Azərbaycan Finlandiya üçün
etibarlı tərəfdaşdır
Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Milli Məclisin Sədri bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradıb. Bu baxımdan siyasi dialoqun davam etdirilməsi məqsədəuyğundur.
Oqtay Əsədov deyib ki, Azərbaycan Finlandiya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu sahədə potensial imkanlar var. Sədr bildirib: "Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsini də önəmli hesab edirik. Nümayəndə heyətlərimiz BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatlarda birgə fəaliyyət göstərirlər. Azərbaycan beynəlxalq təşkilatların parlament qurumları çərçivəsində əməkdaşlığın səmərəliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir. Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan üçün bu sahədə Finlandiyanın təcrübəsi maraqlıdır".
Oqtay Əsədov diqqətə çatdırıb ki, Milli Məclisdə Avronest Parlament Assambleyasının (PA) ikinci plenar sessiyası keçirilir. Bu da Azərbaycanın Avropa İttifaqının layihələrinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Sonra Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan və ölkəmizin Avropa strukturlarına inteqrasiyasına böyük maneçilik törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu problemin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdardır.
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. Erkki Tuomioya Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu ifadə edərək bu münasibətlə xalqımızı təbrik edib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, "Eurovision" mahnı müsabiqəsində qələbəsini yüksək qiymətləndirərək bunu ölkəmizin dünya miqyasında artan nüfuzu ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanın uğurları tək bununla bitmir. Ölkəmiz Avropa İttifaqı, o cümlədən Finlandiya üçün etibarlı tərəfdaşdır. Finlandiya Cənubi Qafqazın bu ölkəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 4.