Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan ilə Niderland arasında diplomatik
əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş seminar keçirilmişdir
Aprelin 2-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş "Dəyişən dünyada ikitərəfli münasibətlərin rolu" mövzusunda seminar keçirilmişdir.
ADA-dan bildirmişlər ki, tədbirdə qonaq qismində Niderlandın ölkəmizdəki səfiri Arjen Uijterlinde, krallığın Azərbaycanda xüsusi səfiri Michiel den Hond və Niderlandın beynəlxalq əlaqələr üzrə Clingendael İnstitutunun mühazirəçisi Kees Homan iştirak etmişlər.
Akademiyanın rektoru Hafiz Paşayev qonaqları salamlayaraq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün ADA-da qeyd edilməsindən məmnun olduğunu demişdir.
Səfir A.Uijterlinde isə çıxışında qeyd etmişdir ki, Azərbaycan-Niderland münasibətləri 20 ildə müxtəlif mərhələlərdən keçmiş və 2009-cu ildən bəri Niderland Azərbaycan ilə daha çox qeyri-neft sahəsində əməkdaşlıq edir.
Seminarda Azərbaycanın Xarici İşlər Nazirliyinin,
Niderland səfirliyinin, beynəlxalq təşkilatların
nümayəndələri və jurnalistlər iştirak
etmişlər.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 3.