Bakıda Avronest PA-nın ikinci
sessiyası çərçivəsində qurumun
komitə iclasları keçirilmişdir
Avronest PA-nın ikinci sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi üzrə komitəsinin iclası keçirilmişdir.
İclasa sədrlik edən (moderator) Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü və həmin komitənin həmsədri Fuad Muradov demişdir ki, Assambleyanın ikinci sessiyasının Bakıda keçirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu tədbirin də yüksək səviyyədə təşkili Azərbaycanın Avropaya inteqrasiyada nə qədər maraqlı olduğunun əyani sübutudur.
F.Muradov bildirmişdir ki, komitənin iclasında Azərbaycanın neft strategiyası, enerji siyasəti, Avropanın enerji təhlükəsizliyindəki rolu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Sonra məruzə ilə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, ölkəmiz son 20 ildə neft və qaz sənayesinin inkişafında böyük işlər görmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının uğurlu nəticəsi kimi 1994-cü ilin sentyabrında Qərbin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmışdır. Məhz bundan sonra Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dənizdən və qurudan çıxarılması üçün investisiyalar qoyulmuş və qarşılıqlı faydalı əməkdaşlığa başlanmışdır. Bugünədək Azərbaycanın neft sənayesinə 35 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Neftin hasilatı ilə yanaşı, onun nəqli məsələsini də Azərbaycan uğurla həll etmişdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri ilə Avropa ölkələrinə xam neft daşınır. Lakin bu yeganə ixrac kəməri deyildir. Azərbaycan nefti Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə də ixrac olunur.
N.Əliyev bildirmişdir ki, Azərbaycan həm də iri qaz yataqlarına malikdir və hasil olunan qazın Transanadolu qaz kəməri ilə Türkiyə ərazisindən Avropaya nəqli nəzərdə tutulmuşdur. Bu marşrutun işə düşməsindən sonra Azərbaycan qazını Şərqi Avropa ölkələri də ala biləcəklər.
Neft və qaz ixracından əldə edilən gəlirlər düşünülmüş qaydada reallaşdırılır. Bu vəsaitlə Azərbaycan hökuməti ölkənin sosial problemlərini həll edir, iqtisadi infrastruktur yaradılır, sosial proqramlar həyata keçirilir. Təsadüfi deyildir ki, dünyanı bürümüş iqtisadi böhranın Azərbaycana təsiri çox az olmuşdur. Ölkədə hər il əməkhaqları və pensiyalar artırılır. Neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilir və yeni iş yerləri yaradılır.
Göründüyü kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bütün bu layihələr Azərbaycanın Avropaya inteqrasiya olunmasını gücləndirən amillərdir.
Sonra məruzə ətrafında müzakirələr olmuşdur. Çıxış edənlər Azərbaycanın neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın təmin olunmasını, neft gəlirlərinin insan kapitalına yönəldilməsini yüksək qiymətləndirmişlər. Azərbaycanın bu sahədəki təcrübəsinin digər ölkələr üçün də nümunə olduğu vurğulanmışdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu yüksək qiymətləndirilmişdir.
N.Əliyev Azərbaycanın neft və qaz sənayesinin perspektivləri barədə sualları cavablandırmışdır.
* * *
Sonra Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitənin iclası keçirilmişdir.
Komitənin həmsədri Goran Farm sessiyanın yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişdir. Komitənin digər həmsədri Vetslav İonika isə demişdir ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının əsas göstəricilərindən biridir. Bakıda olduğumuz az müddətdə bu ölkənin necə sürətlə inkişaf etdiyinin şahidi olmuşuq. İnanırıq ki, bu iclasda müzakirə olunan məsələlər də qarşıya qoyulan məqsədlərə nail olmaqda işimizi xeyli asanlaşdıracaq və mövcud problemlərin həllinə təkan verəcəkdir.
Sonra Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova məruzə ilə çıxış etmişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən S.Həsənova demişdir ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında geniş ticarət əlaqələri vardır. Hazırda Azərbaycanın dünyanın 27 ölkəsində 650-yə yaxın şirkəti fəaliyyət göstərir.
S.Həsənova qeyd etmişdir ki, Aİ-nin "Avropa qonşuluq siyasəti" Azərbaycanda da uğurla icra olunur. Ötən dövr ərzində Beynəlxalq "Tvinninq" proqramı çərçivəsində səkkiz layihə tamamlanmış, yeddi layihənin icrası davam etdirilir. Bundan əlavə, proqram çərçivəsində altı layihənin də hazırlanması gözlənilir.
Nazir müavini demişdir ki, 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin məbləği 120 milyard ABŞ dolları təşkil edir ki, bunun da yarısı xarici sərmayələrdir. Son səkkiz ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) üç dəfə, dövlət büdcəsinin gəlirləri isə 13 dəfə artmışdır.
Ölkəmizdə özəl sektorun inkişafına da xüsusi diqqət yetirildiyini iclas iştirakçılarının diqqətinə çatdıran S.Həsənova vurğulamışdır ki, bütün bu müsbət dəyişikliklərin fonunda Azərbaycan bir çox çətinliklərlə də üzləşir. Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında olması, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması həm ölkə iqtisadiyyatına, həm də ümumilikdə regionun inkişafına mənfi təsir göstərir.
Nazir müavini qeyd etmişdir ki, yaxın on ildə Azərbaycanın nail olmağa çalışdığı ən mühüm məqsəd orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdir. Bu istiqamətdə konkret işlər görülür, dövlət proqramları icra olunur.
Sonra S.Həsənova iclas iştirakçılarının ölkəmizin Avropaya inteqrasiyası, turizmin inkişafı və digər məsələlərlə bağlı suallarını cavablandırmışdır.
Sonra hesabat ətrafında müzakirələr aparılmışdır. Avropalı deputatlar, ilk növbədə, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişlər.
Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxış edən həmsədrləri Gunnar Hökmark və xanım Çiora Taktakaşvili tədbirə ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirmişlər. Həmsədrlər qeyd etmişlər ki, Azərbaycan sürətlə inkişaf edən, Avropaya inteqrasiya yolu tutan ölkədir. Bu inkişaf avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilir.
Sonra çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ərazilərinin işğalı probleminə toxunmuşdur. Nazir Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirmişdir.
E.Məmmədyarov qeyd etmişdir ki, Azərbaycan bütün qonşuları ilə yaxın münasibətlər qurmuşdur. Gürcüstan və Rusiya ilə münasibətlərimiz yaxşıdır. Aprelin 3-də Rusiya ilə münasibətlərimizin 20 illiyini qeyd edəcəyik. Azərbaycan Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrdən də söz açmış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatarın bu ilin sonunda Bakıdan yola düşəcəyi planlaşdırılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmış, E.Məmmədyarov avropalı deputatların suallarını cavablandırmışdır.
* * *
Elə həmin gün Avronest PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin də iclası keçirilmişdir.
Komitənin həmməruzəçisi İliana Malinova iclası açdıqdan sonra Azərbaycanın təhsil naziri Misir Mərdanov çıxış etmişdir.
M.Mərdanov Azərbaycanda elmin və təhsilin inkişaf dinamikasından danışmış, dövlətin iqtisadi imkanlarının artmasının bu sahələrə də müsbət təsir göstərdiyini vurğulamışdır. Bildirilmişdir ki, son illər dövlət büdcəsindən təhsilə ayrılan vəsait 5 dəfə artırılmışdır. Azərbaycanda 2 min 200 yeni məktəb tikilmiş, təhsilin səviyyəsinin daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmışdır. Nazir bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmişdir. M.Mərdanov demişdir ki, ölkəmizdə həyata keçirilən təhsil islahatı mərhələləri əhatə etmişdir. 2003-cü ildə Azərbaycanın orta ümumtəhsil məktəblərində hər 100 şagirdə 1 kompyuter düşürdüsə, bu gün hər 20 şagirdə 1 kompyuter düşür. Yaxın illərdə bütün şagirdlər kompyuterlə təmin ediləcəkdir. Təhsil sahəsində Azərbaycan Avropa İttifaqı və Avropa Şurası ilə yaxından əməkdaşlıq edir. "Təhsil haqqında" Qanun qəbul edilərkən Avropa Şurasının tövsiyələri nəzərə alınmış, Azərbaycan Bolonya təhsil sisteminə qoşulmuşdur.
2009-2013-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilin inkişafı üzrə Dövlət Proqramı hazırlanmışdır və bu proqram əsasında xaricdə təhsil alan tələbələrin sayı ilbəil artır. Hazırda dövlətlərarası razılaşmalara əsasən 1200-dən artıq azərbaycanlı tələbə xaricdə təhsil alır.
2005-ci ildə Azərbaycan Tempus Proqramına qoşulmuşdur və hazırda 14 təhsil müəssisəsində dərslər bu proqram üzrə keçilir.
Müzakirələrdən sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasından danışmışdır. Bildirilmişdir ki, insan hüquqlarının ən yüksək səviyyədə qorunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. Milli azlıqlar öz dillərində təhsil alırlar. Azərbaycanda siyasi partiya və ictimai təşkilatların fəaliyyəti üçün imkanlar yaradılmışdır.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılmış, avropalı deputatların, ekspertlərin sualları cavablandırılmışdır.
* * *
Komitələrdə dinlənilmiş məruzələr nəzərə alınmış və təsdiqlənmək üçün Avronest PA-nın ümumi iclasına tövsiyə olunmuşdur.
Avronest PA-nın büro iclası və ümumi iclası aprelin 3-də Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 3 aprel.- S. 4.