sadələşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Məqsəd budur ki, bu müsabiqənin layiqincə keçirilməsi və təşkili naminə mümkün olan hər şey yerinə yetirilsin. Müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zalı"nın Cənubi Qafqazda ən böyük - konsert arenası olacağı barədə düşüncələrin başqa bir məntiqi əsası var. Bu konsert salonu 2020-ci il Olimpiya oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizəyə uyğun olaraq idman arenalarının siyahısına daxil edilib. Belə bir kompleksin Şərqlə Qərb arasında həqiqətən də, körpü rolunu oynaya biləcəyi şübhəsizdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, bu gün Bakımızın mənzərəsi həqiqətən də, dəyişir. Paytaxtda yeni parklar salınır, yaşayış evləri ucalır, bütövlükdə şəhərin simasında bir gözəllik var. Bu dəyişmənin, yeniləşmənin şəhər sakinlərinin ürəyində yaratdığı qürur və sevincin həddi-hüdudu yoxdur. Bakı Şərq şəhəri olsa da, Avropanın diqqət mərkəzində dayanan modern bir paytaxt statusunu özündə əks etdirir.
"Eurovision-2012"də Azərbaycanı təmsil edəcək Səbinə Babayevanın bu yarışmada səsləndirəcəyi mahnımız da bəllidir. Təmsilçimiz "Bakı Kristal Zal"da "When The Music Dies" balladasını ifa edəcək. Bu kompozisiyaya xalq artisti Alim Qasımovun ifasında muğam vurğuları da daxil edilib. Yarışa böyük şövq və məhəbbətlə hazırlaşan Səbinə Babayeva söyləyir ki, bu mahnını dinləyərkən laqeyd qalmaq mümkün deyil. İnanıram ki, bütün Avropa bizim ifamızı bəyənəcək və dəstəkləyəcək.
Ümumiyyətlə, bu müsabiqədə 21 dildə mahnı səslənəcək. 42 ölkədən (müsabiqənin şərtlərinə əsasən əvvəlcə 43 ölkə planlaşdırılmışdı. Ermənistan yarışmaya qatılmaqdan imtina etdi - F.X.) gələn təmsilçilər yalnız ingiliscə deyil, həm öz, həm də digər dillərdə mahnı təqdim edə bilərlər. Beləliklə, "Bakı Kristal Zal"da və televiziya qarşısında müsabiqəni izləyəcək yüz milyonlarla tamaşaçı fransız, alban, ispan, yəhudi, serb, alman, bolqar, xorvat, türk, sloven və digər dillərdə mahnı dinləmək imkanı qazanacaqlar.
"Eurovision-2012"nin Təşkilat Komitəsindən verilən məlumata görə, şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq. Yarışmanın başladığı günlərdə digər mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hələlik bu tədbirlərin siyahısı dəqiqləşdirilir.
İllərdir ki, müxtəlif tədbirlərə, konfranslara, simpoziumlara məharətlə ev sahibliyi edən Bakının bu yarışmadan da qalib çıxacağı gözlənilir. Əlbəttə, söhbət yalnız təmsilçilərimizin yarışmasından getmir. Bir ev sahibi kimi qonaqlarına göstərəcəyi lütfkarlıqdan, diqqətdən, qayğıdan, ehtiramdan danışırıq. "Eurovision" yarışmasının Azərbaycan paytaxtında keçirilməsi erməniləri o qədər məyus etdi ki, onlar heç bir beynəlxalq normaları gözləmədən bu müsabiqəyə qatılmaqdan imtina etdilər. Halbuki həm Azərbaycan hakimiyyəti, həm də Avropa Yayımları Birliyi dəfələrlə təsdiq etdilər ki, yarışmaya qatılacaq bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların təhlükəsizliyinə zəmanət verilir. Dəfələrlə Ermənistanın rəsmi nümayəndə heyəti müxtəlif görüşlərdə, konfranslarda, simpoziumlarda, forumlarda, idman yarışlarından iştirak etmək üçün Bakıda olublar. Həmişə də öz ünvanlarına sağ-salamat qayıdıblar. Təbii ki, "Eurovision" müsabiqəsində də bütün qonaqlarla bərabər, Ermənistandan gələnlərin də təhlükəsizliyinə təminat var. Sadəcə bütün bunlar bəhanədir. Həmişəki kimi qonşularımız bədxah niyyətlərini həyata keçirmək üçün bu hiylədən də istifadə etmək istədilər. Ancaq özləri pərt oldular. Onlar beynəlxalq ictimaiyyətin qarşısında hansısa bir xaos mənzərəsini yaratmaq istəyirdilər. Bununla da, düşünürdülər ki, bəlkə Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə mane ola bilərlər. Cəhdləri uğursuzluqla nəticələndi. Səbirsizliklə günlərini saydığımız may ayında Bakımız dünya musiqiçilərinin həvəslə can atacağı bir məkana çevriləcək.
Dünya musiqisevərlərinin minbir istəklə gözlədiyi o yarışmaya az müddət qalıb. Biz inanırıq ki, Bakıya gələnlər də, bu müsabiqədə iştirak edənlər də, bir sözlə, udanlar da, uduzanlar da Azərbaycandan böyük təəssüratla ayrılacaqlar. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, "Eurovision-2012" Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın əminliklə söylədiyi kimi Bakıdan qayıdan hər kəs öz ölkəsinə ürəyində alov zərrəciyi aparacaq. Şərqlə Qərb arasında salınan bu möhtəşəm körpünün yolçuları həmişə çox olacaq. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə heç vaxt qadağa qoymuruq. Qoy dost da gəlsin, düşmən də. Sevinmək və qəmlənmək öz işləridir. Biz qonaq qismində gələnləri həmişə hörmətlə qarşılayırıq. Böyük Səməd Vurğun gözəl deyib:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 1 aprel.- S. 8.