Azərbaycan sürətlə
Avropa İttifaqına yaxınlaşır
"Azərbaycan həqiqətən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı Azərbaycan öz siyasi, demokratik inkişafına görə də digər dövlətlərdən fərqlənir və Avropa İttifaqı bu fərqi yüksək qiymətləndirir".
Bu sözləri Azərbaycanda səfərdə olan Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləyib. Oqtay Əsədov isə bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avratlantik məkana inteqrasiyadır. Yeni yaranmış Avronest PA-nın ikinci sessiyasının Bakıda keçirilməsi isə buna əyani sübutdur: "Əminik ki, tədbirin iştirakçıları təşkilatçılıqdan razı qalacaq və müzakirə edəcəyimiz məsələlər, qəbul olunacaq qərarlar bizim inkişafımıza çox müsbət təsir göstərəcək".
Oqtay Əsədov bildirib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən yaxın tərəfdaşıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi məsələsində nühüm rol oynayır. Amma təəssüflər olsun ki, Avronestə üzv olan 6 ölkənin dördündə regional münaqişələr mövcuddur. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox soydaşımız erməni təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşüb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri var: "Azərbaycan bu münaqişəni başqa yolla həll etmək iqtidarındadır. Amma hesab edirik ki, başqa yollar Avropanın özü üçün də təhlükəli və arzuolunmazdır. Ona görə də dövlətimizin başçısı, Milli Məclis və xalqımız bu problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır. İnanırıq ki, Avronest də münaqişənin sülh yolu ilə həllində öz dəstəyini əsirgəməyəcək".
Avronest PA-nın həmsədri Kristian Vigenin Assambleyanın sessiyasının yüksək səviyyədə Bakıda təşkilinə görə, Avropa Parlamentinin rəhbərliyi və nümayəndə heyəti adından Azərbaycan dövlətinə və parlamentinə minnətdarlığını bildirib. O deyib ki, yaranmasından bir ildən az müddət keçməsinə baxmayaraq Avronestdə 4 hesabat hazırlanıb. Bu sənədlər Assambleyanın və onun strukturlarının fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcək. K.Virgenin bu hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlar Şərq Tərəfdaşlığına qoşulan ölkələrin inkişafını diqqətlə izləyir: "Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, siyasi, demokratiya və digər sahələrdə də sürətlə inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı sürətlə Avropa İttifaqına yaxınlaşır. Biz bütün bunları yüksək qiymətləndiririk. Əminliklə deyirik ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Avronest regional münaqişələrin həllində güclü təsir müxanizminə malik deyildir. Lakin buna baxmayaraq, biz bütün problemlərin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq. Ümid edirik ki, birgə səylərimiz nəticəsində buna nail olacağıq".
Avronest PA-nın digər həmsədri Boris Tarasyuk Assambleyanın sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Azərbaycanın qurum daxilindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonra görüşdə Avronest PA-nın fəaliyyətinin əsas istiqamətləri, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının genişləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparmışdır.
Azərbaycan.-
2012.- 3 aprel.- S. 4.