Azərbaycan ilə Finlandiya arasında əlaqələr yüksək səviyyədədir

 

 Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfərə gələn finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər müzakirə edilən məsələlər ilə bağlı mətbuat konfransı keçirmişlər.

E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.  Nazir finlandiyalı adamlarını Azərbaycana dəvət etmişdir.

E.Məmmədyarov finlandiyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi və ölkəmizin bu məsələnin həll olunması ilə bağlı ədalətli mövqeyi haqqında da məlumat verdiyini demişdir.

Azərbaycana üçüncü dəfə səfər etdiyini bildirən E.Tuomioya hər dəfə ölkəmizdə şahidi olduğu dəyişikliklərin onu heyran etdiyini vurğulamışdır.

Qonaq Azərbaycanın "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qələbə qazanması münasibətilə təbriklərini də çatdırmışdır.

Azərbaycan-Finlandiya əlaqələrinin inkişafından məmnunluğunu bildirən E.Tuomioya Avropa İttifaqı çərçivəsində də əməkdaşlığın faydalı ola biləcəyini diqqətə çatdırmışdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin əhəmiyyətli hadisə olduğunu deyən finlandiyalı nazir ölkəsinin də bu ilin payızında quruma namizədliyini irəli sürəcəyini bildirmişdir. E.Tuomioya demişdir: "Əgər biz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilsək, bir il müddətində bu qurumda Azərbaycan ilə əməkdaşlıq etmək imkanı qazanacağıq. Bu da çox vacibdir".

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 6.