Yaxın vaxtlarda Azərbaycan ilə Litva
arasında 10-dək müqavilə imzalanacaqdır
Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə səfərə gələn Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşmüşdür.
Görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ilə bağlı müzakirələr aparılmışdır. Litvalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti haqqında da məlumat verilmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məqsədi ilə yaxın vaxtlarda 10-dək müqavilənin imzalanacağını qeyd edən E.Məmmədyarov vurğulamışdır ki, humanitar sahədə də əlaqələrimiz yüksək səviyyədədir. Litvanın xarici işlər naziri bir il əvvəl Azərbaycanda olduğunu, ötən müddətdə ölkəmizdə böyük dəyişikliklərin baş verdiyini bildirmişdir.
A.Ajubalis qeyd etmişdir ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlığın inkişafına əlverişli şərait yaradır.
Litvanın Azərbaycan ilə bir çox istiqamətlərdə, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişlənməsində maraqlı olduğunu deyən litvalı nazir yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini də vurğulamışdır.
Humanitar sahədə əlaqələrimizin inkişafının təqdirəlayiq hal olduğunu qeyd edən A.Ajubalis hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Litvada 55 tələbənin təhsil aldığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan litvalı nazir ölkəsinin məsələnin sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 3 aprel.- S. 6.