Pakistanın nüfuzlu “Daily
Times” qəzetində “Eurovision - 2012: Böyük bayram gözləntisində” sərlövhəli məqalə dərc edilmişdir
Pakistanın Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də geniş oxucu auditoriyasına malik olan nüfuzlu ingilisdilli "Daily Times" qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin "Eurovision - 2012: Böyük bayram gözləntisində" sərlövhəli məqaləsi dərc olunmuşdur.
Ölkəmizin Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Onların bir çoxu Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar" sözləri ilə başlayır.
Yazıda "Eurovision"un tarixindən bəhs edilmiş, onun Avropanın ən mötəbər mahnı müsabiqəsi olduğu vurğulanmışdır. 2011-ci ildə Düsseldorfda keçirilən bu mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbə qazandığını xatırladan müəllif qeyd etmişdir ki, "Eurovision - 2012"nin Bakıda yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan dövləti tərəfindən birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.
Dure Nəcəf parlaq şəxsiyyət və cazibədar xanım Mehriban Əliyevanın öz xeyirxahlığı ilə insanların qəlblərini fəth etdiyini də oxucuların diqqətinə çatdırmışdır. Yazıda Heydər Əliyev Fondunun ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrdən danışılmış, bu qurumun fəaliyyətinin təhsil, elm, mədəniyyət, ekologiya, idman, din və digər əhəmiyyətli sahələri əhatə etdiyi vurğulanmışdır. Bildirilmişdir ki, Fondun təşəbbüsü ilə ölkədə məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzi, konsert zalları, musiqi liseyləri, məscidlər inşa olunmuş, Azərbaycan və dünya mədəniyyətlərinin irsinin qorunub saxlanılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Müəllif Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində tikilmiş qızlar məktəbinin iki dost xalq arasında qardaşlıq rəmzinə çevrildiyini vurğulamışdır.
"Eurovision - 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan haqqında da ətraflı məlumat verən jurnalist "Bakı Kristal Zal"ın 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün də namizədliyini irəli sürən Azərbaycanın idman arenalarının siyahısına daxil edildiyini vurğulamışdır. Yazıda kompleksin Xəzərin sahilində, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşdiyi və oradan şəhərin möhtəşəm mənzərəsinin göründüyü bildirilmişdir. Qeyd olunmuşdur ki, arxitekturası Şərq ilə Qərb mədəniyyətlərinin rəmzi olan bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaqdır. Binanı bəzəyən çoxsaylı kristalların rəqsi qeyri-adi vizual effektlər yaradacaqdır.
Müəllif kompleksin yanında "Eurovision - 2012"ni işıqlandıracaq jurnalistlər üçün mətbuat mərkəzinin yerləşəcəyi, Bakının müxtəlif yerlərində böyük ekranlar quraşdırılacağını və onlar vasitəsilə müsabiqəni izləməyin mümkün olacağını yazır.
Oxucuların diqqətinə çatdırılmışdır ki, müsabiqəyə hazırlıq çərçivəsində qonaqların qarşılanması üçün yeni otellər inşa olunmuş, şəhərdə abadlıq işləri aparılmış, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "Eurovision - 2012"də iştirak etmək üçün ölkəyə gələn xarici qonaqlar üçün viza prosedurları sadələşdirilmişdir.
Məqalənin sonunda müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın "Trend" informasiya agentliyinə verdiyi müsahibədən sitat gətirilmiş, bu sözlərin tədbirin ruhunu və azərbaycanlıların xoş məramını əks etdirdiyi vurğulanmışdır: "Musiqi dili milliyyətindən və etiqadından asılı olmayaraq hamıya aydındır. Bu çox rəmzidir ki, həmin may günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif mahnılar səsləndirəcəklər. Bu, müsabiqədə iştirak edən, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmiz ilə ilk tanışlıq olacaqdır. Əminəm ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcəkdir. Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini alovlandır!" sözləri nahaq yerə müsabiqəmizin devizi seçilməyib. Bütün iştirakçılara uğur, tamaşaçı sevgisi, alqışlar və əlbəttə, səs toplamalarını arzulayıram və onlara "Xoş gəlmişsiniz!" deyirəm".
Məqalənin tam mətni ilə http:www.dailytimes.com.pkde fault.asp?page=2012%5C03%5C31%5Cstory_31-3-2012_pg7_12 linkindən tanış olmaq mümkündür.
AzərTAc
Azərbaycan.- 2012.- 3 aprel.- S. 3.